Əsas Səhifə > Cəmiyyət, Manşet > “İki manata görə gəlib işığı kəsmişdilər”

“İki manata görə gəlib işığı kəsmişdilər”


24-06-2019, 15:47
“İki manata görə gəlib işığı kəsmişdilər”
Şabran Mərkəzi Xəstəxanasında xadimə işləyən Rəsmiyyə Bağırova şəhər mərkəzindən uzaqda, Dəvəçikənd ərazisinə yaxın yerdə tənha yaşayır.

Evin düz-əməlli hasarı yoxdur. Yaşayış yerinin vəziyyəti həm də Rəsmiyyənin sosial durumundan xəbəri verir.

“Cəmi 130 manat maaş alıram”

Danışır ki, hər şey göründüyündən də pisdir: “Çoxlu borclarım yaranıb. Banka, qızların toylarına, mebellərə görə ayrı-ayrı adamlara. Cəmi 130 manat maaş alıram. Bunun 51 manatını bank tutur. Mebelə görə borclu qaldığım adam kartı əlimdən alıb. Qalan pulu da o götürür. Son bir ildə belədir. Tamam ağır vəziyyətə düşmüşəm”.

Rəsmiyyə əvvəl bu evdə həyat yoldaşı və iki qızı ilə yaşayıb. Səkkiz il əvvəl əri vəfat edib. Bundan az sonra böyük qızı, bir il əvvəl isə kiçik qızı ailə həyatı qurub. Nəticədə müəyyən xərclər yaranıb. Onsuz da cüzi maaşa işləyən Rəsmiyyənin vəziyyəti çox ağırlaşıb.

Rəsmiyyə Bağırova bundan sonra hələ təxminən dörd il borc ödəyəcəyini söyləyir: “400 manat borcum olan adam var, faiz sayıb, indi deyir, 1100 manat borclusan. Mən heç o 400 manatı ödəyə bilmirəm”.

“İki manata görə gəlib işığı kəsmişdilər”

Rəsmiyyə maaş kartından istifadə edə bilmədiyindən kommunal xidmətlərin haqqını ödəməkdə çətinlik çəkir. Deyir ki, yeddi-səkkiz aydır su pulunu verə bilmir:

“Borc 50 manata çatıb. İki manata görə gəlib işığı kəsmişdilər. Qışda soyuqda qaldım. Ayda 25-28 manat yazırdı, çatdırıb ödəyə bilmirdim”.

Qızları da ona əl tuta bilmir. Çünki onlar da çətin şərtlər altında yaşayırlar: “Qızım bir neçə dəfə kommunal xərclərə kömək eləyib. Bir də toyları yola verməyə çalışırlar. Çağırırlar, borcluyuq deyə, pul atmalı oluruq. Buna qızlar əl uzadır”.

Kommunal xidmətlərə görə həm dövlət qurumlarının işçiləri, həm də borclu olduğu adamlar gəlib həyətdə səs-küy salır. Rəsmiyyə bunun üçün çox xəcalət çəkdiyini deyir. Danışır ki, hətta polislə də hədələyirlər.

Rəsmiyyə Bağırova sosial yardım üçün müraciət etməyib. Amma deyir ki, müraciət etsəydi belə, ona yardım ayrılmayacaqdı:

„Çünki mənasızdır, Şabranda tanıdığım nə qədər adama bir bəhanə ilə “yox” deyiblər“.

“Dörd-beş gün ardıcıl ac yatıram”

İş yoldaşları da onun vəziyyətinin ağır olduğunu bilir. Deyir ki, bəlkə də, maaşı artıb, kart özündə olmadığından, xəbəri yoxdur. Amma artsa belə, heç nə dəyişməyəcək: “Heç o 130 manata da dolanmaq mümkün deyil”.

Rəsmiyyə deyir ki, bəzən günlərlə ac qalır:

“Yaxında qohum var, gedib qapısını döyürəm ki, sən Allah, mənə bir çörək al ver, yeyim. Qohumlar üç manat, beş manat kömək eləməyə çalışır. Bəzən dörd-beş gün ardıcıl ac yatıram. Çörəyi suya batırıb yeyirəm. Aylarla evdə yağ olmur ki, nəsə bişirib yeyim”.

Evə dolanışıq üçün yetərincə pul gəlmədiyindən qadın vəziyyətdən başqa çıxış yolları düşünür. Rayonda müxtəlif adamlara ev işlərində kömək edir – paltar, yun yuyur, pəncərə silir. Xaçmaza, Qubaya əkin sahələrində işləməyə gedir:

“Ora getməyə də yolpulu çox çıxır. Uzağı 15 manat verirlər. Səhhətim də işləməyə imkan vermir. Günün altında nə zülmlə işləyirəm. 12-14 saat çöllərdə oluram. Məcburam getməyə. Acından ölürəm”.

Rəsmiyyə “heç kimim yoxdur” deyir. Əslində, qızlarından başqa, bir qardaşı və bir bacısı var. Bacısı da onun kimi həyat yoldaşını itirib, sosial qayğıların içində itib-batıb: “Qardaşım öz ailəsini güclə saxlayır. Dənizə gedir, bax, indi üç ay evdə oturacaq. Çimərlik mövsümündə iş olmur”.

Qadın heç bir ümid yeri olmadığını deyir. Təqaüdə çıxmağına da hələ çox var: “Vəziyyət o qədər pisdir ki, adam qocalmağı arzulayır. 54 yaşım var hələ. Ümid qalır qocalıb pensiya almağa…”

Geri qayıt