Əsas Səhifə > Cəmiyyət, Manşet > “Uniklinikada” növbəti ölüm: iş prokurorluqda
“Uniklinikada” növbəti ölüm: iş prokurorluqda5-06-2020, 11:19 |
Bakı sakini Fərqan Cəfərovun həyat yoldaşı mayın 2-də “Uniklinikada” əməliyyatdan sağ çıxmayıb. Reportyor.info-ya müraciət edən F.Cəfərov bildirib ki, xanımı klinikanın cərrahı Fuad həkim tərəfindən kor bağırsağından əməliyyat edilib. Onun sözlərinə görə, əməliyyat olduğu günün gecəsi halı pisləşib və dünyasını dəyişib, lakin klinikadan yaxınlarına heç bir məlumat verilməyib. “Mən Fuad həkimlə görüşəndə dedi ki, 30 ilin doktoruyam, arxayın ol, get evə, bazar günü gələrsən. Mən 2 min manatdan əməliyyat üçün ödəniş etmişdim, əlavə 300 manat da verməliydim. Günorta 12 radələrində klinikaya əlavə ödənişi etməyə gələndə öyrənmişəm ki, yoldaşım dünyasını dəyişib. Onun gecə 5-də halı pisləşib və bizə xəbər etməyiblər”, -deyə şikayətçi qeyd edib. F.Cəfərovun bildirdiyinə görə, xanımının ölümünə səbəb ürəyinin zəif olması göstərilib: “Əgər ürəyi zəif idisə, niyə əməliyyat edirdilər? Əvvəldən bizə deyə bilərdilər. Ancaq onu hansısa damarı kəsilib ə çoxlu qan itirib. Mən ona sağlam adam vermişəm, üstümə ölü qaytarıb. Vəziyyəti pisləşəndə bizə məlumat verməliydilər”. Şikayətçi “Uniklinika”nın bağlanmasını və həyat yoldaşının ölümündə günahı olanların həbsini tələb edib. Onun sözlərinə görə, iş Yasamal Rayon Prokurorluğundadır: “Prezidentə, Mehriban xanıma, Baş Prokurorluğa və Yasamal Rayon Prokurorluğuna müraciət etmişəm. Bu klinika bağlanmalıdır, rəhbərliyi və bu hadisədə əli olanlar məsuliyyətə cəlb edilməlidir. Çünki bu gün yoldaşımı öldürənlər sabah başqasının başına gətirəcəklər. Mən prezidentdən və prokurorluq orqanlarından xahiş edirəm ki, həkim səhlənkarlığından olan ölüm faktının araşdırılması barədə göstəriş versinlər”. Geri qayıt |