Əsas Səhifə > Cəmiyyət, Manşet > İndi də İsfəndiyar Axundovun qardaşı oğlunun adı mənzil qalmaqalında hallanır…
İndi də İsfəndiyar Axundovun qardaşı oğlunun adı mənzil qalmaqalında hallanır…12-04-2019, 09:10 |
Adil Hüseynov, Pərviz Həsənov, Tariyel Seyidov, Elmira Rəhimova, Solmaz Cəfərova, Fəxriyyə Camalova, Simuzər Əliyeva, Adil Nəcəfov, Xanımnaz Allahverdiyeva, Səxavət Əliyev, Əhməd Qəribov, Orxan Azadlı və Nazim Müzəffər adlı Azərbaycan Respublikası vətəndaşları “Bakı-Xəbər” qəzetinə şikayət ünvanlayaraq bildirirlər ki, mənzil qalmaqalı mövzusunda başlarına açılan müsibətlə bağlı yeganə çıxış yolu məsələni ictimailəşdirib problemlərinin həllinə nail olmaqdır. Şikayətçilərin sözlərinə görə, 15-ə yaxin ailə 2011-ci ildə Xocalı prospektində bina inşa edən “Hom Pash Prestij” şirkətindən mənzillər alıb: “Uzun müddət kirayələrdə qalıb mənzillərimizin yaxın zamanda bizə təhvil verilməyini gözləyirdik. 2015-ci ildən MTK-nın icazəsi ilə bir çoxumuz mənzilləri təmir etmişik, aramızda mənzillərə köçənlər də var. Fəqət, gözlənilmədən 2016-ci ildə məhkəmə icraçıları gəlib bizə məlumat verdilər ki, bu mənzillər artıq bizim deyil, İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundovundur. Sonradan bilmişik ki, demə, neçə illərdi bizim mənzillərlə bağlı məhkəmə işləri gedirmiş. Eldəniz Axundov bizim xəbərimiz olmadan MTK-nı məhkəməyə verib və baxmayaraq ki, onun bu mənzillər üçün heç bir ödəniş qəbzləri yoxdur, hansısa yollarla, məhkəmənin köməkliyi ilə bizim mənzillərə yiyələnib. Hazırda mənzillərimiz əlimizdən alınıb və məskunlaşmış sakinlər hər gün evdən qovulacaqları ilə hədələnirlər”. Şikayətçilər bildirirlər ki, onlar müxtəlif hökumət orqanlarına bununla bağlı şikayətlər ediblər: “Bizim şikayətimiz əsnasında Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən aparılan istintaqın gedişatında müəyyən edilib ki, əslində, E.Axundov bu mənzillərə heç bir pul ödəməyib və bu mənzilləri borc əvəzi girov saxlayıb. İstintaqın yekun nəticəsi də bizim bu mənzillərin əsl sahibi olmağımızı təsdiqləyir. Maraqlısı odur ki, istintaqın bu nəticəsi də biz sakinlərin vəziyyətini heç cür yüngülləşdirmir. Biz sakinlər dəfələrlə bu yeni faktları məhkəmə sədrinə və həmçinin, rayon məhkəmələrinə bildirərək, hüquqlarımızı tanıyaraq, əvvəlki ədalətsiz qərarı ləğv etməyə çağırmışıq. Buna baxmayaraq, məhkəmələr hələ də bu 15 ailənin haqlarını tapdalayaraq oliqarxın xeyrinə qərarlar çıxarırlar. Sizdən artıq dərəcədə xahiş edirik ki, məsələnin ədalətli həlli üçün problemimizi ictimailəşdirməkdə bizə köməklik göstərəsiniz və bizim haqqımızın tapdanmaması üçün səylərinizi əsirgəməyəsiniz”. Şikayətçilər bildirirlər ki, həmin binadan alınan təmirsiz mənzilin minimum qiyməti 150 min manatdır: “Elələri var ki, mənzilini əla təmir edib. Ümumi məbləği hesablayanda bizə dəyən ziyanın məbləği 3 milyondan artıq edir”. “Bakı-Xəbər” qəzeti olaraq biz “Hom Pash Prestij” şirkətinin rəhbəri, türk vətəndaşı olan Hikmət Yigitböllə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bunları bildirdi: “Mən vətəndaşların yanındayam. Onlara böyük haqsızlıq edilib. Ancaq sizi əmin edirəm ki, bu işdə ən böyük zərəri elə mənim özüm çəkmişəm. Biznes aləmində “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun qardaşı oğlu olan Eldəniz Axundov öz şəxsi əlaqələrindən istifadə edərək, bizim başımıza bu oyunu açıb. Axundov həmin mənzillərə bir qəpik də olsun pul ödəməyib. Onun özü bunu izahatlarında da qeyd edib. Artıq mən məcbur olub bu şirkəti Qabil Əliyev adlı adama təhvil verirəm, ancaq səhmləşmə prosesi həyata keçirilmədiyi üçün, mən mənzilləri tikən qurumun rəhbəri sayılıram. Eldəniz Axundovun bizimlə bir barter razılaşması vardı. O bizə 10 hektar torpaq verəcəkdi, biz isə ona mənzil. Sonra gəlib dedi ki, barter istəmir. Razılaşmanı pozmalı olduq. Hətta təzminat olaraq məndən 60 min manat pul da aldı ki, mənzil iddiasından tam əl çəksin. Mən ona 60 mini ödəmişəm və bütün kağızları ondan aldım. Sonra gəldi bizim yeni tikintilərdən birindən evlər aldı və 600 min manata yaxın pul ödədi. Bina vaxtında bitmədiyi səbəbindən məhkəmələrə üz tutdu və dediyiniz mənzillərin də ona aid olduğuna dair iddia qaldırdı. Həmin vaxt mən Türkiyədəydim. Bir də xəbərim oldu ki, Axundov ona zərrə qədər də aidiyyəti olmayan mənzilləri də ələ keçirib. Mən zərərçəkən vətəndaşların yanındayam”. Geri qayıt |