Əsas Səhifə > Cəmiyyət, Manşet > Keçmiş başçı ittiham olunur

Keçmiş başçı ittiham olunur


15-11-2019, 11:59
Keçmiş başçı ittiham olunur
Prezident İlham Əliyevin 18 fevral 2011-ci il tarixli sərəncamı ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilən Elmar Vəliyevin qarşısında böyük vəzifələr dururdu. Yeni başçı ölkə başçısının tapşırığı ilə Azərbaycanın ikinci ən böyük şəhəri və qədim tarixi abidələr məkanı olan Gəncədə ciddi abadlıq işləri aparmalı, şəhərə turist axınını təmin etməli idi. Şübhəsiz, E.Vəliyevin başqa yolu da yox idi, o, prezidentin etimadını doğrultmağa məcburdu...

Görünür, elə bu səbəbdən də, o, yeni vəzifəsinin başına keçər-keçməz, xüsusən də Gəncənin görkəmli və insanların daha çox ziyarət etdiyi yerlərdə abadlıq işlərinin aparılmasına göstəriş verdi. Bu çərçivədə Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Məhsəti Gəncəvi Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi və digər tikililərin də bərpasına qərar verildi. Küçə və meydanlardan fərqli olaraq, adını çəkdiyimiz abidələrin bərpası yüksək peşəkarlıq tələb etdiyindən, icra başçısı bu məsələdə Bakıda fəaliyyətdə olan Türk şirkəti ilə anlaşmaya üstünlük verdi. Elmar Vəliyev bu məqsədlə “MİMART ÇİZGİ ÖTESİ PROJE VE TASARİM LTD” şirkətinin sahibi Ender Şahsuvaroğlu ilə danışıqlar apararaq, hər üç tikilinin - Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Məhsəti Gəncəvi Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzinin, eləcə də Gəncə şəhər Seçki Mərkəzinin binasının bərpa və inşasını ona həvalə etdi. Üstəlik, icra başçısı tikinti şirkətinin israrlarına rəğmən, görülən işlərin həri biri ilə bağlı ayrıca müqavilə bağlamaqdan imtina etdi. Şirkət rəhbəri də “Vali dövlət deməkdir” anlamı ilə Elmar Vəliyevlə rəsmi müqavilə bağlanılmasına çox da israr etmədi.

Beləliklə, 2012-ci ilin əvvəlində yuxarıda qeyd etdiyimiz tarixi abidələrin, eləcə də digər tikililərin bərpa və inşasına başlanıldı. Ender Şahsuvaroğlunun “Hürriyyət”ə verdiyi məlumata görə, görülən işlərin qarşılığında Gəncə şəhər İcra Hakimiyyəti “MİMART ÇİZGİ ÖTESİ PROJE VE TASARİM LTD” şirkətinə təxminən 3,9 milyon manat ödəməli idi. Ayrı-ayrı vaxtlada 3 milyon manat yaxın vəsait ödənilsə də, sonradan Elmar Vəliyev 770 min manat vəsaiti verməkdən imtina edib. Hətta bir neçə Türk iş adamı bu məsələ ilə bağlı Gəncədə Elmar Vəliyevlə görüşən zaman o, Türk millətini və həmin iş adamlarını aşağılayan ifadələr işlədib, onları küçə söyüşləri ilə təhqir edib.

Ender Şahsuvaroğlu deyir ki, sonradan bu məsələ Türkiyənin Azərbaycandakı səfirliyi səviyyəsinə çıxarılıb. Türk səfir bu problemin həllini Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan məmurlardan birindən xahiş edib. Nəticədə E.Vəliyev sözügedən vəsaitin ödəniləcəyini bildirsə də, aradan bir müddət keçdikdən sonra o, yenə öz sözünü tutmayıb.

2018-ci ilin 3 iyulunda baş verən məlum Gəncə hadisələrindən sonra E.Vəliyevin səhhətində ciddi problem yarandığından və bu səbəbdən də vəzifəsindən azad edildiyindən, indi Gəncə şəhər İcra Hakimiyyətinin Türk iş adamına verməli olduğu 770 min manat borca kimsə sahib durmur…
/azsiam.info/

Geri qayıt