Əsas Səhifə > Cəmiyyət, Manşet > Oqtay Əsədovun qardaşı oğlunun şirkəti növbəti 5 milyonluq tenderi qazanıb...
Oqtay Əsədovun qardaşı oğlunun şirkəti növbəti 5 milyonluq tenderi qazanıb...24-05-2019, 11:09 |
Mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatı üzrə “Arash Medical Company” MMC ilə iki müqavilə imzalayıb. “Marja” Dövlət satınalmaları reyestrinə istinadla xəbər verir ki, alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edir. Avadanlıqlar Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasına veriləcək. Müqavilələr fevral ayında keçirilən tenderdən sonra imzalanıb. “AzPolitika.info” xatırladır ki, sözügedən şirkət artıq 10 ilə yaxındır Səhiyyə Nazirliyinin tenderlərinin dəyişilməz qaliblərindən biridir. Qısa araşdırma göstərir ki, şirkət bu illər ərzində təkcə Səhiyyə Nazirliyi xəttilə 10 milyon dollarla ölçülən tenderləri udub. Təəssüf ki, Azərbaycanda tenderlər sahəsi heç də ən şəffaf istiqamətlərdən biri sayılmır. Onu da qeyd edək ki, mətbuatda “Arash Medical Company” MMC-nin rəhbəri Cavid Əsədovun Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu olduğuna dair məlumatlara rast gəlinir. Bunu nəzərə alsaq, sözügedən şirkətin uğurlarının təsadüfi olmadığı barədə təsəvvür yarana bilər… Qeyd edək ki, “Arash Medical Company” ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb. Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” həmin il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender “udub”. Təhsil Nazirliyi Azərbaycan Tibb Universiteti də 2010-cu ildə “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb. Bu şirkətin təkcə 2011-ci ildə Səhiyyə Nazirliyi və bəzi dövlət təşkilatlarından aldığı sifarişin həcmi 25 092 910,98 manat olub. Sonrakı illərdə də bu temp saxlanılıb. Şirkət elə olub ki, bir ildə düz 72(!) müsabiqəni udub. Sözügedən şirkət, məsələn, 2013-cü ildə də 57 satınalma üzrə müxtəlif səhiyyə qurumlarına 53 830 518,38 manatlıq satış xidməti göstərib. Vəsaitlərin çoxu təmir-tikinti işlərinə gedib. 2014-cü ildə “Arash Medical Company” MMC 20 tenderdə 19 998 897,06 manatlıq iş qazanıb. “Araş Medikal” MMC-dən də 24 tender üzrə 860 717 manat, ümumilikdə 20 859 614,06 manatlıq xidmət satın alınıb. Eyni temp sonrakı illərdə də davam etdirilib. Məsələn, təkcə 2015-ci ilin 6 ayında “Arash Medical Company” müxtəlif qurumlardan 21 608 222,38 manatlıq 22 tender, “Araş Medikal” MMC isə 342 235,63 manat dəyərində 8 sifariş alıb. Bir neçə il ərzində sözügedən şirkət təqribən 150 milyon manatlıq tenderin podratçısı olub. Və göründüyü kimi, bu ilə də 5 milyon 726 min manatlıq tenderlə start verilib. Qeyd edək ki, son zamanlar mətbuatda Oqtay Əsədovun ailə üzvlərinin biznes şəbəkələri ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Spikerin son səfəri isə korrupsiyaya müharibə elan edən Ukrayna prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi keçirilən Kiyev şəhərinə olub…(AzPolitika.info) Geri qayıt |