Əsas Səhifə > Cəmiyyət, Manşet > Gömrükdəki özbaşınalığı məhkəmə də təsbit edir, amma...
Gömrükdəki özbaşınalığı məhkəmə də təsbit edir, amma...3-11-2020, 09:26 |
Azərbaycanda gömrük orqanlarının vətəndaşları incitməsi Ali Məhkəmə səviyyəsində təsdiqlənib. Məhkəmə belə nəticəyə gəlib ki, sahibkarların ölkəyə gətirdiyi mallar heç bir əsas olmadan gömrükdən buraxılmır, nəticədə vətəndaşlara həm maddi, həm də mənəvi ziyan vurulur. DİA.AZ bildirir ki, bu qərar bir neçə gün əvvəl xaricdən şüşə məmulatlarının idxalı və ölkə ərazisində onun satışıyla məşğul olan "Metallurq-Təmir" MMC-nin şikayəti əsasında çıxarılıb. Şirkətdən bildirilib ki, gömrük əməkdaşlarının qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün illərdir məhkəmələrdə mübarizə aparırlar: "Bu işə bir dəfə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində, dörd dəfə Sumqayıt Apellyasiya Məhkəməsində, dörd dəfə də Ali Məhkəmədə baxılıb. Nəhayət, Ali Məhkəmə bu günlərdə son nöqtəni qoydu. Təsdiqlədi ki, gömrükdən mallar qanunsuz buraxılmır. Yubanma müddətində sahibkarlar saxlanc yerlərinə, dayanacaqlara görə artıq pul ödəyib, ziyana düşürlər". "Metallurq-Təmir" şirkəti Belarusdan iki vaqon şüşə gətirdib. Lazım olan sənədləri gömrük orqanına təqdim edib, malın əlavə dəyər vergisini də ödəyib. Amma uzun müddət Sumqayıt Baş Gömrük İdarəsindən malın buraxılması üçün icazə ala bilməyib. Nəticədə vaqonlar uzun müddət Sumqayıt dəmiryol stansiyasında qalıb. Vaqonların dayanmasına görə də şirkət "Azərbaycan Dəmir Yolları" QSC-yə əlavə 11 min manatdan çox pul ödəyib. Şirkət rəhbərliyi gömrük işçilərinin qanunsuz hərəkətləri nəticəsində ziyana düşdüyünü iddia edərək bu pulun ödənilməsi tələbi ilə məhkəməyə üz tutub. Şikayətində də göstərib ki, şüşə gələndən sonra əvvəl şifahi, daha sonra yazılı şəkildə gömrük rəsmiləşdirməsi üçün Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edib. Cavab ala bilməyəndə Dövlət Gömrük Komitəsinə də məktub göndərib. Amma bu müraciət də nəticəsiz qalıb. Gətirilən mal təxminən bir ay sonra gömrük rəsmiləşməsindən keçib. "Gömrük orqanının bu cür qanunsuzluğu şirkətin fəaliyyətini iflic vəziyyətə gətirib çıxarıb. Bir tərəfdən Dəmir Yoluna ödənilən külli miqdarda cərimə, digər tərəfdən də müştərilərin itirilməsi. Gələn məmulatlarla bağlı əvvəlcədən bağlanmış müqavilələr vardı. Amma malın alıcılara vaxtında çatdırılmaması müştərilərin itirilməsinə gətirib çıxarıb", – məhkəməyə şikayətdə belə yazılıb. Məhkəmə çəkişməsində cavabdeh kimi tanınan Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi Sənan Abdullayev məhkəmədə deyib ki, şikayət əsassızdır. Şirkət malın dəyərini əvvəlcədən ödədiyinə görə gömrük orqanı ondan bank hesablaşma sənədləri tələb edib. Lakin qarşı tərəf lazım olan sənədləri vaxtında təqdim etməyib. Bu üzdən proses yubanıb. Şirkətin nümayəndəsi bu haqda deyilənlərin həqiqətəuyğun olmadığını vurğulayıb, gömrük orqanlarının məqsədli şəkildə malları buraxmadıqlarını bildirib. Ali Məhkəmə də şirkəti haqlı sayıb. "Metallurq-Təmir" MMC-yə dəymiş 11 min 125 manatlıq ziyanın Sumqayıt Baş Gömrük İdarəsindən tutulub, şirkətə ödənilməsinə qərar verilib. Geri qayıt |