Əsas Səhifə > Cəmiyyət, Manşet > Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir
Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir3-07-2020, 12:46 |
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə idarəsinin icra şöbəsinin əməkdaşlarının uzun illərə dayanan fəaliyyətsizliyi Gəncə şəhər sakini Ələkbərova Kifayət İsbar qızını çıxılmaz duruma salıb. Adıkeçən qurum əməkdaşları qüvvəsini almış mövcud qətnamə və qərardadlara bilərəkdən səhlənkarlıq bəsləyirlər. Nəticədə adıçəkilən şikayətçiyə və qızı Vüsalə Ələkbərovaya verilməli olan 30 min manatlıq ev əşyaları müəmmalı şəkildə “yoxa çıxıb”. Daha doğrusu, qətnamə və aktlarda da yer alan əmlak aşkar talançılığa məruz qalıb. Demokratik.Az xatırladır ki, 18 avqust 2008-ci il tarixli (2-14/08-saylı) qətnaməsinin hüquqi nəticəsinə görə, iddiaçı Quliyeva Saida Tahir qızının iddiası təmin edilməklə Gəncə şəhəri, Bakı küçəsi 70 nömrəli evdən istifadə hüquqlarını itirmişlər və 4 mart 2009-cu il tarixdə qətnamənin icrası ilə oradan pasport qeydiyyatından da çıxarılmışlar. Lakin, çıxarılarkən ailəyə məxsus ev əşyaları saxlanc üçün iddiaçı Saida Quliyevanın ixtiyarına verilmişdir. Və icra aktına görə, 156 adda saxlanc ev əşyalarının ümumi dəyəri 30 min manat kimi qiymətləndirilmişdir. Kifayət Ələkbərovanın bildirdiyinə əsasən, artıq 10 ildir ki, Gəncə icra şöbəsinin əməkdaşlarının boş və zəif əməli fəaliyyətləri nəticəsində əşyalarını Saida Quliyevadan ala bilmir. Nəinki ala bilmir, bu illər ərzində ümumiyyətlə sənəddə varlığı sübut olunan 30 minlik əşyalarının harada olduğunu, necə saxlandığını belə öyrənə bilmirlər. Şikayətçi hesab edir ki, əşyaları ümumiyyətlə yoxa çıxarılıb, maddi tamah məqsədilə talanıb və bunun da cavabdehliyini qətnaməni icra etməyən, talançılılğa şərait yaradan məmurlar da daşımalıdır. Belə ki, hələ 2013-cü ildə hər vəchlə əşyalarını geri almağa çalışan şikayətçi bildirir ki, icraçıların öyrətməsilə əsassız məhkəməyə cəlb edilib. Bu yolla Saida Quliyeva öz üzərinə qoyulan məhkəmə öhdəliyindən planlı şəkildə yayındırılıb. Məlum bir qətnamədən (26 fevral 2013-2(043)-84/2013) də görünür ki, Saida Quliyeva həqiqətən “qeybə çəkilən” əşyaları geri qaytarmamaq üçün Kifayət Ələkbərovaya qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsində iddia qaldıraraq guya 2009-cu ilin martından təhvil aldıqlarını 3 ildir kirayə ünvanda saxlayır və bunun üçün də sonuncu 3900 manat pul verməlidir ki, əşyaları qaytarsın. Elə həmin məhkəmənin gedişi zamanı məlum olmuşdur ki, S.Quliyeva əslində heç bir qanuni tələb və əsaslar olmadan özünün qaytarmağa cavabdeh olduğu özgə əşyalarının əksər hissəsini evindən çıxarmışdır. Lakin, həm məhkəmənin hakimi, nə də məhkəmə icraçıları araşdıraraq müəyyən etməmişlər ki, çıxarılsa da əşyalar faktiki haradadır və niyə gerçək sahibinə təhvil verilmir?! Borclunun uduzduğu həmin iddiaya dair qətnamə qət edən hakim Emin Əliyevin rədd qənaətə gəlməsi üçün sadəcə şahid kimi yalan ifadələr verən ev alqı-satqısı və kirayəsi üzrə makler Aydın Ağayevi dindirməsi, lakin onun dediklərinin sübutuna çalışılmaması, malların hara, konkret hansı kirayə ünvana daşındığını faktiki olaraq aydınlaşdırmaması bu işin daha dərin talanına işarət edir. Hansı ki, şikayətçinin də dediyi kimi, onlar həmin məhkəmə iclasında da ev əşyalarının harada olduğunu bilmədiklərini, bunu öyrənmək istədiklərini və əşyalarını qəbul etməyə hazır olduqlarını bildirsələr də hakim qarşı tərəfin hüquqi tələblərinə məhəl qoymamışdır. Ona görə, haqlı olaraq da şikayətçi şübhələnir ki, 30 min manatlıq ev əşyaları borclu tərəfindən aşkarxasına talanmışdır və ümumiyyətlə faktiki mövcudluğunu itirmişdir. Ona görə də məhkəmələrdə icraçıların diqtəsilə bu cür oyunlar oynanılmışdır və icraat müddəti məqsədli qaydada yubadılmışdır. Hakimlərin bu işə hər dəfəsində etdikləri davranışları isə dolayısıyla məhkəmə icraçılarını “sudan quru”ya çıxarmışdır. Kifayət Ələkbərova bildirir ki, 10 ildir şikayət etmədikləri ünvan, qapısını döymədikləri məhkəmə və hakim qalmayıb. Şikayətlərinə düzgün baxan, qanuni qüvvəsini almış qətnaməni düzgün icra edən, borclunu könüllü icraatdan yayındığı üçün cəzalandıran tapılmır. Şikayətçinin dediklərindən və işin əsas mahiyyətindən aydın etmək olur ki, əslində icraat prosesi qəsdən uzadılır, icra şöbəsinin məmurlarının özləri də borclu ilə sövdələşmələr edərək qanunvericiliyin tələbini bilə-bilə veclərinə almırlar. Ona görə də süni problemlər, cinayət xarakterli əməl - əmlakı qəsdən talama ortaya çıxıb. “Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, işin icrasının təmin edilməsinə dair Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli (iş-2(044)-2740/2019) qiyabi QƏTNAMƏ və eyni məhkəmənin 12 fevral 2020-ci il tarixli (İş 8(044)-24/2020) QƏRARDAD da mövcuddur. Təəssüf ki, sonuncu qətnamə və qərardadda da Gəncə İcra idarəsinin məmuru İlkin Qədimovun təqdimatlarında və sorğulamalarına bəzi suallar yaradır. Sənədləşmə və formallıq naminə edilən icra hərəkətləri icraçının səhlənkarlığını isbat edir. Hazırda çalışılır ki, borclu öz borcunu Gəncə şəhəri Bakı küçəsində yerləşən 0,0125 kv.m torpağının hərracda satılması hesabına ödəyə bilsin. Yəni artıq icraçı üçün maraqlı deyil ki, borclunun saxlancına verdikləri 30 minlik ev əşyaları var, yoxsa yoxa çıxıb?! Əsas odurmu görəsən, borclunun adına əmlak var, ya yox, vəssalam?! Adi məntiq borclunun 10 illik öhdəliyini niyə hələ də icra etməməsinə işıq salır. Daha dəhşətli sual isə o ola bilər ki, axı hansı səbəbə 30 minlik əmlakı qorumalı, saxlamalı olan borclu öhdəliyi nəinki yerinə yetirməyib, asanlıqla şəraitdən istifadə edərək şikayətçiyə məxsus olanları "yoxa çıxara" bilib? Sizcə, niyə etdiklərinə görə, ötən müddətdə bircə dəfə də olsun cəzalandırılmayıb? Niyə icra prosesi öz yönünü başqa və aldadıcı istiqamətlərə doğru dəyişir? Şikayətçi onu da bildirib ki, bu illər ərzində borclu icra şöbəsinə dəfələrlə gəlib, xüsusilə şöbəsinin rəis müavini Ələmdar İbrahimovun və sabiq rəis Nizami Qocayevin "görüşlərində" olub. Lakin, icraçı və rəisləri rəsmi sənədləşmələrdə yazırlar ki, borclu özü də "yoxa çıxıb", onu tapa bilmirlər. Guya borclunun tapılması istiqamətində polis orqanına da müraciətlər ediblər və tələbin icrasına çalışırlar. Yazılanlara və şikayətçinin iddialarına cavabında, Gəncə Regional Ədliyyə İdarəsi "Demokratik.Az"-a bildirib ki, məlum qətnamənin icrası üçün Gəncə icra idarəsi müxtəlif vaxtlarda cavabdehə bildirişlər göndərilmiş, borclunun yaşadığı Gəncə ş, Bakı küçəsi ev-70 ünvanına poçtla məktubların çatdırılması işi aparılmışdır. Lakin, həmin evin qapısının həmişə bağlı olması təsbit edilmiş və borclu Quliyeva Saidə Tahir qızı ankoloji xəstəliyi ilə əlaqədar çox zaman Bakı şəhərində müalicələrdə olması icraçılar tərəfindən müəyyən edilmişdir. Regional Ədliyyə qurumu qalmaqallı və qaranlıq icra işinə aydınlıq gətirərkən ona da diqqət ayırıb ki, icranın mümkünsüzlüyü cavabdehin mülkiyyətində olan Gəncə ş, Bakı küçəsi ev 70 ünyanındakı əmlak və ya 0, 0125 ha torpaq sahəsi 15 mart 2020-ci il tarixədək həbsə və hərraca yönəldilsə də, sonradan bu təsir imkanının "rəsmən" itirilməsilə də bağlıdır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin icraçılara təqdim etdiyi 15 mart 2020-ci il tarixli məktubunda yazıb ki, həmin mülk milli qeydiyyat sistemində guya Quliyeva Saidə Tahir qızının adına deyil. Ümumiyyətlə, borclunun adına əmlak qeydiyyatı mövcud deyil. Sizcə də müəmmalı deyilmi? Belədirsə, onda adına heç bir mülk olmayan şəxs hansı mülkiyyət hüququ əsasında 18 avqust 2008-ci il tarixli (2-14/08-saylı) qətnaməyə sahib ola bilib? Bəs, ev indiyədək kimin adınadır? Ən əsası, axı nə səbəbə icra əməkdaşları borcludan şikayətçilərə məxsus 156 adda saxlanc ev əşyalarını geri alıb qaytara bilmirlər? Ümumiyyətlə, icraçılar desinlər bilək - həmin ev əşyaları hanı, 30 min dəyərindəki mülkiyyət niyə və necə talanıb!? Qət edilən məsuliyyəti pulla və ya guya kimsənin adına olmayan mülklə əvəzləməyə niyə çalışırlar, məqsəd nədir? Bəlkə, şikayətçinin iddiaları həqiqətdir - Bu işdə cavabdehin talançılığına məhz icraçılar özləri şərait yaradıb və özbaşınalığa susqunluğun başında da sabiq icra rəisi Nizami Qocayev durub? Bu anarxiyanın başqa adı varmı? Bundan başqa, "Saida Quliyeva evdə olmur, müalicə məqsədilə həmişə Bakıdadır, evin qapısı da həmişə qıfıllıdır!" yalanı uyduran icraçılara muştuluqxəbəri verək. Gəncə şəhəri, Bakı küçəsi ev-70 ünvanı aylardır ki, borclu tərəfindən kimlərəsə icarəyə verilib. Həmin ünvanda "pomidor işi" görüb pul qazanırlar. Bu barədə aldığımız əlavə məlumata görə, icraçının baş çəkmədiyi həmin evi bazara çevirənlər süni yolla kal pomidorların qızardılmasını həyata keçirirlər və koronavirus-pandemiya dönəmində istehlakçıların sağlamlığına əlavə təhlükə mənbəyi sayılan işlə məşğul olurlar. Bu hal da hesab edirik ki, çox təcili araşdırılmalıdır, həmin evdəkilərin kimliyi və fəaliyyətləri təftiş edilməlidir. Şikayətçinin "Demokratik.Az" saytı vasitəsilə aidiyyatı dövlət yetkililərinə etdiyi yeni videomüraciətini də təqdim edirik: Müstəqil mətbuat orqanı olaraq inanırıq ki, şikayətçiyə qarşı özbaşınalıqların aradan qaldırılması istiqamətində Ədliyyə Nazirliyi, şəxsən çox hörmətli Ədliyyə Nazirimiz cənab Fikrət Məmmədov hərəkətə keçəcək. İcrasını gözləyən qətnamə və qərardadlara sayğı duyulacaq. Bu qalmaqallı iş dərindən araşdırılmaqla, səhlənkar icra məmurları cəzalandırılacaq, 30 minlik mal varlığını "yoxa çıxardanlar" cinayət məsuliyyətinə cəlb ediləcəklər... (mövzu diqqətimizdədir) Yazıda adıkeçən hər kəsə söz haqqı tanıyırıq! Demokratik.Az Geri qayıt |