Əsas Səhifə > Cəmiyyət, Manşet > Eldar Mahmudov 2019-cu ilə səksəkəli adladı

Eldar Mahmudov 2019-cu ilə səksəkəli adladı


4-01-2019, 11:06
Eldar Mahmudov 2019-cu ilə səksəkəli adladı
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2018-ci ili də səksəkə içində keçirdi. Gözlənilən həbs təhlükəsi haqda xəbərlər də ilboyu mətbuatdan əskik olmadı. Belə xəbərlər 2015-ci ildə vəzifəsindən çıxarılandan və komandasının üzvləri həbsə göndərildikdən sonra səngimir. Fakt odur ki, 3 il əvvəl Eldar Mahmudovun adına bağlı olan böyük bir cinayətkar dəstə ifşa olunub, bu ifşa prosesi böyük və dövlətin əsas sütunlarından biri - Milli Təhlükəsizlik Nazirliyinin, ümumiyyətlə, ləğvi ilə nəticələnib.

Ötən il Eldar Mahmudovu 3 dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb ifadəsini alıblar. Eldar Mahmudovu əmisi oğlu və köməkçisi, MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudov barəsində başlanan cinayət işi üzrə ifadə verib. Yada salaq ki, V.Mahmudova dövlət əmlakını mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub. Eldar Mahmudov istintaqa çağırılsa da, onu Vüqar Mahmudovla üzləşdirməyiblər. Bundan başqa, istintaq prosesində Eldar Mahmudovun hələ ki statusu da müəyyən edilməyib. Hər halda, bu haqda geniş ictimaiyyətə açıqlama verilməyib.

Eldar Mahmudovu hər dəfə istintaqa çağırandan sonra mətbuatda həbsinin qətiləşməsi, “bu dəfə həbs olunacaq” kimi kəskin reaksiyalar da olub. Amma Eldar Mahmudovun gözlənilən həbsi reallaşmayıb. “Sabiq naziri həbsdən qoruyan nədir” sualı da çox müzakirə olunan mövzulardandır. Bu mövzuda da ən müxtəlif versiyalar səslənib. Biriləri Mahmudovun vəzifədə olduğu illərdə topladığı kompromatların onu həbsdən kənar saxladığını, digərləri isə onu qoruyan əllərin sərhədsiz imkanları sayəsində azadlıqda qala bildiyini söyləyiblər.

Eldar Mahmudovu həbsə almaq üçün kifayət edən son ifadələri isə onun şəriki, biznesinə nəzarət etmiş Sahib Ağayev verib. Ötən ilin dekabrında Sahib Ağayevin olduqca ilginc ifadələri ortaya çıxıb. Üzə çıxan ifadələrdən belə aydın oldu ki, sabiq nazirin həbsdəki şəriki bildiklərini danışmaqla vəziyyətdən çıxmağa çalışır. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayev Mahmudov haqda bildiklərini gizlətməyib.

İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin sifarişi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş. İmzalanmış müqavilə şişirdilərək 90 milyon göstərilib. Bu məbləğin 30 milyon manatı Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb. Haqqında danışılan müqavilə Maliyyə Nazirliyi ilə “Main İnvestment LTD” arasında razılaşdırılıb. 90 milyon MTN-in büdcəsinə yatırılıb. Bu məbləğin 30 milyonu Dominikan Respublikasındakı şirkətlərdən birinin bank hesabına köçürülüb. Oradan isə Eldar Mahmudovun oğlu Anar Mahmudovun Latviyanın paytaxtı Riqa şəhərindəki şirkətlərindən birinin hesabına köçürülüb. Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində olan cinayət işində şahid qismində Eldar Mahmudov da dindirilib. Eldar Mahmudov şahid qismində dindirilərkən ondan 30 milyonun hara “yoxa” çıxması soruşulmuşdu. Amma sabiq nazir suallara cavabında bundan xəbərsiz olduğunu deyib. Eldar Mahmudova oğlunun şirkəti və biznesi barədə də sual verilib. Digər suallara olduğu kimi, Eldar Mahmudov bu suala da “bilmirəm” cavabını verib. O, oğlunun Riqada və digər ölkələrdə bizneslə məşğul olmasından xəbərsiz olduğunu söyləyib.

Sahib Ağayev isə istintaqa ifadəsində Anar Mahmudovun bir neçə ofşor şirkətlərinin olduğunu təsdiqləyib. Lakin şirkətlərin sayı və adları barədə dəqiq məlumatının olmadığını deyib. Sahib Ağayev həmçinin sabiq nazirin oğlunun Bakıda rəhbərlik etdiyi şirkətlər və biznesi haqda da ətraflı danışıb. O, Eldar Mahmudovun adamlarının xarici ölkələrdə kimlər vasitəsilə ofşor şirkətlər açması, necə idarə etməsini də izah edib. Sahib Ağyev həmin ifadəsində Mahmudovlarla bağlı maraqlı məqamları da açıb. Məhkəmə qarşısına çıxarılan şərikinin ifadələri Eldar Mahmudova, onun oğluna hansı perspektivi vəd etməsi haqda ekspertlərin fikirləri haçalanır. Məsələn, hüquqşünas Əkrəm Həsənov deyir ki, sabiq nazirin şərikinin söylədikləri sənəd-sübutlarla təsdiqini taparsa, Eldar Mahmudov həbs oluna bilər. Əks təqdirdə, onun həbsi mümkünsüzdür. Digər ekspertlərsə Eldar Mahmudovun əleyhinə verilmiş ifadələrdən dolayı həbsini mümkünsüz sayırlar. Bildirirlər ki, ortada olan faktlara hüquqi qiymət verilməsi təmin edilsə idi, sabiq nazir 2015-ci ildə, komanda üzvlərinin həbsindən bir neçə gün sonra qandallanmalı idi. Bu baş verməyibsə, deməli, sabiq nazirin həbs olunmamasının səbəblərini hüquqi müstəvidən kənar axtarmaq lazımdır...

Qeyd edək ki, Eldar Mahmudovun şəriki Sahib Ağayev 2018-ci il yanvarın 17-də Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. O, Eldar Mahmudovun iş ortaqlarından və yaxın adamlarından biri olub.
“Yeni Müsavat”

Geri qayıt