Əsas Səhifə > Cəmiyyət, Manşet > Sabiq MTN şefinin ad günündə məhkəmənin Vüqar Mahmudovu azad etməsi təsadüfdürmü?

Sabiq MTN şefinin ad günündə məhkəmənin Vüqar Mahmudovu azad etməsi təsadüfdürmü?


29-11-2019, 10:45
Sabiq MTN şefinin ad günündə məhkəmənin Vüqar Mahmudovu  azad etməsi təsadüfdürmü?
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun 63 yaşı tamam olub. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə tutduğu vəzifədən çıxarılan, ardınca rəhbərlik etdiyi qurum ləğv olunan Eldar Mahmudovla bağlı qaranlıq məqamlar bu günə qədər qalmaqdadır.

Onun işdən çıxarılması ilə MTN-də əsas idarələrin rəisləri həbs olundu, Mahmudovun qanunsuz əmrlərini icra etmiş işçiləri də qandallandı. Eldar Mahmudovla bağlı müəmmalı durum isə bu günə qədər davam edir. Onun statusu haqda məlumat verilmir. Bu günə qədər Eldar Mahmudovun təqsirləndirilən şəxs, şahid, zərərçəkən və ya digər statusu rəsmi olaraq açıqlanmır.

Bugünlərdə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov müsahibə verərək Eldar Mahmudovla bağlı, onun statusu ilə bağlı açıqlama vermişdi. YAP Yasamal təşkilatının sədri olan Tağı Əhmədov Eldar Mahmudovun ev dustağı olduğunu, onun hətta yas məclisinə belə icazə almaqla getdiyini açıqlamışdı.

Belə bir durumda Eldar Mahmudov özünün 63-cü doğum gününü qeyd edir. Onun Nardarandakı bağ evində nəzarət altında saxlanıldığı haqda xəbərlər var. Eldar Mahmudovun ad günündə əmisi oğlu, köməkçisi olmuş Vüqar Mahmudova Bakı Hərbi Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti təqsirləndirilən şəxsə qarşı mülki iddianı geri çəkib və hər hansı bir tələbi yoxdur. Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış edərək Vüqar Mahmudovun 4 il azadlıqdan məhrum edilməsini istəyib. Vüqar Mahmudovun vəkili təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vüqar Mahmudov son söz deməkdən imtina edib. Məhkəmə müşavirəyə yollanıb. Sonra məhkəmənin hökmü ilə V.Mahmudova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə həbsdə olduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə həmçinin qeyd edilib ki, V.Mahmudova məxsus əmlaklar müsadirə olunub.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Prokurorun Vüqar Mahmudova gözlənilən cəzadan qat-qat aşağı cəza istəməsi və sonra isə azad edilməsinin məhz Eldar Mahmudovun ad gününə təsadüf etməsi ortada maraqlı gedişatın olduğundan xəbər verir. Bu, Eldar Mahmudov üçün 63-cü doğum günündə bundan yaxşı xəbər ola bilməz.

Sabiq nazir 1956-cı il noyabrın 28-də Bakı şəhərində anadan olub. 1978-ci ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. SSRİ Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb. 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdi. 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə müxtəlif mükafatlara layiq görülüb. 23 iyul 2004-cü ildə milli təhlükəsizlik naziri təyin olunmuşdu. 2015-ci il oktyabrın 17-si Eldar Mahmudovun karyerasının sonu oldu. Onun komandasının əsas üzvləri həbs edildi, özü də ev dustaqlığına göndərildi.

Belə görünür ki, Eldar Mahmudov ayağa qalxmaq üzrədir...
“Yeni Müsavat”

Geri qayıt