Əsas Səhifə > Cəmiyyət, Manşet > "İcra hakimiyyətinə gedib-gəldik ki, heç olmasa bizə də bir sığınacaq verin..."

"İcra hakimiyyətinə gedib-gəldik ki, heç olmasa bizə də bir sığınacaq verin..."


24-11-2021, 09:44
"İcra hakimiyyətinə gedib-gəldik ki, heç olmasa bizə də bir sığınacaq verin..."
“Raket bizim evin 30 metrliyinə düşmüşdü, evimiz dağılmışdı. Bizə “yataqxanada boş yer yoxdur” deyib, yer vermədilər. İndi də deyirlər, yataqxanadan kənarda qalanlara kirayəhaqqı verilmir”.

Ötən il İkinci Qarabağ Müharibəsi zamanı, oktyabrın 17-də Gəncəyə endirilən raket zərbələri nəticəsində evindən didərgin düşənlərdən biri də Zeynalovlar ailəsidir. Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, 2-ci döngə, ev 8 ünvanında yerləşən ikimərtəbəli şəxsi mülk raketin düşdüyü nöqtədən 30 metr aralıda – hadisə baş verən ən yaxın ərazidə olub.

Şahnaz Zeynalova deyir, onun evinə yaxın bir neçə ev tamamilə dağılıb, onun evi isə yaşamaq üçün yararsız vəziyyətə düşüb:

“Hadisənin üstündən 1 il keçir, bu müddət ərzində cəmi iki ev tikilib, şəxsən bizim evin tikintisinə hələ bu ilin sentyabrından başlayıblar. Bunu da keçək, iş orasındadır ki, bizə heç kirayəhaqqı da ödənilmir. Evimiz dağılandan sonra 3 ay qapılarda qaldıq, icra hakimiyyətinə gedib-gəldik ki, heç olmasa bizə də bir sığınacaq verin, evimiz tikilənədək küçədə qalmayaq, dedilər, imkan yoxdur, qohumlarınızın evində qalın”.

Şahnaz Zeynalovanın sözlərinə görə, icra hakimiyyətinin bu ailəyə əl tutmamasının səbəbi yataqxanada qalmamaqları olub:

“Ev dağıldı, övladım baş vermiş hadisədən psixoloji sarsıntı keçirtdi, məcbur olub Bakıya apardıq, başımız iki ay onun sağlamlığının bərpasına qarışdı. Gəncəyə qayıtdıq, evləri dağılan ailələri yataqxanaya yerləşdirmişdilər, biz də yataqxanaya yerləşmək istədik, dedilər ki, gec müraciət etmisiz, yer yoxdur. Dəfələrlə icra hakimiyyətinə müraciət etsək də, bizə yataqxanadan yer verilmədi, eləcə, dedilər, bir qohum evi tapın, eviniz düzələnəcən orda yaşayın. Qohum da adamı 3-5 gün saxlayar. Məcbur olduq ki, öz dağılmış evimizin ətrafını, üstünü sellofanlayaq, orada yaşayaq. Elə də etdik. Sentyabr ayınadək o dağılmış evdə zülm çəkdik”.

Bu il sentyabrın ortaları ailə dağılmış evindən də çıxarılıb, sentyabrın 25-dən isə keçmiş evin yerində yenisinin tikintisi başlanıb. İndi də Zeynalovlara kirayə köçdükləri evin kirahaqqısı ödənilmir:

“Elə deyirlər, yataqxanaya yerləşmədiyiniz üçün sizə heç bir maddi yardım düşmür. Halbuki, dediyim kimi, bizi yataqxanaya özləri yaxın buraxmadılar. Küçəmizdə bizdən başqa daha üç ailəyə heç bir maddi yardım olunmur. Ancaq bizdən və raketin düşdüyü nöqtədən aralıda bina evinin qırılmış şüşələrinə görə hər yardımı etdilər o binalarda yaşayanlara… İcra hakimiyyəti zərərçəkmiş vətəndaşlar arasında ayrı-seçkilik edir”.

Zeynalovlar hər ay 250 manat kirayəhaqqı ödəyirlər. Evlərinin tikintisinin nə zaman başa çatacağını bilmirlər.
Gəncədəki məlum dağıntılarla bağlı sakinlərdən Meydan TV-yə vaxtaşırı narazılqılar daxil olur. Məsələn, bu yaxınlarda Aida İmanquliyeva küçəsinin sakinləri tikinti işlərinin ləğn getməsindən gileylənib. Bir qisim sakin isə kompensasiyaların ödənilməsində ayrı-seçkiliyə yol veriliyini dilə gətirib.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, müharibə zamanı zərər görən yaşayış obyektlərinin tikintisinə Dövlət Şəhərsalama və Arxitektura Komitəsi nəzarət edir.

Ötən il Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə raket atılması nəticəsində təxminən 3800 tikili ya tamamilə dağılıb, ya da qismən qəzalı vəziyyətə düşüb. 35-ə yaxın ev yenidən tikilir. 2300 tikilinin təmiri başa çatıb. Qalan evlərin təmir-bərpası işləri davam etdirilir. Kompensasiyalar yalnız az zərərçəkmiş tikililərin sahiblərinə ödənilib.

Muxtar Hacıyev küçəsi, 2-ci döngə, ev 8 ünvanında yerləşən və raket atılması nəticəsində qəzalı vəziyyətə düşmüş ikimərtəbəli şəxsi tikilinin yerində də yeni ev inşasına başlanılıb. Zeynalovlar ailəsinin kirayəhaqqıyla bağlı dediklərinə gəlincə, icra hakimiyyətindən bildirilib ki, vətəndaş müraciət etsə, məsələyə aydınlıq gətirilər.

Prezident İlham Əliyev zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar 2020-ci ilin dekabrın 14-də Sərəncam imzalamışdı. Həmin sərəncama görə, qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6000, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması nəzərdə tutulmuşdu.
//gozetci.az//


Geri qayıt