Əsas Səhifə > Cəmiyyət, Manşet > Rəşad Qəribov seçiciləri necə şirnikləndirir?

Rəşad Qəribov seçiciləri necə şirnikləndirir?


23-01-2020, 12:17
Rəşad Qəribov seçiciləri necə şirnikləndirir?
57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizəd Rəşad Qəribov apardığı seçki kampaniyası ilə Kürdəmir seçicilərini hiddətləndirib.

9 fevral növbədənkənar parlament seçkilərinin “yağışdan sonrakı göbələk” kimi ortaya çıxardığı namizədlər sırasında birmənalı neqativ reputasiyaya malik xeyli iddialı var.

Şübhəli fəaliyyətləri sayəsində maddi zənginlik əldə edən, bununla da millət vəkili statusuna haqq etdiyini düşünən həmin kateqoriyaya aid deputatlığa namizədlər seçiciləri şirnikləndirməklə bu niyyətlərini gerçəkləşdirəcəklərinə inanırlar.

Həmin namizədlər arasında xüsusi seçilənlərdən biri də 57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizəd Rəşad Qəribovdur. Bəli, qeyd olunan dairədən 2005 və 2010-cu illərdə deputat “seçilən” “Debütbank”ın sahibi Fərhad Qəribovun oğlu Rəşad. Görünür, o, özünü atasının “dairə”sindən millət vəkilliyinə “hazır varis” sayır.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) həmin dairədən irəli sürdüyü namizədin statistik olduğunu nəzərə alsaq, Qəribovların bu “varis planı”na ciddi girişdiklərini söyləmək olar. Ancaq belə məsələlər kimlərinsə istəyi ilə həll olunmur. Seçkilərin qərarverici tərəfi seçicilərdir. Onların rəğbət-etimadını qazanmadan seçilmək mümkün deyil.

Elə Rəşad Qəribov da bu amili nəzərə alaraq, atasının fəaliyyətsizliyindən yanıqlı olan seçicilərin fikrini dəyişdirmək üçün hərəkətə keçib. Yox, elə fikirləşməyin ki, Qəribov seçicilərin hansısa problemini həll etmək niyyətindədir. Qətiyyən belə deyil. O, problemləri başdan aşan kürdəmirlilərin rəğbətini çal-çağırla qazanmaq istəyir. Bu məqsədlə də ölkənin bəzi şou nümayəndələrini Kürdəmirə toplayaraq, yanvarın 27-də konsert verməyə hazırlaşır.

Rəşad Qəribov seçiciləri necə şirnikləndirir?

Deputatlığa namizədin bu davranışı seçicilərin Qəribovlara yönəlik hidddətini daha da artırıb. Kürdəmirlilər, “Problemlərin içində boğuluruq, bu isə artist gətirib bizi ələ salır”, – deyə qəzəblərini gizləmirlər. Yəni kürdəmirlilərin çal-çağır həvəskarı olan deputatlığa namizəd Rəşad Qəribova münasibəti ortadadır.

Qeyd edək ki, atasının qurduğu biznesin idarəçilərindən biri olan Rəşad Qəribov artıq neqativ planda bir neçə dəfə gündəmə gəlməyi bacarıb. İlk dəfə 14 milyon manatlıq dələduzluq məsələsinə görə diqqət mərkəzinə düşən Rəşad daha sonra daha ağır ittihamla – vergidən yayınmaqda suçlanıb. Hətta Vergilər Nazirliyinin təqdimatı əsasında Rəşad barəsində cinayət işi də açılıb.

Hə, onun “varis”i olmağa iddia etdiyi atası Fərhad Qəribovun işləkləri isə hələ də müzakirə olunmaqdadır. “Debütbank”ın sahibi Fərhad Qəribovun bir neçə il əvvəl Tiflisdə kazinoda 270 min dollar uduzması indiyə kimi tez-tez xatırlanır. Kim deyə bilər ki, “uğursuz qumarbaz”ın bu şakəri deputatlığa namizəd etdiyi oğluna da keçməyib?

O halda, Rəşad Qəribovun deputat mandatını Tiflis kazinolarından birində girov qoyduğuna dair xəbərə heç kəs təəccüblənməyəcək…

Rəşad Qəribov seçiciləri necə şirnikləndirir?

www.yenicag.az

Geri qayıt