Əsas Səhifə > Cəmiyyət, Manşet > Qarabağ qazisinin evi uçdu, aidiyyatı qurumlar tədbir görmədi

Qarabağ qazisinin evi uçdu, aidiyyatı qurumlar tədbir görmədi


26-06-2021, 11:40
Qarabağ qazisinin evi uçdu, aidiyyatı qurumlar tədbir görmədi
“Hürriyyət”in ötən saylarında Lerikin Kornədi kəndindən material hazırlamışdıq. Əməkdaşımız sözügedən kəndə səfər edərək, buradakı problemlərin birbaşa şahidi olmuşdu. Həmin vaxt Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Elçin Şərbətovun mənzilinə üz tutan əməkdaşımız, evin torpaq sürüşməsinə məruz qaldığını görərək, foto lentə almışdı.

Həmin vaxtdan etibarən, rayonun Kornədi kəndində yaşayan vətəndaş qəzalı evlə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsə də, hələ müsbət cavab verilməyib. Elçin Şərbətov “Hürriyyət”ə bildirdi ki, hazırda qəzalı evdə ailəsinin 8 üzvü yaşayır:

“Evimiz 1981-ci ildə atam tərəfindən tikilib. Ekologiya Nazirliyindən də evə baxış keçirilib. Hələ ki, nəticə yoxdur. Eyni zamanda, rayonumuzun deputatı İqbal Məmmədova da müraciət etmişik. İqbal müəllimin göstəriş verməsinə baxmayaraq, hələ ki, qəzalı evdə yaşamaq məcburiyyətində qalmışıq.

Bu yaxınlarda özüylə də görüşmüşəm. Bakıdan Ekologiya Nazirliyinin əməkdaşları gəlib, baxış keçirib, rəy də verib. Lakin Fövqəladə Hallar Komissiyasından cavab yoxdur. Özüm də Qarabağ müharibəsində iştirak etmişəm. Hazırda qəzalı evdə 8 nəfər ailə üzvüm yaşayır. 4 övladım var. Kənd nümayəndəmiz də bildirib ki, qəzalı evdə yaşaya bilmərik. Ev çiy kərpicdən tikildiyi üçün torpaq sürüşməsinə məruz qalıb”.

Məsələ ilə bağlı kənd icra nümayəndəsi Elxan Aslanovla əlaqə saxladıq. İcra nümayəndəsi “Hürriyyət”ə təsdiqlədi ki, Ekologiya Nazirliyinin əməkdaşları tərəfindən qəzalı evə baxış keçirilib: “Vətəndaş müraciət edib, biz də yerində baxış keçirib, aktlaşdırmışıq. Aktlaşdırdıqdan sonra, sənədləri Lerik rayon Fövqəladə Hallar Komissiyasına vermişik. Fövqəladə Hallar Komissiyası tərəfindən də birinci növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. Daha sonra, nazirliyin nümayəndələri gəlib yerindəcə baxış keçirir. Baxış keçirildikdən sonra, əgər qəza fövqəladə vəziyyət zamanı olubsa (torpaq sürüşməsi, külək, zəlzələ), akt Fövqəladə Hallar Nazirliyinə göndərilir. Vətəndaş da bizə müraciət etdikdən sonra, həmin tədbirləri görmüşük.

Ekologiya Nazirliyi də qəzalı evə baxış keçirib. Bizə hələki heç nə deyilməyib. Yəqin ki, rəyi Fövqəladə Hallar Komissiyasına veriblər. İcra Hakimiyyəti ailəni evlə təmin etməyib. Sadəcə, ailəyə bildirilib ki, yaxın qonşuda və ya qohumlarda qalsınlar. Əslində, kənddə qəzalı evlər çoxdur”.

Fakt isə odur ki, kənd sakininin evinin qəzalı vəziyyətə düşməsi xəbərini verməmizdən aylar ötməsinə baxmayaraq, heç bir tədbir görülməyib. Nəticədə qəzalı vəziyyətdə olan evin bir hissəsi dağılıb. Təxminən 4 ay əvvəl məsələni işıqlandırdığımız zaman aidiyyatı qurumlar problemin tezliklə həllini tapacağını desələr də, lakin heç bir tədbir görülməyib.

Mövzu ilə bağlı Lerik rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Rayon icra başçısının Sosial-İqtisadi məsələlərin proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov “Hürriyyət”ə məsələylə bağlı aidiyyatı qurumlara müraciət edildiyini deyib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi evə baxış keçirib, torpaq sürüşməsinin baş verdiyi müəyyənləşib. Tədbir görülməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Fövqəladə Hallar Nazirliyi də bundan sonraki proseslərlə bağlı qərar qəbul etməlidir. Dəymiş ziyan müəyyənləşdirilməlidir. Biz rayon İcra Hakimiyyəti olaraq müraciətimizi aidiyyatı quruma göndərmişik”.

P.S. Mövzunu davam etdirəcəyik. Ümid edirik ki, aidiyyatı qurumlar 8 nəfərlik ailə üzvünün yaşadığı evin tam sürüşməyə məruz qalmadan öncə, bərpa edilməsini təmin edəcəklər.

Qarabağ qazisinin evi uçdu, aidiyyatı qurumlar tədbir görmədi
Qarabağ qazisinin evi uçdu, aidiyyatı qurumlar tədbir görmədi
Qarabağ qazisinin evi uçdu, aidiyyatı qurumlar tədbir görmədi
Qarabağ qazisinin evi uçdu, aidiyyatı qurumlar tədbir görmədi

Geri qayıt