Əsas Səhifə > Cəmiyyət, Manşet > Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı4-11-2020, 15:34 |
Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən davam edən hərbi təxribatlarına qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvəffəqiyyətlə apardığı əks-hücum əməliyyatları nəticəsində bir neçə rayon, eləcə də strateji əhəmiyyətli ərazilər işğaldan azad edilmişdir. Aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilmiş, Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılmışdır. Qeyd olunan videogörüntülər düşmən ordusu tərəfindən Azərbaycan Respublikasının qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunmuşdur. Aşkar edilmiş faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılmış, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır. Bir daha vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edilir, Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırırıq. Geri qayıt |