Əsas Səhifə > Cəmiyyət, Manşet > Məmur şəbəkəsi Qusara necə qan qusdurur...

Məmur şəbəkəsi Qusara necə qan qusdurur...


24-08-2021, 11:20
Məmur şəbəkəsi Qusara necə qan qusdurur...
Dəyərli oxucularımıza öncə onu bildirək ki, ikincidən savayı digər üçü bir vaxtlar rayonda fəaliyyət göstərən “III Beynəlmiləl” sovxozu kəndlərinin sakinləri olublar. Hazırda dördü də rayon icra hakimiyyətinin yüksək vəzifəli məmurlarıdır.
Bu və digər faktlar haqqında qəzetə yazmaq istədiyimi eşidəndə həmkar dostumun rəngi ağardı və oğrun-oğrun, gizlin-gizlin sağa-sola boylanıb, ətrafına nəzər salıb, barmaqları dodaqlarına yaxınlaşdırıb məni susmağa dəvət etdi.
-Şşşş!...
Yəni demək istəyirdi ki, arxalarını şiş Şahdağa söykəmiş “şan-şöhrətli”, “sücaətli”, “Şvartsneqqer şəbəkəçilərin” sizi şil-şikəst edəcəklərinin fərqindəsinizmi?
“Şuluqçu şikayətçi” (bu, “Ş” əməliyyatçılarının fikridir) kimi mən baş verə biləcək şantaja, şaiyəyə uymayaraq gah Leonid Qaydayın “I” əməliyyatı və “Şurikin başqa macəraları” filmindəki qeyri-adi sərgüzəştlər, şəngülüm-şüngülüm hərəkətlər haqda düşünür, gah da mərd, ədalətli, xalq yolunda can qoyan, “Şah qanun deyil, Qanun şahdır” prinsipli baş qəhrəmanı Şarvili olan eyniadlı məşhur qəhrəmanlıq dastanını xəyalımda canlandırdım.
Başlayaq əməliyyata...
(Əvvəli ötən sayımızda)

Ş.Alxasov məzarlığa yaxın uşaq-əyləncə istirahət parkının müəyyən hissəsini digər müavini Şahid Fərəməzova satmış, o da orada qızına dəbdəbəli yaşayış evi tikmişdir. Ş. Fərəməzovun başqa obyektləri olması barəsində məlumatlar mövcuddur.
“İnternat bağı”na, “Yaşıl park”a, “Bənövşə gölü”nə, futbol stadionuna və.s. yerlərə edilən “təcavüz”, tutulan divan haqqında çox deyilib, çox yazılıb. Gələcəkdə də çox danışılacaqdır.
Bəs necə olur, belə vandal, barbar və digər rüsvayçı hərəkətlər baş verir? Çünki geyri-qanuni yollarla zənginləşən, harınlaşan, quduran məmurlara, onlara havadarlıq edənlərə vaxtında tədbir görülmür, vurulduqdan sonra sandığı açıb, pambığı tökmək, ulularımız demiş, arxadan atılan daşa bənzəyir və həmin daş tamahkar başa yox, topuğa dəyir. Dövlət büdcəsinə, cəmiyyətə, insan mənəviyyatına vurulan ağır zərbələr isə artıb öz dağıdıcı işini görüb. “Balıq bilməsə də Xalıq bilər” deyə yazılmış cəsarətli jurnalist çıxışlarına, vətəndaş etirazlarına təəssüf ki, “it hürər, karvan keçər” kimi etinasız münasibət bildirilir.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra rəsmi dövlət statusu bərpa olunan 9 May Qələbə günü keçmiş Sovetlər məkanında yaşayan xalqların dostluğunun, birliyinin, gücünün faşizm üzərində tarixi qələbədən doğan iftixar hissinin təntənəsi kimi milyonlarla sülhsevən insanların xatirəsində yaşayır. Prezident İ.Əliyev haqlı olaraq deyir ki, gələcək nəsillər faşizm üzərində qələbəni müqəddəs dəyər kimi yad etməlidir.
Bu tarixi qələbədə qusarlıların da böyük payı var. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizinə qoşulan baba və nənələrimiz, ana və bacılarımız ön cəbhədə vuruşan oğullarımızı qələbəyə ruhlandırmış, gecəni gündüzə qatmışlar. Amma Qusarda 1941-1945-ci illərin Böyük Vətən müharibəsi tarixinə dair təhrif edilmiş faktlar, səhv məlumatlar, vandal hərəkətlər Qarabağda qazandığımız zəfərimizi, əhval-ruhiyyəmizi korlayır, dərindən təəssüf hissi keçirməyə məcbur oluruq.
Keçək fakt və sübutlara. “Qusar” qəzetinin redaktoru Vidadi Sevzixanov icra başçısı Şair Alxasovun çıxışına istinadən başabəla məqaləsində yazır: “Məşəqqətli müharibə illərində rayonumuzdan 10 min nəfər silaha sarılaraq bu böyük savaşda qələbənin qazanılmasında fəal iştirak etdi. Onlardan 4 min nəfərinə geri qayıtmaq nəsib olmadı. Dörd Qusarlı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada yayiq görüldü.” Həmin məqalənin digər yerində isə yuxarıda göstərilən rəqəmlər yalana çıxarılır. “Faşizm ilə savaş səngərlərinə 10125 nəfər Qusarlı yollanmış, onlardan ancaq 6025 nəfəri geri qayıtmış, qalanları qəhrəmanlıqla həlak olmuşdur”. Güya itkin və əsirlər olmayıb.
Bir-birinə zidd rəqəm səhvləri, qeyri-dəqiq dəlillər, oxucuları çaş-baş salır. Doğrusu isə budur: Qusarlılardan ancaq 3 nəfəri – Mirzə Vəliyev, Adil Quliyev və Aleksandr Rıbnıkov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Birincisi, bizi belə bir sual düşündürür: bəs o məqalədəki 4-cü uydurma “qəhrəman” kimdir? Çox fikirləşdik, çox götür qoy-elədik, o ya Şair Alxasovdur, ya da Vidadi Sevzixanov. Məntiqdən belə çıxır da. Yalandan 4-cü qəhrəman adını ortaya atanlar onlardır axı. İkincisi, dedik bəlkə Qusar Tarix-Diyarşünaslıq muzeyində eksponatların diliylə qaranlıq məsələlərə aydınlıq gətirə bildik. Paho! Muzeydə faktlar elə yaralı və şikəstdir ki, onların müalicəyə, reabilitasiya tədbirlərinə böyük ehtiyacı var. Belə ki, keçmiş döyüşçülərdən ikisinin adı, soyadı, atasının adı səhv olaraq eyni göstərilmiş, bir müharibə veteranının - Rəşid Hüseynovun fotosu lövhədə təkrar yer almışdır(İki adamın bir adı, bir adamın iki şəkli). Ekspozisiyada oxuyuruq: Böyük Vətən müharibəsi illərində rayonlarımızdan cəbhəyə çağırılmış 10115 nəfərin 3025 nəfəri geri qayıtmamışdır. “Geri qayıtmamışdır” sözündə itkin və əsir düşmüş, girov götürülmüş, ölmüş kimi mənalar əks olunduğundan qeyri-dəqiqdir, tamaşaçını qane edə bilməz. Çox tarixi faktların baş-ayq yazıldığı bu muzeyi həqiqətən səhvlər muzeyi adlandırırlar. Burada güman etdik ki, 4-cü “qəhrəman” yəqin muzeyin direktorudur.
Mənə bir qrup rayon ziyalısının imzalayıb Azərbaycan Prezidentinə ünvanladıqları müraciətini təqdim etdilər. Müraciətdə yazılmışdı ki, Şair Alxasov 9 May Qələbə bayramı ərəfəsində Böyük Vətən müharibəsində həlak olmuş qusarlı həmyerlilərinin şərəfinə inşa olunmuş və dövlət tərəfindən qorunan memorial xatirə kompleksini dağıtmış, yerlə yeksan etmiş, özünün biznesinə qurban vermişdir. Lap müharibədə olduğu kimi darmadağın etmişdir.
Müraciət tamamilə doğrudur. Həmin abad xatirə kompleksinin möhtəşəm fotosuna və dağıdılmış sahəsinin hazırkı vəziyyətinə baxanda adam heyrətini gizlədə bilmir. Əlavə edək ki, kəndlərdəki Böyük Vətən müharibəsində həlak olanlara ucaldılmış xatirə abidələrinin indiki durumu da ürəkaçan deyil.
Qusar Şair Alxasov dövründə ən ağır dönəmini yaşayır. Əvvəlki rayon rəhbərləri – M. Murtuzayev, A. Manafova, İ. Əmirov və başqaları rayonun çiçəklənməsi, camaatın gözəl yaşaması üçün yorulmadan əmək sərf ediblər, xalqın xeyrinə öz qüvvələrini əsirgəməyiblər. O vaxtlar rayonun nüfuzu, hər sahədə göstəriciləri kifayət qədər yüksək olub. Rayon işgüzar və savadlı kadr potensialı ilə seçilib.
Təəssüf ki, Ş. Alxasov dövründə mənəvi dəyərlər, gözəl keyfiyyətlər, mənəviyyat, abır-həya, insaf, haqq-ədalət, əl tutmaq və.s. darmadağın edildi. Ziyalılar, nüfuzlu şəxslər, istedadlı və bilikli adamlar oyundankənar vəziyyətə salındı. Qisa müddət ərzində qohumbazlıq, tayfabazlıq kimi eybəcər hallar artdı. Şəxsi münasibətlər prinsipi əsasında, tanışlıq metodu ilə kadr təyinatı həyata keçirilməklə yanaşı, rayonda avtoritar idarəçilik sistemi quruldu. Maliyyə vəsaitinin müxtəlif yollarla səbatsız, simasız, şərəfsiz zadların əliylə mənimsənilməsinə, talan edilməsinə, qeyri-qanuni işlərin aparılmasına rəvac verildi. İcra başçısı insanların dövlətə olan inamını sarsıtdı. Nəinki dirilərin, hətta ölülərin ruhunu təhqir etməkdən belə çəkinmədi. Ş. Alxasov onu dəqiq faktlarla tənqid edən, maddiyatda gözü olmayan, yüksək mənəviyyatlı şəxslərin, parlaq ziyalıların üstünə getməklə, onları alçaltmaqla, təhqir etməklə, işgüzar nüfuzuna xələl gətirməklə, ləkələməklə, ümidləri puç etməklə, polislə qorxudub, ölümlə hədələməklə məhv etmək yolunu tutdu. Açıq və gizli şəkildə ailələrinə, yaxınlarına bacardığı qədər zülm, pislik etməklə maddi və mənəvi əzab-əziyyət, işkəncə verməklə iş-gücünü bitmiş hesab etdi.
Mən və mənim kimi ziyalılar Şair Alxasovdan təhqir, təhdid, yalan, ayrı-seçkilik və.s. iyrənc əməllərdən savayı heç nə görməmişik. O, Azərbaycanı sevən, xidmətləri olan işıqlı kadrları yaxınına buraxmayıb, adam yerinə qoymadı. Budur, Qusarda Şair Alxasov dövrünün həqiqətləri! Nə qədər ki Şair Alxasovlar başçı kreslosundadır, inanın, işlər normal məcraya düşməyəcək, heç bir problem də qaydasınca həll olunmayacaq, əksinə günü-gündən daha axsayacaq, kəskinləşəcək, dərinləşəcək.
Qusar qan qusur, başçının bəd əməlləri belə deməyə əsas verir. “Ş” əməliyyatına qarşı, həkimlərin dili ilə desək, təcili cərrahiyə əməliyyatı keçirilməli, reanimasiya tədbirləri görülməli, təxirəsalınmadan rayona “donor qanı” köçürülməlidir. Özü də rüşvətə bulaşmış tamahkarların, hərislik virusuna yoluxanların qanı yox, əməlisaleh, humanist insanların, müasir, sağlam təfəkkürlü kadrların müqəddəs və pak qanı! Onda Qusar sağalıb qəddini düzəldəcək, yaşayacaq, irəli gedəcək, uğur qazanacaq və əvvəlki şöhrətini bərpa edəcək. Birdəfəlik bilmək lazımdır ki, Şair Alxasovlar ağrıdan başqa bir şey deyil və bu ağrı-acını hələ uzun illər çəkəcəyik.
Dövlət təsissatlarına, hökümət qurumlarına Azərbaycan yazıçısı kimi çox böyük hörmət və ehtiramım var. Dövlətini və dövlətçiliyini qəlbən sevən bir vətəndaş olaraq hesab və təklif edirəm ki, rayon icra hakimiyyətləri ləğv edilməlidir. Hazırki Qusar rayonu Quba, Xaçmaz, Şabran, Siyəzən ərazilərində yaradılacaq mahala birləşdirilsə, sözün bütün mənalarında daha səmərəli, daha məqsədəuyğun olardı.
Əlbəttə, Qarabağ kimi çox mürəkkəb, çətin və vacib problemi zəfərlə yoluna qoyan Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyev nəyi, nə vaxt və necə həll edəcəyini hamıdan yaxşı, hamıdan gözəl bilir.

Həsən Xasıyev
Yazıçı-publisist
//hurriyyet.az//


Geri qayıt