Əsas Səhifə > Cəmiyyət, Manşet > Fermerlər dad çəkir, KTN isə Hafiz Hacıyevlə uğraşır
Fermerlər dad çəkir, KTN isə Hafiz Hacıyevlə uğraşır24-07-2019, 11:21 |
“4 hektardan artıq ərazidə pambıq əkmişəm, amma tarlaya su verilməməsi səbəbindən kollar quruyur, əməyim heçə gedir”. Salyan rayonunun Şorsulu kənd sakini Pərvin Sadıqov Ovqat.com-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, rayonda su hər fermerə verilmir: “Kim rüşvət verirsə, suyu da o ala bilir”. Fermer Pərvin Sadıqovun pambıqçılığa meyllənməsi təsadüfi olmayıb. Prezident İlham Əliyevin 28 mart 2017-ci il tarixində respublikada pambıqçılığın inkişafına həsr olunmuş müşavirədə söylədiyi bəzi fikirlər Pərvin Sadıqovu da qollarını çırmalayıb bu işə girişməsinə təşviq edib. Əlində, ovcunda nə qədər pulu var, toplayıb pambıq əkininə yatıran Pərvin Sadıqov bu il acı sürprizlə qarşılaşıb. Məlum olub ki, Salyanda Prezidentin sözünü eşidən, onun iqtisadi prioritet hesab etdiyi sahələrə diqqət ayıran bir Allah bəndəsi yoxdur. Kür çayının sahillərində yerləşən bu rayonda kənd təsərrüfatı məhsulu yetişdirmək üçün su tapmaq mümkün deyilmiş. Baxmayaraq ki, Salyan rayonunda əkinçiliyin inkişafına ölkə başçısı xüsusi diqqət göstərib, su-meliorasiya işlərinə böyük vəsaitlər ayırıb. Təkcə bu ilin əvvəllərində Salyan və Sabirabad royanlarında qış otlaqlarının və tarlaların suvarılması üçün dövlət büdəcəsindən 30 milyon manat ayıran Prezidentin müvafiq Sərəncamında belə deyilir: “Son illərdə respublikada pambıqçılığın, taxılçılığın, digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi məqsədilə müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə, aqrar sektorun inkişafına, ən mütərəqqi standartlar səviyyəsində aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaratmışdır. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təminatında xarici bazardan asılılığın azaldılmasına, ixracyönümlü məhsulların istehsal həcminin artırılmasına və bununla da regionların davamlı inkişafına nail olunmuşdur”. Fermer isə pambıq sahələrini ildə iki dəfə belə suvara bilmir. Həmsöhbətimizin bildirdiyinə görə isə, Salyan rayonunda su-meliorasiya tədbirləri adı altında yaradılan fürsətdən kiçik fermerlərin istifadə etmək imkanları yoxdur: “Su balıqçılıq təsərrüfatları üçün yaradılan vətəgələrə verilir. Bizim kimi zavallı fermerlər isə ildə iki dəfə belə, təsərrüfatlarımızı suvara bilmirik. Balıqçılıq təsərrüfatları isə rayonun və respublikanın rəhbər şəxslərinə məxsusdur”. Bununla əlaqədar, dəfələrlə rayon icra hakimiyyətinə şəxsən müraciət edən, KTN-nin qaynar xəttinə zəng edən fermerin şikayətinə isə baxan yoxdur. Ümidi hər yerdən kəsilən Pərvin Sadıqov çarəni saytımız vasitəsilə Prezdentə şikayət etməkdə görür: “Cənab Prezident, Siz dəfələrlə etdiyiniz çıxışlarda pambıqçılığın inkişafı üçün əlaqədar qurumlara müvafiq göstərişlər veribsiniz. Hətta məhsullarlığı 20 sentnerə yüksəltməyi tapşırmısınız. Məhsuldarlığın yüksəlməsi üçün pambıq sahələri suvarılmalı, lazımi aqrotexniki tədbirlər görülməlidir. Biz isə min bir əziyyətlə ərsəyə gətirdiyimiz tarlaları suvara bilmirik. Sizdən xahiş edirəm ki, rayonlarımızda, o cümlədən Salyanda baş alıb gedən bu özbaşınalığın qarşısını alasınız”. Qeyd edək ki, Prezidentin 2016-cı ildən bəri az qala bütün müşavirələrdə tapşırığına baxmayaraq, pamçıqçılıqda məhsuldarlığı 20 s/ha-ya yüksəltmək mümkün olmayıb. Ötən ilin göstəricilərinə görə, respublika üzrə bu göstərici 17.5 s/ha olub. Məhsuldarlıqda ən geridə qalan rayonlardan biri də Salyan rayonu idi - 14,5 s/ha. Yəni respublika ortalamasından hardasa 30% aşağı. Bir çoxları bunun səbəbini Salyan torpağının pambıqçılıq üçün yetərli aqro-texniki mühitə uyğun olmaması ilə əsaslandırsalar da, fermer Pərvin Sadıqovun dilə gətirdiyi həqiqətlər məsələnin heç də təbii mühitdən qaynaqlanmadığını göstərir. Belə aydın olur ki, Salyan fermerlərinə pambıq yetişdirmək üçün əlverişli şərait yaradılmır, KTN isə… KTN-də isə maraqlı kadr dəyişiklikləri baş verir. Və bu dəyişikliklər sanki zərurətdən deyil, kimlərəsə mesaj vermək xarakteri daşıyır. Belə ki, bir neçə gün öncə Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev nazir İnam Kərimovu rəhbərlik etdiyi nazirliyi xanımlar klubuna çevirməkdə ittiham etdiyi halda, KTN-dən onun çağırışına qeyri-adi cavab gəldi. Dünən nazirliyin yaydığı məlumata əsasən, Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin (İH) üzvlərinin təyin olunması barədə əmr imzalayıb. Əmrə əsasən, səhmdar cəmiyyətinin sədri vəzifəsi Leyla Məmmədovaya tapşırılıb. Qeyd edək ki, Leyla Məmmədova həm də ötən ilin 15-də təsis olunan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru təyin olunmuşdu. Tam 1 ildən sonra eyni xanıma ikinci vəzifə. Belə görünür ki, bundan sonra KTN-də satan da, alan da eyni şəxs olacaq. Fermerlərin isə canı cəhənnəmə! Geri qayıt |