Əsas Səhifə > Cəmiyyət, Manşet > Hakim partiyanın İmişlidəki adamı haqda ilginc iddialar...

Hakim partiyanın İmişlidəki adamı haqda ilginc iddialar...


8-01-2020, 10:23
Hakim partiyanın İmişlidəki adamı haqda ilginc iddialar...
YAP-ın deputatlığa namizədlərinin siyahısı cəmiyyətdə maraqla qarşılanıb. Hakim partiyanın 75 yeni namizədlə seçki yarışına qoşulduğu bildirilir.

Bu namizədlərin kimliyi sosial mediada müzakirələrə səbəb olub. Çünki YAP-ın bir çox namizədləri barədə müxtəlif informasiyalara rast gəlmək olur.

Reportyor.info-nun “Seçki 2020” rubrikası üçün hazırladığımız növbəti araşdırma yazısında nəzərləri 79 saylı İmişli seçki dairəsinə yönəltmişik. İqtidar partiyasının bu dairədən namizədi Nazim Əzimovdur.

O, Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsidir. Belə desək, İmişlinin mədəniyyət şöbəsinin müdiridir.

N.Əzimov daha əvvəl İmişli Mədəniyyət və Turizm idarəsində rəis vəzifəsində çalışıb. Sonra turizm nazirlikdən alındı və regional mədəniyyət idarələri yaradıldı.

YAP da İmişlinin mədəniyyət şöbəsi müdirini bu rayondan deputat görmək arzusundadır. Ancaq məlum olur ki, N.Əzimov qalmaqallarla tanınan məmurdur.

KİV-də yayılan xəbərlərə görə, Nazim Əzimovun rəhbərlik etdiyi qurumda çalışan 2-ci və 3-cü qrup əlillərin həmkarlar təşkilatları tərəfindən əmək haqlarına əlavə edilən 15-20%-lik vəsait artıq üç ildirnaməlum şəraitdə mənimsənilir.

İmişli Mədəniyyət və Turizm idarəsi hələ 2015-ci ildə medianın gündəminə bu dövlət müəssisəsinə rəhbərlik edən Süleyman Bəşirovun maliyyə maxinasiyaları ilə gəlmişdi. Həmin vaxt söhbət kifayət qədər ciddi rəqəmdən gedirdi.

Və bu hal o zaman məhkəmə predmetidə olmuşdu. Süleyman Bəşirov bir neçə müddət həbsdə qalsa da, məhkəmə qərarı ilə dövlətə dəymiş ziyan ödənildikdən sonra azadlığa buraxılmışdı.

Mediada yayılmış digər xəbərdə isə deyilir ki, Nazim Əzimovun əsas gəlir mənbəyindən biri də idarəyə götürdüyü bəzi işçilərin rayon ərazisində mütəmadi olaraq toylara getməsidir.

Belə ki, işçilər müsiqiçi və ya müğənni qismində el şənliklərində iştirak etdikləri üçün əmək haqqı kartları idarə rəisində olur.

Beləliklə, İmişlinin “palatka meqastar”ları da Nazim Əzimovun şəxsi büdcəsinin böyüməsinin səbəbkarlarıdırlar.

Bütün deyilənlərə baxmayaraq, YAP İmişlidən irəli sürməyə başqa namizəd tapmayıb, adı hər cür qaranlıq işlərdə hallanmış bir idarə müdirini parlamentdə görmək istəyib.

Əslində, onun deputat olacağı da sual altındadır. Ehtimal ki, bu dairədən yenə biznesmen Əsabil Qasımov deputat olacaq. Sadəcə, onun qarşısına alternativ çıxarmaq üçün bir idarə rəisi tapıblar.

Hər halda yaxşı olardı ki, YAP İmişli rayonundan nüfuzlu, cəmiyyətdə qəbul edilən, sayılıb-seçilən, adı maxinasiyalarda, əlillərin, işçilərin pulunu mənimsəməkdə çəkilməmiş bir kadrın namizədliyini dəstəkləsin, irəli sürsün.

Qeyd edək ki, N.əzimov 1994-cü ildə ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olmuşdur.1998-ci ildə həmin İnstitutun Sosiologiya fakültəsini bitirmişdir.

Daha sonra təhsilini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsində davam etdirmişdir.

2000-ci ilin iyun ayından 2002-ci ilin aprel ayına kimi ”Etimad” müəssisəsində təsərrüfat müdiri,2002-ci ilin aprel ayından 2002-ci ilin iyul ayına kimi V.Xudaverdiyev adına İmişli rayon Mədəniyyət sarayında “Gənclərin asudə vaxt mərkəz”ində aparıcı vəzifəsində işləmişdir.

24 iyul 2002-ci il tarixindən 10 avqust 2012-ci il tarixinədək İmişli rayon İcra Hakimiyyətinin təhsil ,səhiyyə və mədəniyyət şöbəsində Böyük məsləhətçi vəzifəsində çalışmışdır.

10 avqust 2012-ci il tarixindən 10 dekabr 2015-ci il tarixinədək İmişli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi vəzifəsində işləmişdir.

10 dekabr 2015-ci il tarixdən 01 noyabr 2016-cı il tarixədək İmişli rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2017-ci il yanvar ayından Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində, 27 iyun 2018-ci il tarixindən Kürdəmir Regional Mədəniyyət İdarəsində baş məsləhətçi (İmişli rayonu üzrə nümayəndə) vəzifəsində çalışır.

Geri qayıt