Əsas Səhifə > Cəmiyyət, Manşet > "İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"17-04-2019, 09:54 |
İmşli rayon Rəsullu kənd sakini Qafarov Nurməmməd Cəmil oğlu Conflict.az-a müraciətində bildirir ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş “Asan xidmət” kompleksinə qarşı ciddi təhlükə var. N.Qafarov əməkdaşımızla söhbətində əlavə olaraq qeyd edir ki, bu təhlükə məhz İmişli rayon rəhbərliyinin səlahiyyətində olmayan əraziyə verdiyi sərəncamdan sonra yaranıb. - Uzun illərdir ki, həmin ərazidə mənə məxsus yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Ölkə qanunlarına müfaviq olaraq mütəmadi texniki təhlükəsizlik məsələlərinə ciddi riayət edirik. Bir müddət öncə mənə məxsus yanacaqdoldurma məntəqəsinin yaxınlığında, ölkə Prezidentinin ən uğurlu layihələrindən biri olan “Asan xidmət” mərkəzi inşa edildi. Əksər rayon sakinləri kimi bu məni də çox sevindirdi. Lakin bu sevincim uzun çəkmədi. Belə ki, İmişli rayon Qaravəlli kənd sakini, Bakı şəhərində yaşayan Mahmudov Hilal Ərəstun oğlu mənə məxsus yanacaqdoldurma məntəqəsinə yaxın ərazidə restoran inşa etdirdi. Onu da qeyd edim ki, həmin obyektin inşa edildiyi ərazi Ekologiya və Təbii Sərvətlər nazirliyinin balansında olan meşə zolağına aiddir. Lakin o da məlumdur ki, Hilal ETSN-nin nəzarətində olan meşə zolağından özbaşına istifadə edə bilməz. Məsələnin ən qəribə tərəfi isə İmişli rayon İcra Hakimiyyətinin həmin əraziyə tikinti üçün qanunsuz sərəncam verməsidir. Ölkədə padışahlıq üsul-idarəsi deyil ki, “mən hardayam ora mənimdir” prinsipi ilə əyalət idarə olunsun? Əgər ETSN-nin səlahiyyətlərini də İmişli rayon icra hakimiyyəti mənimsəyəcəkdirsə, o halda bu nazirliyin saxlanılmasına nə ehtiyac var? 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi N.Bəşirovun 05.01.2016-cı il tarixdə imzaladığı rəydə həmin ərazinin nazirliyə məxsus olduğu açıq-aydın görünür. Belə olan təqdirdə İmişli rayon İcra Hakimiyyətinin sərəncamı qanuna zidd olmaqla yanaşı, vəzifə səlahiyyətlərini aşmaqdır. Görəsən İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyi bir həqiqəti nə üçün qəbul etmək istəmir ki, inşası üçün sərəncam verdikləri restoranda manqal xörəkləri hazırlanan zaman kiçik bir qığılcımın yanacaqdoldurma məntəqəsinə düşməsi böyük faciəyə səbəb olar? Görəsən həmin an məsuliyyət kimin üzərinə düşəcək? Sərəncam verənin, restoran sahibinin, yoxsa əvvəlcədən xəbərdarlıq edən mənim? Axı nəyinsə, hansı marağınsa xatirinə, kimlərinsə himayəsindən istifadə etməklə böyük bir faciənin baş verəcəyinə necə göz yummaq olar? Əgər bir tikili məhv olarsa onu daha yenisi ilə əvəz etmək olar. Bəs İmişlidəki səlahiyyətlilər insan həyatını nə ilə əvəz edəcəklər? Mən ölkə Prezidentinə və müxtəlif instansiyalara rəsmi müraciət etmişəm. Mətbuat vasitəsilə də müraciət edirəm, cənab Prezident əyalətdəki nümayəndələriniz insan həyatı ilə oynayırlar. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova səslənirəm, İmişlidə insan həyatına və Prezidentin layihəsinə ciddi təhlükə var, gec olmadan qarşısını alın. Mövzuya qayıdacağıq. Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdı. Geri qayıt |