Əsas Səhifə > Cəmiyyət, Manşet > Bələdiyyə sədrinin müavini 2007-ci ilə aid möhürlərlə torpaq satır...

Bələdiyyə sədrinin müavini 2007-ci ilə aid möhürlərlə torpaq satır...


9-09-2021, 11:54
Bələdiyyə sədrinin müavini 2007-ci ilə aid möhürlərlə torpaq satır...
Bu günlərdə videobloqqer Rəşid Rəhimov “Youtube” sosial şəbəkəsində Neftçala bələdiyyəsi ilə bağlı ağır ittihamlarla çıxış edib. Əlindəki sənədləri nümayiş etdirən Rəşid Rəhimov Neftçala blədiyyəsinin saxta sənədlərlə torpaq satışı həyata keçirdiyini ortaya qqoyub.

Maraqlı məqamlardan biri də odur ki, keçmiş tarixə torpaq satan şəbəkəyə bələdiyyə sədri Rövşən Quliyev deyil, onun müavini Ramil Vəliyev və qardaşı, bələdiyyəyə heç bir əlaqəsi olmayan, Neftçala 1 saylı məktəbdə müəllim işləyən Samir başçılıq edir. Ümumiyyətlə isə Rəşid Rəhimovun iddiasına görə Rövşən Quliyevin bələdiyyə sədrliyi formal xarakter daşıyır (Qeyd edək ki, icra orqanları bələdiyyə orqanını o qədər urvatsız quruma çevrilib ki, bir çox rayonlarda kənd bələdiyyələrinə sədr belə tapmaq olmur və bir çox bələdiyyələrdə isə sədrlər sadəcə sənəddə sədrdirlər və əslində onların funksiyalarını bələdiyyəyə aidiyyatı olmayan, əsasən icra orqanlarına bağlı olan insanlar həyata keçirir.) və əslində bələdiyyədə baş verənlərdən sözdə “sədrin” heç xəbəri də yoxdur. Bələdiyyənin bütün fəaliyyətini isə Ramil və Samir Vəliyev qardaşları yönləndirirlər. Şəbəkənin əsas işi isə saxta sənədlərlə həyatyanı sahə üçün torpaq satmaqdır.



PİA.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, videoda gördüyünüz torpaq satışı sənədləri ancaq 2007-ci ilə qədər vermək mümkün idi. 2007-ci ildən sonra isə bələdiyyənin rəsmi müraciəti əsasında ləğv olunmuş Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi arayışı üzərinə Dövlət Əmlak Komitəsi tərəfindən “Çıxarış” verilib və həmin “Çıxarış” üzərində də bələdiyyə satışı həyata keçirib. Satışdan əldə olunan vəsait isə bələdiyyənin hesabına köçüb. 2015-ci ildə Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək Əmlak Komitəsinə birləşdirildikdən sonra isə həyatyanı sahələri üçün torpaq satışları ancaq Əmlak Komitəsinin verdiyi “Çıxarış”lar əsasında həyata keçirilir.

Videoda nümayiş etdirilən sənəd isə “Çıxarış” olmadığına görə, onda belə çıxır ki, bu saxta sənədlər və torpaq satışları 2007-ci ildən əvvələ hazırlanır. Burdan da belə çıxır ki, Ramil və Samir Vəliyev qardaşlarında 2007-ci ilə aid bələdiyyə möhürü, həmçinin ləğv olunmuş Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin möhürü var. Həmin dövrdə bələdiyyədə və Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala şöbəsində çalışan məsul şəxslərin mzalarını saxtalaşdırmaq çətin olmasa da, etiraf etməliyik ki, kimlərdəsə ləğv olunmuş dövlət qurumunun möhürünün olması və bu möhürlə keçmiş tarixə saxta sənədlərin verilməsi ciddi məsələdir. Hüquq-mühafizə orqanları, o cümlədən Neftçala rayon prokurorluğu, həmçinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Şirvan Regional İdarəsi ciddi şəkildə bu məsələ ilə maraqlanmalı və iddiaları araştırmalıdır. Ən adi araşdırma isə videobloqqerin nə qədər haqlı olduğunu ortaya çıxaracaq. Çünki iddilar doğrudursa, bələdiyyə adından keçmiş tarixə satılmış torpaqların sənədləri mərkəzi qurumlarda olmayacaq.

Qeyd edək ki, Neftçaladan əldə etdiyimiz məlumata görə Ramil və Samir Vəliyev qardaşlarının bu şəbəkə fəaliyyətləri ilə bağlı Neftçala bələdiyyəsinin üzvləri məlumatlı deyillər və onların bəziləri də baş verənlərdən sözü keçən videonun yayılmasından sonra xəbər tutublar.


Geri qayıt