Əsas Səhifə > Cəmiyyət, Manşet > Kürdəmirin icra başçısıyla bələdiyyə əlbir olaraq...
Kürdəmirin icra başçısıyla bələdiyyə əlbir olaraq...30-03-2020, 10:20 |
“İcra başçısıyla bələdiyyə əlbir olaraq bütün örüş sahələrimizi kənardan gələn sahibkarlara hissə-hissə icarəyə verib. Kəndlilər mal-qarasını otarmağa yer tapmır. Kəndimizdə heyvandarlıq təsərrüfatını göz görə-görə məhv ediblər. İnsanların dolanışığı heyvandarlıqdan çıxırdı, indi hamı heyvanını tövləsində saxlayır. Kasıb kəndli mal-qaraya yem çatdırmır. İcra başçısı deyir, torpaq dövlətindir, kimə istəsə, ona da verər”. DİA.AZ bildirir ki, bunu Kürdəmir rayonunun Xırdapay kəndinin sakinləri deyir. Xırdapayın 6 mindən çox əhalisi var. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Uzun müddətdir ki, kənddəki örüş sahələri hissə-hissə kəndlilərin əlindən alınaraq başqalarına verilib, beləcə mal-qaranın otlaq yeri günbəgün daralıb. Hazırda isə kənddəki heyvanlara otlamaq üçün sahə qalmayıb. Kənd sakinləri danışır: “1996-cı ildə pay torpaqları paylananda hər ailədən 3 sot kəsdilər, kənddə 1000 hektar otlaq sahəsi yaratdılar. Ancaq təxminən 10 il olar ki, kəndlilərin ümumi istifadəsində olan həmin otlaq sahəsi hissə-hissə ayrı-ayrı sahibkarlara verilməyə başladı. Bir də baxdıq ki, heyvanlarımızı otarmağa yer qalmayıb. İndi heyvanlar qalıb ortalıqda, bunun heyvanı onun həyətinə girir, onun heyvanı bunun həyətinə... Yem bahadır, kəndlilər ala bilmir. Kənddə xeyli adam özünəməşğulluq proqramına qoşulub, ancaq verilən heyvanları otarmağa nə yer tapırlar, nə də yem almağa pulları var... Camaat öz heyvanını dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıb”. Kənddə problem təkcə örüş sahələriylə bağlı deyil, kənddə natəmizlik, işıq problemi də var. Kəndlilər danışır: “Kəndin ortasıyla çirkab suların axdığı arxlar xəstəlik mənbəyidir. Sizə işıq transformatorunun şəkilini çəkib göndəririk, bu transformator bütün kəndin işıqlandırılmasını təmin etməlidir, ancaq gördüyünüz kimi, köhnə, qəzalı vəziyyətdədir. Bu səbəbdən də tez-tez qısaqapanmalar olur, kənd qaranlığa bürünür”. Martın 24-də kənd sakinləri növbəti dəfə Kürdəmir Rayon İcra Hakimiyyətinə gediblər ki, dərdlərini desinlər. Ancaq onları qəbul edib dinləyən olmayıb. Geri qayıt |