Əsas Səhifə > Cəmiyyət, Ana xəbərlər > Sənədsiz evlərin “kupça” problemi: Qurumlar niyə ləngidir?

Sənədsiz evlərin “kupça” problemi: Qurumlar niyə ləngidir?


6-01-2020, 10:05
Sənədsiz evlərin “kupça” problemi: Qurumlar niyə ləngidir?
Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problem olaraq qalır.

İllərdir ki, həlli mümkün olmayan məsələ sanki dalana dirənib. Ölkə başçısı İlham Əliyev dəfələrlə bu problemin aradan qaldırılması üçün zaman-zaman müxtəlif sərəncamlar imzalayıb və icrası üçün lazımi qurumlara göstərişlər verib.

Qeyd edək ki, bu problem hələ 2011-ci ildə də gündəmə gəlib. Həmin ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. Ölkə başçısı Bakıda evlərin qeydiyyata alınmasında problemlərin olduğunu qeyd edərək bu məsələnin həlli zamanı baş verən nöqsanların aradan qaldırılması ilə bağlı da göstərişlər verib. Məsələnin həllini o dövrdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Hacıbala Abutalıbova həvalə edilib. Amma tapşırıq icra olunmayıb. Vətəndaşları ciddi narahat edən problem dərinləşməkdə davam edir.

Daha sonra ölkə başçısı 2015-ci ilin yanvarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Ötən ilin fevralında ölkə başçısı çoxmənzilli binaların istismara qəbulu prosesinin asanlaşdırılmasına dair fərman imzalayıb və artıq bu sahədə işlərə başlanılıb. Ardınca Bakıda bir neçə rayon İcra hakimiyyətlərində komissiya təşkil edilib. Məlumat üçün bildirək ki, Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 700 mindən artıq olduğunu bildirir. Amma elə evlər var ki, dəmir yollarının, magistralların, hərbi hissələrin, dövlət əhəmiyyətli obyektlərin ərazisində, yaxud sahil yanında tikilib. Bunları da o hesaba qatanda, Bakı ərazisindəki sənədsiz evlərin sayı 1 milyonu ötüb-keçir. Sənədləşmə isə baş vermir.

Sözügedən problemin həlli niyə yubanır?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, sənədləşmə prosesinin reallaşması heç də çətin deyil:

“Bu prosesin heç bir çətinliyi yoxdur. Sadəcə maraq qrupları və onları idarə edən yüksək çinli məmurlar var. Hansı ki, sənədləşmənin asanlaşması və bununla bağlı amnistiyanın olması onların maraqlarına ziddir. Onlar müəyyən dərəcədə buna müqavimət göstərirlər. Əslində sözügedən problemin həll edilməsi üçün ciddi məsələ yoxdur. Əsasən Fövqəladə Hallar Nazirliyi binaların qəbulunda, yaxud icra hakimiyyəti strukturları isə özəl, yəni həyət evlərinin tikintisi ilə bağlı sənədləşməni qeydə almır. Halbuki o tikintilər aparılarkən bütün dövlət orqanları, müəyyən rüşvıt və ya korrupsiya müqabilində buna göz yumub. İndi isə bu vəziyyət vətəndaşın günahı deyil. Vətəndaş evini tikib və oturub içində yaşayır. Hökumətin borcudur ki, bu evlərin rəsmiləşdirilməsi ilə bağlı qəti addımlar atsın və vətəndaşın indiki düşdüyü vəziyyətdən çıxması üçün qanun-qaydalar ona uyğunlaşdırılsın”.

Geri qayıt