Əsas Səhifə > Cəmiyyət, Manşet > BNA-nın QIZILDAN BAHA BOYALARI...
BNA-nın QIZILDAN BAHA BOYALARI...11-06-2020, 11:23 |
Bakı Nəqliyyat Agentliyi (BNA) “Yol Xətt” MMC ilə maliyyə dəyəri 5 556 976.45 AZN (5 milyon 556 min 976.45) olan müqavilə imzalayıb. Yenisabah.az xəbər verir ki, 5 iyun 2020-ci il tarxidə bağlanan müqaviləyə görə MMC bu məbləğə yolların rənglənməsini həyata keçirməlidir. Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən “Yol Xətt” MMC 3 iyul 2006-cı il tarxidə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi isə Murad Mobil oğlu Muradovdur. Murad Muradov 22 fevral 2020-ci ilə tarxidə Prezident İlham Əliyevin 1834 saylı sərəncamı ilə avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqləndiyinə görə “Tərəqqi” medalına layiq görülüb. Araşdırmalarımız zamanı bəlli olub ki, Murad Muradov “Yol Xətt” MMC-nin qanuni təmsilçisi olsa da, əslində proxy şəxsdir. Əslində, MMC-nin idarə edilməsi başqa bir şəxsin əlindədir. Həmin şəxs şirkətin əvvəlki rəhbəri Zaur Mayıl oğlu Həsənovdur. O, 2019-cu ilin dekabr ayının sonlarında MMC-nin rəhbərliyindən gedib. 2020-ci ilin yanvar ayından Avtomobil Yolları Dövlət Agentliyi yanında "№1 Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə rəhbərlik etməyə başlayıb. Yeri gəlmişkən, Zaur Həsənov bu vəzifəyə təyinat alandan qısa müddət sonra, aprelin 21-də BNA “№1 Xüsusi Təyinatlı Yol İstimarı” MMC-ilə 1 029 000 AZN (1 milyon 29 min) dəyərində müqavilə bağlayıb. Bu müqavilədə də yolların rənglənməsi nəzərdə tutulur. İddia olunur ki, BNA-nın əksər tenderlərində “Yol Xətt” MMC-nin qalib edilməsi də Zaur Həsənov faktoru ilə bağlıdır. Məlumat üçün deyək ki, BNA 2017-ci ildə sözügedən MMC ilə 4 843 923,6 (4 milyon 843 min 923,6) AZN, 2018-ci ildə 6 245 674 (6 milyon 245 min 674) AZN, 2020-ci ilin mayında 4 779 364 (4 milyon 779 min 364) AZN dəyərində müqavilə imzalayıb. Beləliklə, 3 il ərzində yolların rənglənməsi üçün dövlət büdcəsindən “Yol Xətt” MMC-yə 21 425 938.05 (21 milyon 425 min 938.05) AZN pul “axıb”. Bunun üzərinə “№1 Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə ayrılan vəsaiti də gəlsək, aydın olur ki, 3 il ərzində yolların rənglənməsi 22 454 938.05 (22 milyon 454 min 938.05) AZN təşkil edib. “Yol Xətt” MMC eyni zamanda sənaye nişanlarının istehsalını həyata keçirir. Lakin şirkətin rəsmi saytında Bakı şəhərinin yollarında istifadə olunan boyaların markası, haradan alınması, tərkibi və keyfiyyəti barədə heç bir informasiya yoxdur. Həmçinin həm BNA, həm də Yol Xətt MMC il ərzində Bakı şəhərinin yollarına nə qədər boya işlənməsi və nə qədər xəttin çəkilməsi ilə bağlı hesabat vermir. Bu məsələrlər bağlı sözügedən qurumlardan mövqe öyrənmək də mümkün olmayıb. Geri qayıt |