Əsas Səhifə > Cəmiyyət, Manşet > Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir...

Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir...


24-11-2020, 10:33
Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir...
Evsizliyin əziyyətini yaşayan Şəki sakini Günel Əliheydərova problemin həlli üçün çox yerə müraciət edib. Tez-tez yaşayış yerini dəyişməli olan altı nəfərlik ailənin səsini eşidən olmayıb. DİA.AZ xəbər verir ki, 30 yaşlı qadın xüsusilə son iki ildə çox mübarizə apardığını deyir. Evsizlik ailəni çarəsiz vəziyyətdə qoyur. Onlar yaşayış yerini az qala, hər ay dəyişmək məcburiyyətində qalırlar: “Heç vaxt evimiz olmayıb. Orda-burda yaşayırıq. Yaxınların, qohumların evinə sığınırıq. Bir gün dayımgilə, bir gün həyat yoldaşımın əmisigilə üz tuturuq. Kim müvəqqəti yaşamağa yer təklif eləsə, razılaşırıq. Yaşamağa konkret ev yoxdu, qapı-qapı gəzirik”.

Günel Əliheydərova bildirir ki, kirayə qalmağa maddi imkanları yoxdur. Onsuz da çətinliklə dolanırlar. Ailə yaxınların mərhəmətinin ümidinə qalıb: “İndi qaldığımız yer çox rütubətlidir. Uşaqlar havasızlıqdan əziyyət çəkir. Amma çarə də yoxdur. Müvəqqəti qalmağa yer tapanda sevinirik. İnanın, taxtda 6 nəfər yatırıq. Uşaqların yatmağa yeri yoxdu. Səhərə qədər gözümə yuxu getmir. Qaldığımız otaq çox nəm çəkir. Vəziyyətimiz inanılmaz dərəcədə ağırdı”.

Ailə problemin həlli çox yerlərə müraciət edib: “Son illər bu işlə lap ciddi məşğul oluruq, gedib-gəlirik. Prezident Aparatına müraciət eləmişəm hətta. Dəfələrlə Şəkinin İcra Hakimiyyətinə getmişəm. Bizimlə maraqlanan yoxdur. Mehriban Əliyevaya müraciətim İcra Hakimiyyətinə yönləndirilmişdi. Ordan mənə cavab verdilər ki, Şəkidə ev yoxdur”.

Günel Əliheydərovanın fikrincə, Şəki Rayon İcra Hakimiyyəti problemi həll etmək istəmir. Qadın hesab edir ki, rayon rəhbərliyinin onlara kömək etmək istəyi olsa, alternativ variantlar barədə də düşünüb, çarə tapa bilərlər: “Heç bir tədbir görmürlər. Biganə yanaşırlar. Deyirlər, heç torpaq da verə bilmərik. Hər vasitədən istifadə eləmişik. Rəsmi müraciət də olub. Cavabda yazırlar ki, nə vaxt imkan olarsa, nəzərə alarıq. Elə bil, başdan eləyirlər bizi. Vəziyyətimizi anlamaq istəmirlər”.

Əliheydərovlar ailəsində 3 qız, 1 oğlan uşağı böyüyür. Uşaqlar hələ məktəb yaşına çatmayıb. Böyük övladın 6 yaşı var, evin sonbeşiyi 6 aylıqdır: “Kiçik övladımın ürəyində problemlər var. Onu müalicə elətdirməyə çalışırıq. Kasıb ailəyik. Çox pis dolanırıq. Kənardan heç bir kömək yoxdu. Həyat yoldaşım fəhlədi. Təhsilsizik, iş tapmaq da olmur. Çox vaxt sup yeyirik. Ümumiyyətlə, gündə üç dəfə qidalana bilmirik. Uşaqlara doyunca yemək verməyə gücümüz çatmır. Hər günü birtəhər yola verməyə çalışırıq”.

Günel xanım deyir ki, həyat yoldaşının ofisiant kimi işlədiyi vaxtlar da olur. Nə iş olsa, imtina etmirlər. Çünki evə pul gətirmək lazımdır: “İndi Şəkidə karantin rejimidi, heç yerə gedə bilmir. Bir aydı ünvanlı sosial yardım alırıq. Bunun üçün də uzun müddət mübarizə aparmışıq, gedib-gəlmişik. Amma 190 manatı vermədilər. Yayda yoxladıq, bizə düşmədi. Həyat yoldaşım o gün ayrıca bu iş üçün getmişdi. İdarədə heç kimi tapmamışdı. Yenə ümidimizi itirmirik”.

Geri qayıt