Əsas Səhifə > Cəmiyyət, Manşet > "Mənə bildirdilər ki, bu sənəd o qədər də önəm daşımır..."
"Mənə bildirdilər ki, bu sənəd o qədər də önəm daşımır..."16-07-2021, 12:43 |
Məhərrəm Quliyev deyir ki, atasının adına olan 8 sot torpaq sahəsi xəbərdalıq edilmədən başqa şəxsin adına keçirilib. Şəmkirin Çinarlı qəsəbəsində anadan olan Quliyev Məhərrəm Yaşar oğlu Milli.Az-a müraciət edərək, atasının adına olan 8 sot torpaq sahəsinin qanunsuz olaraq başqa şəxsə satıldığını iddia edir. Məhərrəm Quliyev dəfələrlə aidiyyatı qurumlara müraciət etdiyini desə də, problemi həllini tapmayıb: "1997-ci ildə Şəmkirin Çinarlı qəsəbəsində hər ev başına 8 sot həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq atam Quliyev Yaşar Hüseyn oğlunun adına olub. 2009-cu ildə isə verilmiş 8 sot torpaq sahəsi qanunsuz sənəd əsasında satılıb. Dəfələrlə Şəmkir rayonu Çinarlı qəsəbəsi bələdiyyəsinə və kənd sovetinə, eyni zamanda Şəmkir şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Ora getdiyim zaman Torpaq və xəritəçəkmə şöbəsinin nümayəndəsi də orada idi. Daha sonra icra başçısının müavini Tofiq müəllim məni qəbul etdi. Problemimi ona danışdım. Bildirdi ki, biz sənə kömək edə bilmərik. Daha sonra bu qurumlardan məni Şəmkir şəhər Məhkəməsinə yönləndirdilər. Lakin bunun da heç bir nəticəsi olmayıb. Məhkəmənin əməkdaşı mənə ərazinin "çertyojunu" gətirməyimi bildirdi. Sadəcə, mənim əlimdə ərazinin atamın adına olmasıyla bağlı sənəd var. Başqa sənəd yoxdur. Mənə bildirdilər ki, bu sənəd o qədər də önəm daşımır. Bundan əlavə, dəfələrlə aidiyyatı qurumlara da müraciət etmişəm. Həmin qurumlarda məsələnin tezliklə həll olunacağını desələr də, təəssüf ki, problem olduğu kimi qalmaqdadır. Hazırkı bələdiyyə sədri bildirir ki, "məndən əvvəlki bələdiyyə sədrinin vaxtında sözügedən torpaq sahəsi satılıb". İddia edirlər ki, bələdiyyə binası yandırıldığına görə, bütün sənədlər yanıb. Bu baxımdan bərpa edə bilmədiklərini deyirlər. Qeyd etmək istəyirəm ki, hazırda arxiv idarəsinə verilmiş 8 sot torpağın atam Quliyev Yaşar Hüseyn oğlunun adına sənədi var". Qarşı tərəfin də cavabını işıqlandırmağa hazırıq... Geri qayıt |