Əsas Səhifə > Cəmiyyət, Manşet > Bazarda köhnə ərzaq İDDİASI:
Bazarda köhnə ərzaq İDDİASI:16-04-2020, 12:57 |
Son günlər bazarda ərzaq məhsullarının keyfiyyətinə nəzarət sanki arxa plana keçib. İddia olunur ki, bəzi marketlərdə satışa vaxtı keçmiş ərzaq məhsulları çıxarılır. Bu iddialar nə dərəcədə doğrudur? Cebhe.info-nun bu suallarını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb. -Eyyub müəllim, karantinlə əlaqədar bazarda qida məhsullarının keyfiyyəti məsələsi də sanki arxa plana keçib. Bazara nəzarət imkanlarınız varmı? -Təəssüf ki, bu günlərdə, tələbatın artdığı, hərəkət məhdudiyyətinin olduğu bir vaxtda bununla bağlı 6-7 istehlakçı zəngi gəlir. Birmənalı şəkildə vaxtı keçmiş məhsulların satışı qadağandır. Buna nəzarət edən yetəri qədər ictimai qurum yoxdur. Azad İstehlakçılar Birliyi ilə yanaşı onlarla belə qurum lazımdır ki, bu işlərə nəzarət etsin. Bu məsələdə istehlakçılar da diqqətli olsunlar. Qida təhlükəsizliyi agentliyi isə yalnız qidaların təhlükəsizliyini təmin edir. -İddia olunur ki, iri marketlər anbarlarda qalan keyfiyyət standartlarına cavab verməyən məhsulları bazara çıxarır. Bu iddia nə dərəcədə doğrudur? -Daim köhnə məhsulların bazara çıxarılması, marketlərdə satılması baş verib. Yəni hər gün tonlarla məhsulun yararlılıq müddəti bitir. Onlar necə məhv edilir, utilizasiya olunur, həmişə qaranlıq məqam kimi qalıb. Nəzarət edən müvafiq dövlət orqanı satıcıya deyir ki, yararlılıq müddəti keçmiş məhsulları məhv et, bizə isə akt ver. Lakin təcrübə göstərir ki, onlar belə məhsulları məhv etmir, distribüterə qaytarır, distribüter isə öz növbəsində məhsulun tarixini dəyişdirir, yenidən istehlakçıya satır. Məsələn, yeşiklərdə olan konfetlər boşaldılıb açıq satılır, peçenyalar qablaşdırmadan çıxarılır, sellofana bükülüb satılır və s. İllər boyu bu proses davam edir. Azərbaycanda malların məhv olunması qanunu yox, Lomonosovun maddənin itirilməməsi qanunu hökm sürür. Heç nə məhv olmur, heç nə dəyişmir, bir şəkildən digər şəkilə düşür. -Bakıda Pribaltika, Belarus, Ukrayna, İran məhsulları mağazaları var. İddia var ki, həmin mağazalarda yerli məhsullar da satılır. Məsələn, Belarus istehsalı etiketi ilə satılan məhsul Azərbaycanda qablaşdırıla bilərmi? -Əlbəttə ki, Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin mağazalarında yerli məhsulların həmin xarici etiket adında satılması istisna olunmur. Çünki bu sahədə nəzarət yoxdursa, belə hallar baş verə bilər. Bu barədə konkret şikayətlər gəlməyib. Lakin istisna olunmur ki, belə hallar var. Qeyd etdiyim kimi, nəzarət edən müvafiq dövlət orqanı neçə ildir, fəaliyyət göstərmir, bu sahə tamamilə açıq qalıb. Hökumətin istehlakçı siyasəti zəif olduğundan bu kimi məsələlər istisna olunmur. Əhalinin böyük narazılığı var, insanların apteklərdə, xəstəxanalarda növbəyə dayanması, hamısı qidadan asılıdır. Çüni böyük Hippokrat deyir ki, nə yeyiriksə, ondan ibarətik. Geri qayıt |