Əsas Səhifə > Cəmiyyət, Manşet > MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI”

MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI”


1-06-2019, 12:34
MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI”
Azərbaycanda uzun illər biznes subyektlərinin ən ağrılı yeri olan vergi və gömrük orqanlarının fəaliyyətində dönüş yaradılmasının əhəmiyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur. İnsafən hər iki orqanda, xüsusilə də vergi sistemində əhəmiyyətli dəyişikliklərin olduğu, sahibkarların nisbətən rahat nəfəs almağa başladığı müşahidə olunur.

Gömrük orqanlarında da ciddi islahatların aparıldığı, rüşvətin yığışdırıldığı və bu bu sahədə qanunların hər şeyin üzərində olduğuna dair qurum rəhbərliyi tərəfindən tez-tez bəyanatlar verilir. Lakin bu orqanla təmasda olan sahibkarlardan və fiziki şəxslərdən qurumun fəaliyyətilə bağlı şikayətlər kifayət qədər çoxdur. Şikayətlər birbaşa rüşvət alınması faktları ilə bağlı olmasa da, malların müxtəlif bəhanələrlə anbarlarda boşaldılması və buna görə əlavə haqq alınmasından tutmuş idxal olunan malların, avtomobillərin və s. məhsulların qiymətinin gömrük əməkdaşları tərəfindən real dəyərindən baha qiymətə rəsmiləşdirilməsinə, buna görə də artıq rüsum alınmasına qədər bir çox halları əhatə edir.

“Bu işə görə bir çox gömrük məmurları dəyişdirildi…”

Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılığa səbəb olan sahələrdən biri də karqolarla bağlıdır. Məlum olduğu kimi bir müddət əvvəl inhisarçılıqla, haqsız rəqabətlə və s. neqativ hallarla mübarizə elan edilərək, gömrükdə şəffaflıq yaradıldığı bildirildi. Artıq sahibkarların ölkəyə idxal etdikləri malları hansısa karqo şirkətləri tərəfindən deyil, öz “VÖEN”ləri vasitəsilə rəsmiləşdirməli olduqları elan olundu. Bundan sonra doğrudan da karqolar sahibkarlara əvvəlki “xidmətləri” göstərməkdən imtina etməyə başladılar. Bu o demək idi ki, nə sahibkarlar, nə də karqo şirkətləri vergidən yayına bilməyəcəkdi, ölkədə normal rəqabət mühiti yaranmasına və sahibkarların mal qalıqlarının “ağardılmasına” yəni rəsmiləşdirilməsinə imkan yaranacaqdı.

Lakin son zamanlar sahibkarlardan karqo şirkətlərinin yenidən “dövrəyə girdikləri” barədə məlumatlar daxil olmaqdadır. Məsələn, “AzPolitika.info”nun poçtuna özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından daxil olan və Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanlanan məktubda deyilir ki, karqolar təkcə öz birbaşa vəzifələrilə, yəni sadəcə malların daşınmasıyla məşğul deyillər. Onlar, həm də idxal olunan malların vergi və gömrük rüsumundan müxtəlif yollarla yayındırılmaqla sənədləşdirilməsini həyata keçirirlər: “Ölkə rəhbərliyinin məlum qərarları ilə sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz “VÖEN”ləri vasitəsilə ödəyəcəklərdi. Və bununla da məlum karqo sistemi ləğv olunacaqdı. Hətta bu işə görə bir çox gömrük məmurları da dəyişdirildi. Bəs hanı karqoların məlum “xidmətləri” ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?…”

Qeyd olunur ki, söz verilsə də, bu sahədə nizam-intizam yaradılmayıb: “Eyni firmadan məhsul alan sahibkar öz adına mal gətirdiyi zaman gömrük rüsumu yüksək olur, amma karqo ilə gətirdikdə ucuz başa gəlir. Çünki sahibkar məhsulu öz adına gətirdikdə rəsmi faktura ilə sənədləşdirir. Karqolar isə fakturaları və məhsul kodlarını dəyişirlər. Nəticədə, qanuni şəkildə öz adına mal idxal edən sahibkar eyni məhsulu daha baha satmağa məcbur olur, karqo ilə gətirənlər isə gömrük xərcləri az olduğu üçün ucuz satırlar. Bununla da bazarda haqsız rəqabət yaranır. Həmçinin, bu yolla həm sahibkarlar həm də karqolar vergidən yayınmış olurlar.”

“Karqo şirkətləri saxta şirkətlər açaraq, malları öz adlarına rəsmiləşdirirlər…”

Sahibkarlar bildirirlər ki, əslində karqo şirkətləri gömrük rəsmiləşdirilməsində iştirak etməməlidir: “Ümumiyyətlə, dünya təcrübəsində karqo şirkətləri yalnız malın daşınması üçün göstərdikləri xidmətin haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini sahibkarlar öz “VÖEN”lərilə həyata keçirməlidirlər. Bizdə isə karqo şirkətləri saxta şirkətlər açaraq, malları öz adlarına rəsmiləşdirir və vergi fakturasını dəyişərək, ölkəyə idxal edirlər. Hətta onlar malların gömrük kodlarını da dəyişirlər. Biz türk iş adamları olaraq, bu saxta, fakturasız mal satışlarından, qarşılığı olmayan bəyannamələrdən bezdik, usandıq. Nədən bizi karqo şirkətlərinin qucağına atdılar? Hanı karqo saxtakarları yox ediləcəkdi, hanı rəqabət olacaqdı, hanı hər kəs gətirdiyi malın vergisini ödəyəcəkdi?…”

O da bildirilir ki, karqo şirkətləri bir “tırın” içərisinə 20-30 iş adamının malını yükləyib, 5-6 fiziki şəxs adına rəsmiləşdirərək, Azərbaycana idxal edirlər. Nəticədə həm büdcəyə az vergi ödənir, həm də haqsız rəqabət mühiti yaranır.

Bütün bunlardan gömrük orqanlarının xəbərsiz olması isə o qədər də inandırıcı görünmür. Elə bu səbəbdəndir ki, bir çox iş adamları gömrük orqanlarını həmin karqo şirkətlərilə ya əlbir olmaqda, ya da bu şirkətlər hansısa iri məmur-oliqarxların himayəsində olduğundan onların fəaliyyətinə göz yummaqda günahlandırırlar.

Qeyd olunanlarla bağlı Dövlət Gömrük Komitəsinin də mövqeyini işıqlandırmağa hazırıq./azpolitika.info/

Geri qayıt