Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağdam qaçqınlarından prezidentə müraciət

Ağdam qaçqınlarından prezidentə müraciət


4-03-2019, 10:20
Ağdam qaçqınlarından prezidentə müraciət
“Hürriyyət”ə daxil olan məktubu ürək ağrısı ilə oxuduq. Məktubda müharibənin ağrı-acısını yaşayan, taleyinə didərginlik, köçkünlük damğası vurulan insanların harayı var.

Həmin məktubu olduğu kimi oxucularımıza çatdırırıq:

“Mən, Hacıyev Teymur Kərəm oğlu Ağdam rayonundan məcburi köçkünəm. Ailəliklə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sanatoriyada məskunlaşmışıq. Ağdamdan çıxanda 13 yaşım vardı, indi isə artıq 40 yaşlı yetkin insanam. Bütün bu illəri əvvəlcə ata-anamla, indi isə həm də həyat yoldaşım və iki oğlumla birgə bu şəraitsiz binada keçirmişəm. 6 nəfərlik ailəmiz heç bir rahatlığı olmayan İki balaca otağa sığınıb.

5 ildir ki, məskunlaşdığımız bina tamamilə yararsız hala düşüb. Kanalizasiya sistemi sıradan çıxdığından bütün çirkab binanın zirzəmisinə axıb gedir. Antisanitariya və üfunət bina sakinlərinin həyatını cəhənnəmə döndərib. 60 il əvvəl inşa edilən yaşadığımız(buna yaşamaq demək olarsa), sanatoriyada bizim ailəmizlə birgə 48 ailə var. İki ailə Cəbrayıl rayonundandır, qalanları Ağdam rayonundan məcburi köçkünlərdir.

7 ay Fövqəladə Hallar Nazirliyinə təpik döyməkdən ayaqlarımız qırıldı. Nəhayət binamıza baxış keçirilib akt tərtib edildi, həmin aktda qeyd olundu ki, binamız qəzalıdı, yaşamaq üçün yararsızdır. Adıçəkilən sənədi götürüb “Qaçqınkom”a getdik. Onlar da bir həftə sonra gəlib adımızı siyahıya saldılar və tezliklə yeni binaya köçürüləcəyimizi bildirdilər.

Həmin gündən artıq 5 ay keçir, hər dəfə zəng edəndə, idarəyə gedəndə “narahat olmayın, müvafiq tədbirlər görülür, dövlət proqramına uyğun olaraq köçürüləcəksiniz, bir az gözləyin” deyərək, bizi arxayınlaşdırıb yola salırlar. Nə qədər gözləyək axı?!

“Müraciət etmədiyimiz qurum qalmayıb, hətta ölkə prezidentinə də məktub ünvanlamışıq, amma dərdimizə əlac edilmir”

Onlara deyirik ki, axı Fövqəladə Hallar Nazirliyi binada qalmağın həyat üçün təhlükəli olduğuna dair akt tərtib edib, bütün elektrik naqilləri üzdədir, kanalizasiya boruları dağılıb, yay-qış binada üfunət qoxusundan dayanmaq olmur, evlərdən elə növbənöv cücülər çıxır ki, bəlkə heç meşədə də elə canlılar yoxdur, bəs bütün bunları bilə-bilə bizi nədən başqa bir binaya köçürmürsünüz? Sözümüzü eşidən yoxdur.

Müraciət etmədiyimiz qurum qalmayıb, hətta ölkə prezidentinə də məktub ünvanlamışıq, amma dərdimizə əlac edilmir.

Mən ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya da məktub yollamışdım. Həmin məktubda yazmışdım: “Mehriban xanım, Siz özünüz dəfələrlə çıxışlarınızda demisiniz ki, qəzalı binaların sakinləri köçürülməlidirlər. Amma nə vaxtdır söz verilsə də, bizi başqa binaya köçürmürlər. Nədən bu prosesi belə uzadırlar axı?

Aidiyyatıdövlət qurumlarının əl-ayağa düşməsi üçün mütləq bədbəxt hadisə baş verməlidir? 48 ailə daş-kəsəyin altında qalıb məhv olmalıdır? Böyükləri demirəm, onsuz da bizim həyatımızı müharibə puç etdi, heç olmazsa, körpələri düşünün, onların gələcəyi məhv olmasın”.

Amma təəssüf ki, bu günədək məktubum cavabsız qalıb.

“Bu yaşımda saçım-saqqalım tamam ağarıb, 80 yaşlı qoca təsiri bağışlayıram”

Keçmiş icra başçısının qəbulunda da olmuşuq. Birinci dəfə bizi normal qəbul edib dinlədi, ikinci dəfə isə “əl çəkin də, mən sözü bir dəfə deyirəm. Mən ev verən deyiləm axı!”,- söyləyib, qapıdan qovdu.

Xəzər rayonunun hazırkı icra başçısının qəbuluna düşməksə ümumiyyətlə mümükün deyil. “Qaçqınkom”un sədri ilə görüşmək də qismət olmadı. Müavini qəbul etdi məni, başıma “sığal çəkib” yola saldı.

İmkan da yoxdur ki, kirayə ev tutub ailəmi burdan çıxarım. Evin tək oğluyam, daimi işim yoxdur, evdə dərzilik edirəm, uniformalar tikirəm. Çox vaxt sifarişsiz qalıram. Uşaqlarım revmatizm xəstəliyinə tutulub, özüm 2012-ci ildən vərəmdən əziyyət çəkirdim. Borclara girib dəfələrlə Türkiyədə, İranda müalicə olunmuşam, şükür, indi yaxşıyam. Amma hələ də banklara faiz ödəyirəm, daha doğrusu, artıq ödəməyə imkanım yoxdur deyə icra məmurları tez-tez başımın üstünü alır. Bu da bir yandan məni sıxır. Yəqin buna görədir ki, bu yaşımda saçım-saqqalım tamam ağarıb, 80 yaşlı qoca təsiri bağışlayıram.

Atam 40 yaşından ikinci qrup əlildir, Ağdamdan çıxanda xəsarət almışdı, onurğası çatlamışdı, 25 ildir iş qabiliyyətini itirib, anam ona qulluq edir. Hazırda 65 yaşı var, 137 manat pensiya alır.

Valideynlərim, mən və oğullarım 22 manat məbləğində aylıq çörək pulu alırıq, 5 nəfər üçün ayda 110 manat edir. Xanımım əslən Ağdamdan olsa da, Sumqayıtda dünyaya gəlib, bu üzdən ona çörək pulu düşmür.

“Özümüz də, övladlarımız da xəstə düşmüşük, səsimizi eşidən, harayımıza hay verən yoxdur”

Hər iki oğlum savadlıdır. Çox istəyərdim ki, yaxşı məktəbdə oxusunlar. Amma maddi imkanım olmadığından sanatoriyada məcburi köçkünlərin uşaqları üçün yaradılan məktəbdə, metlax döşənmiş otaqda təhsil almaq məcburiyyətində qalıblar. Məktəb direktoruna dəfələrlə demişəm ki, Təhsil Nazirliyi qarşısında məsələ qaldırsın, məktəb üçün ayrılan otaq təmir olunsun, ya da heç olmazsa, döşəməyə xalçadan, palazdan bir şey sərilsin. Amma sözlərimə məhəl qoymayıb, buna görə hətta tutaşmışıq da.

Dediyim odur ki, burda məskunlaşan ailələr çox acınacaqlı bir vəziyyətdə yaşayır. Özümüz də, övladlarımız da xəstə düşmüşük, səsimizi eşidən, harayımıza hay verən yoxdur.

Kişi ağlamaz. Qürur deyilən bir şey var. Amma Allah şahiddir ki, Ağdamda hər cür şəraitimiz, rahat evimiz vardı. O zaman nə vaxtsa belə bir duruma düşəcəyimiz ağlıma belə gəlməzdi.

Ümidimiz yenə də ölkə başçısına və onun xanımı, Birinci vitse-prezidentədir. Sizin qəzetiniz vasitəsilə onlara müraciət edirəm və bizi-48 ailəni düşdüyümüz ağır durumdan qurtarmağı onlardan xahiş edirəm. Yerlərdəki məmurlar bizi eşitmir, bizi insan yerinə qoymur. Belə olan halda başqa kimə müraciət edə bilərik ki?!”

Ağdam qaçqınlarından prezidentə müraciət
Ağdam qaçqınlarından prezidentə müraciət
Ağdam qaçqınlarından prezidentə müraciət
Ağdam qaçqınlarından prezidentə müraciət
Ağdam qaçqınlarından prezidentə müraciət

Geri qayıt