Əsas Səhifə > Cəmiyyət, Ana xəbərlər > Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım

Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım


16-09-2019, 08:38
Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım
Maliyyə Nazirliyi bu il ilk dəfə “dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” (“İlkin büdcə bəyanatı”) yayıb.

Bəyanatda bildirilir ki, büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi istiqamətində növbəti addım olacaq sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.

Bununla da Nazirlik dövlət maliyyə idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində növbəti əhəmiyyətli addım atmaqla yanaşı, iqtisadçı-ekspertlərin uzun müddətdir ki, səsləndirdikləri təklifi də nəzərə alıb. “İlkin büdcə bəyanatı” hesabına Azərbaycan hökumətinin Açıq Büdcə İndeskindəki mövqeyinin daha da yaxşılaşacağı gözlənilir.

Azərbaycanda tam əlçatan olmayan yeganə büdcə sənədi büdcə öncəsi bəyanat idi Maliyyə Nazirliyi müstəqilllik dövründə ilk dəfə olaraq büdcəöncəsi ilkin göstəriciləri (bəyanatı) açıqladı.

Növbəti il və orta müddətli dövr üçün icmal və dövlət büdcəsinin əsas göstəricilərinin ictimaiyyətə açıqlanması beynəlxalq praktikaya uyğundur. Sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə də dövlət borcuna dair əsas məlumatları əhatə etməkdədir. İctimaiyyət üçün əlçatanlığın təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Mərkəzi ofisi ABŞ-da yerləşən və müstəqil qeyri-kommersiya təşkilatı olan Beynəlxalq Büdcə Əməkdaşlığı hər il “Acıq Büdcə İndeksi ” hesabatı açıqlayır. hesabat 100-dən çox ölkədə büdcə prosesi zamanı hökümətin əsas büdcə sənədlərinin ictimaiyyət üçün əlçatanlığını və bu sənədlərin faydalı və əhatəli ola bilmə səviyyəsini müəyyənləşdirir.

Müsbət haldır ki, büdcə öncəsi sənəd büdcə layihəsi parlamentə təqdim edilməmişdən ən azı 1 ay öncə açıqlanıb. Bu beynəlxalq praktikaya uyğun olmaqla Açıq Büdcə indeksinin qaydalarına da cavab verir. İndi artıq istər akademik çevrələrdə, istərsə də ictimai müzakirlərdə 2020-ci il büdcəsinin ilkin parametrləri müzakirəyə çıxarıla bilər. Bu həm də şəffaflıq baxımından əhəmiyyətli addımdır.

Sənədin missiyası ondan ibarətdir ki, ölkədə büdcə öncəsi debatlar, açıq müzakirələr başlasın. Bu sənəddəki göstəricilər icmal və dövlət büdcəsi layihələri üzrə Maliyyə Nazirliyinin hazırladığı ilkin layihədir. Büdcə sistemi haqqında qanunvericiliyinə əsasən icmal və dövlət büdcəsinin layihələrini Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabineti öz növbəsində həmin layihələrə baxaraq Azərbaycan prezidentinə təqdim edir. Növbəti mərhələdə icmal və dövlət büdcəsinin layihələrini prezident Milli Məclisə təqdim edir. Bu əsasda, sözügedən mərhələlərdə icmal və dövlət büdcəsi layihələrinə dəyişikliklərin edilməsi mümkündür.

2020-ci ilin icmal və dövlət büdcəsinin ilkin parametrlərinə dair əhatəli məlumatlar növbəti səhifələrdə təqdim olunur.

Beləliklə, 2020-ci ilin icmal dövlət büdcəsinin ilkin parametləri:

-Dövlət büdcənin gəlirlərinin 24484.0 mln. manat, büdcə xərclərinin isə 25617.7 mln. manat olması nəzərdə tutulub. Büdcə kəsirinin 1133.7 mln. manat olacağı proqnozlaşdırılır ki, bu da kəsirin 2019-cu illə müqayisədə 43.9 faiz azalacağı deməkdir.

– Gələn ilin büdcəsində “qara qızılın” qiyməti 55 dollar proqnozlaşdırılıb. Həmçinin, 2020-ci ildə cari əməliyyat balansında 1.7 milyard ABŞ dolları, yaxud ÜDM-in 2.1 faizi miqdarında profisit olacağı gözlənilir. ÜDM-ə gəldikdə isə onun 2.4 faiz artaraq, 82.7 mlrd. manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in tərkibində neft sektorunun payının 65.8 faizə, qeyri-neft sektorunun isə 34.2 faizə bərabər olacağı gözlənilir.

-Həmçinin, 2020-ci ildə manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1.7 səviyyəsində qalacağı, inflyasiyanın cari ilin sonunda 3.7 faiz olacağı, növbəti ildə isə 4.6 faizə qədər artacağı proqnozlaşdırılır. Lakin qeyd edilir ki, sonrakı illərdə inflyasiyanın artım tempinin aşağı düşəcəyi və təkrəqəmli inflyasiyanın qorunacağı gözlənilir.
Qadir İbrahimli
//istiqlal.az//
Geri qayıt