Əsas Səhifə > Cəmiyyət, Manşet > Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib…
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib…13-04-2021, 11:11 |
Azərbaycanda qanunsuz ov edən ərəbləri ölkəmizə gətirən vəzifəli şəxsin kimliyi bəlli oldu! Səid Məhərrəmovun qanunlarımızın ayaqlar altına atılmasının qarşılığında ərəblərdən külli miqdarda vəsait aldığı iddia olunur “Hürriyyət”in ötən saylarının birində “Ərəbləri Azərbaycana hansı məmur dəvət edib?” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda qeyd etmişdik ki, ərəb turistlərin Qax (İlisu) Dövlət Təbiət Qoruğu ərazisində – Acınohurda nadir quşları və heyvanları ovlaması cəmiyyətdə haqlı etiraza səbəb olub. Bildirmişdik ki, Azərbaycanda qalmaqala səbəb olan, ölkəmizdə qanunsuz ov edən turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduğu haqda informasiyalar səslənir. Doğrudur, K.Heydərov, “Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir”, – deyərək, barəsində səslənən ittihamları rədd etmişdi. Lakin bunun ardınca Kəmaləddin Heydərovun məlum açıqlamasını təkzib edən yeni fotolar yayıldı. Hansı ki, bu fotolarda “fövqəlnazir”in Acınohurda nadir quşları və heyvanları ovlayan ərəblərlə birgə görüntüsü əks olunurdu… Məqalədə onu da vurğulamışdıq ki, ərəb turistləri Azərbaycana dəvət edərək qanunlarımızın ayaqlar altına atılmasına şərait yaradan məmur, kimliyindən, mövqeyindən və vəzifəsindən asılı olmayaraq, aşkara çıxarılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Azərbaycana gələn ərəblər ov mövsümünün bitməsinə baxmayaraq, 8-10, bəzi hallarda hətta 20 maşınla ova çıxıbsa, demək, onları “sizin üçün heç bir qırmızı işıq yoxdur”, – deyə arxayın edənlər olub. Üstəlik, o da aydın olmuşdu ki, ərəb turistlərin Azərbaycanda qanunsuz ov etməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iradəsindən kənarda baş verib. Yəni yüksək səlahiyyətli məmurlardan birinin tapşırığı ilə, artıq fevralın sonunda öv mövsümü bitməsinə rəğmən, nazirlik ərəblərə ov etmələri üçün icazə verməyə məcbur olub. Yazımızın sonunda isə oxucularımıza söz vermişdik ki, Azərbaycanda qanunsuz ov edən ərəblərin ölkəmizə hansı məmur tərəfindən dəvət olunması haqda daha ətraflı məlumat verməyə çalışacağıq. Beləliklə, son həftə ərzində apardığımız araşdırma nəticəsində Novruz Bayramı ərəfəsində ərəblərin Azərbaycana səfərini təşkil edən məmurun kimliyini ortaya çıxara bildik. “Hürriyyət”in əməkdaşının son dərəcə etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Azərbaycanda qanunsuz ov edən, nadir quşları və heyvanları ovlayan ərəb turistlərin ölkəmizə səfərini Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin rəis müavini Səid Məhərrəmov təşkil edib. Mənbə deyir ki, ərəblər S.Məhərrəmovun şəxsi qonağı olmayıb, sadəcə FHN əməkdaşı bu səfərin təşkili üçün onlardan külli miqdarda pul alıb… Əlbəttə, ərəblərin bu səfəri ilə bağlı fövqəlada hallar naziri Kəmaləddin Heydərovun da öncədən məlumatı olub. Lakin nazir FHN əməkdaşının bu iş üçün ərəblərdən böyük məbləğdə pul almasından, ümumiyyətlə bu səfərin kimlərinsə maddi maraqlarının təmin edilməsi üçün həyata keçirilməsindən xəbərsiz olub. Üstəlik, o da güman olunur ki, Səid Məhərrəmov ərəblərin ölkəmizə səfəri zamanı Kəmaləddin Heydərovun xəbəri olmadan, bəzi məsələlərdə onun adından da sui-istifadə hallarına yol verib… Şübhəsiz, yazımızın bu yerində dəyərli oxucularımızı düşündürən ilk sual bu olacaq ki, FHN əməkdaşı ərəblərin səfərini təşkil etmək, daha dəqiq desək, qanunlarımızın ayaqlar altına atılmasının, Azərbaycan xalqının qürurunun tapdalanmasının qarşılığında onlardan nə qədər pul alıb?! Əlbəttə, biz də bu haqda mənbəyə sual ünvanladıq. İlk olaraq cavabı bu oldu ki, “az deyil, külli miqdarda vəsaitdən söhbət gedir”. “Məsələn, 50 min dollardan azdır, ya çox”, – deyə təkrar sual etdikdə isə, mənbə Səid Məhərrəmovun ərəblərdən aldığı vəsaitin daha yüksək olduğunu vurğuladı. Məlumat üçün onu da bildirək ki, FHN əməkdaşının Azərbaycana səfərlərini təşkil etdiyi ərəblər Birləşmiş Ərəb Əmirliklərindən gəliblər. Onlar Kəmaləddin Heydərovun şəxsi qonaqları olmayıb. Sadəcə, Səid Məhərrəmov ərəblərdən aldığı vəsaitin qarşılığında, yaxın əlaqələri vasitəsilə (Güman olunur ki, Kəmaləddin Heydərovun da adından sui-istifadə olunub – müəl.) Ekologiya Nazirliyinin rəhbərliyinə zəng vurduraraq, ərəblərin Azərbaycanda maneəsiz ov etmələrinə razılıq almağa nail olub. Əlbəttə, ov mövsümü bitdiyindən, nazirlik bu məsələyə isti yanaşmayıb. Lakin tapşırıq “yuxarı”dan gəldiyindən, onlar da ərəblərin qanunsuz ov etmələrinə göz yummağa məcbur olublar. Mənbə onu da deyir ki, ərəb turistlərin Azərbaycanda istirahət etmələri və ova çıxmaları üçün bütün zəruri tədbirləri də məhz Səid Məhərrəmov şəxsən həyata keçirib. Məsələn, onlar üçün qalmağa yer, ərzaq təminatı, xüsusi avtomobillər, ov üçün silahlar, çadır və s. Əlbəttə, bütün bunlar FHN-nin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin səlahiyyəti çərçivəsində olmadığından, Səid Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi şübhəsizdir. Çünki bu səlahiyyət məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına aiddir. O halda S.Məhərrəmov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərini neçə “ələ keçirə” bilib? Deməli, ya Kəmaləddin Heydərovun adından sui-istifadə hallarına yol verilib, ya da nazirin şəxsi tanışları və bir neçə dəfə də qonaq qismində ölkəmizə dəvət olunan ərəblərə “qarmaq atmaqla”, onlar vasitəsilə özünə “biznes sahəsi” yarada bilib. Yeri gəlmişkən, varlı ərəblərin Azərbaycanın ov turizminə diqqət göstərməsi faktı yeni deyil və bu səbəbdən bir çox ərəb ölkələrində ölkəmizə qarşı böyük maraq var. Belə olan halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə turizmin inkişafı naminə bu sahəyə xüsusi diqqət ayırmalıdır. Məsələn, nazirliyin ciddi nəzarəti altında və xüsusi bələdçilər ayrılmaqla, ən əsası isə büdcəyə müəyyən qədər vəsit ödənilməsinin qarşılığında, turistlərin ölkəmizdə ov etməsinə şərait yaradıla bilər. Yoxsa kimlərinsə cibi dolsun deyə qanunlarımızı və xalqımızın qürurunu ayaqlar altına atmaq olmaz! RƏŞAD Redaksiyadan: Mövzu ilə bağlı dünən gün ərzində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab verən olmadı. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |