Əsas Səhifə > Cəmiyyət, Manşet > "Hökumət fürsətdən istifadə edib kəndin məktəbini əsaslı təmir edəydi..."
"Hökumət fürsətdən istifadə edib kəndin məktəbini əsaslı təmir edəydi..."2-09-2021, 09:02 |
“Sabah məktəblər açılsa, uşaqlarımız yenə dərs oxumağa 5-6 kilometr aralıdakı qonşu kəndlərə üz tutacaqlar. Çox istərdik nə qədər ki, pandemiyadır, nə qədər ki, uşaqlar distant təhsildədilər, hökumət fürsətdən istifadə edib kəndin məktəbini əsaslı təmir edəydi”. Bu, Göyçay rayonunun Aşağı Qaraməryəm kəndinin sakinlərinin arzusudur. Aşağı Qaraməryəmli kənd orta məktəbi 1969-cu ildə istifadəyə verilib. Əvvəllər 8 illik, sonralarsa 11 illik məktəb kimi fəaliyyət göstərib. Sakinlərin deməsinə görə, məktəb bircə dəfə də əsaslı təmir olunmayıb. Elə ona görə də döşəmələri ayaq altdan qaçır, tavanı başa çökür: “Uşaqlar məktəbdən evə bit-birə gətirirlər” “Döşəmənin çürümüş taxtaları arasından ilan çıxır, qurd-quş çıxır… Bu məktəbdə uşaqları dəfələrlə ilan sancıb. Dəhlizlərdə siçovullar adamın ayağının altından qaçır. Dam örtüyü çürüyüb, qular dam örtüyündə yuva salıblar, bit-birə yuxarıdan sinif otaqlarına tökülür. Uşaqlar məktəbə gedən ilk gündən üstündə evə bit-birə gətirir. Əsasən də qızların saçı uzun olur deyə, bit-birələrini təmizləmək çətin olur”. Məktəbin qazanxanası yoxdur. Qışda sinif otaqlarının istiliyi şagirdlərin edən gətirdikləri odun parçaları hesabına həll olunur. Bütün bu problemlərə görə çoxu uşağını qonşu kəndlərdəki normal şəraiti olan məktəblərə göndərməli olur. Sakinlər deyir, bir neçə il əvvəl hökumət qonşuluqdakı Yuxarı Qaraməryəmli kəndindəki orta məktəbi əsaslı təmir edib, lazım olan avadanlıqlarla, məktəb ləvazimatlarıyla təchiz edib, istədikəri odur ki, bir gün Aşağı Qaraməryəmin də işıqlı, geniş, səliqəli məktəbi olsun. “10 dəqiqəlik yolu 40 dəqiqəyə gedirik” Aşağı Qaraməryəmin yol dərdi də var. Kənd sakinlərinin sözlərinə görə, Ucarın Müsüslü kəndindən İsmayıllıyadək uzanan yolun 19 kilometri bərbad vəziyyətdədir. Bərbad hissə Aşağı Qaraməryəmlinin də payına düşür. “Müsüslüyə 10 dəqiqəlik yolu 40 dəqiqəyə gedib çıxırıq. Öz kəndimizdən rayon mərkəzinə 1 saata çatırıq. Qışda isə lap çətin olur bizə… Maşınlarımızı təmir etdirməkdən təngə gəlmişik. Yollarımız problemli olduğuna görə taksilər də baha xidmət göstərir. Dəfələrlə müraciət etmişik, deyirlər büdcədən pul ayrılanda düzələcək”, – sakinlərdən biri deyir. Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, Aşağı Qaraməryəmli kəndinin məktəbinin əsaslı təmiri üçün sakinlərin müraciəti əsasında aidiyyəti qurumlara məktub göndərilib, ancaq hələlik heç bir yenilik yoxdur. Yolların təmiri də diqqət mərkəzindədir və aidiyyəti qurumlara müraciət olunub. Meydan TV Geri qayıt |