Əsas Səhifə > Cəmiyyət, Manşet > "Sözün əsl mənasında bürokratizmlə məşğuldurlar"

"Sözün əsl mənasında bürokratizmlə məşğuldurlar"


30-05-2019, 17:57
"Sözün əsl mənasında bürokratizmlə məşğuldurlar"
Dövlət Sərhəd Xidmətindən yaşla əlaqədar ehtiyata buraxılmış hərbi qulluqçu Məlahət Yusifova Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti təqdim edib.

M.Yusifova Səbail bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması vəzifəsinin buna məsul olan cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.12.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmayıb. Məhkəmənin qəbul etdiyi qərarla razılaşmayaraq apelyasiya şikayəti verib, qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş edib. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 4 aprel 2019-cu il tarixli qərarı ilə şikayət təmin olunmayıb. Təqaüddə olan hərbçi xanım Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının iş üzrə qərarını əsassız və qanunsuz olduğunu deyib. Bildirib ki, qərar ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbim təmin edilməlidir: “Qanunu kənara qoyub kimlərinsə mülahizələrinə əsaslanıb qərar verirlər. Qanunla mənə xidmətlərimə görə fərdi yaşayış evi tikməyim üçün torpaq sahəsi ayırmalıdırlar”.

"Sözün əsl mənasında bürokratizmlə məşğuldurlar"

M.Yusifova məmur özbaşınalığından şikayətçidir. Vaxtilə Milli Təhlükəsizlik Nazirliyində, sonradan isə Dövlət Sərhəd Xidmətində, ümumilikdə 18 il qüsursuz xidmət etmiş M.Yusifova təqaüdə göndəriləndən sonra, nəhayət ki, kirayədə yaşamaqdan qurtulmaq qərarını verib. Bunun üçün təqaüddə olan hərbçi xanım “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması ilə əlaqədar Səbayel Bələdiyyəsinə dəfələrlə müraciət edib: “Ailəm böyükdür, ona görə də dövlətin hərbi qulluqçulara verilməsini qanunla təsbit etdiyi torpaq sahəsi alıb, ev tikmək istədik. Baxmayaraq ki, qanunvericilikdə hərbi qulluqçunun müraciət etdikdən sonra 6 ay müddətində torpaq sahəsi almaq hüququ olduğu göstərilir, iki ildir ki, bizim müraciətlərə baxılmır.

"Sözün əsl mənasında bürokratizmlə məşğuldurlar"

Bu gün hamımıza bəllidir ki, ölkəmiz bütün sahələrdə qadınların fəal iştirakı sayəsində çox irəli gedib. Bu faktlar danılmazdır. 18 ildən artıq silahlı qüvvələrdə hərbi xidmət keçmişəm. Həyatımı bu sahəyə həsr etmişəm və yaş həddinə görə ehtiyata buraxılmışam. Dövlətimizin qəbul etdiyi qanunlara müvafiq olaraq torpaq sahəsi almaq üçün müraciət etdiyim orqanlar məni get-gələ salıb. Sözün əsl mənasında bürokratizmlə məşğuldurlar. Bu qədər süründürməçilik olarmı?! Müraciətlərə Səbayel Bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov cavab olaraq bildirir ki, onlara aid torpaqların hüdudları, torpaq növləri, ölçüləri, habelə elektron xəritəsi müəyyənləşdikdən sonra mənə torpaq sahəsi ayrılmasına baxıla bilər. Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini isə mənə bələdiyyələrə aid qanunları xatırladır. O, qanunları mənə xatırlatmaqdansa, dəvət edib istəyimə əsasən başqa bir bələdiyyədən fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmasına göstəriş verə bilərdi. Əgər baş idarələrdə oturan böyük məmurlar qadınların hüquqlarını belə pozurlarsa, yerlərdə fəaliyyət göstərən kiçik məmurlardan nə gözləmək olar?! Bu məmurlar bilərəkdən və ya bilməmizlikdən mənə torpaq sahəsi ayrılmasında maraqlı deyillər”.

M.Yusifova qanunla ona verilməli olan torpaq sahəsini alana qədər mübarizə aparacağını vurğulayıb.
Musavat.com

Geri qayıt