Əsas Səhifə > Cəmiyyət, Manşet > İmişlidə Heydər Əliyev Mərkəzinin işçiləri SOYUQDAN DONUR

İmişlidə Heydər Əliyev Mərkəzinin işçiləri SOYUQDAN DONUR


19-01-2022, 11:49
İmişlidə Heydər Əliyev Mərkəzinin işçiləri SOYUQDAN DONUR
İmişli rayonundakı Heydər Əliyev Mərkəzinə elektrik verilməsinin dayandırıldığı bildirilir. DİA.AZ xəbər verir ki, bu barədə AzadlıqRadiosuna həmin mərkəzin adının açıqlanmasını istəməyən işçilərindən biri məlumat verib. Onun deməsinə görə, elektrik enerjisinin verilişi kəsildiyindən bina gecə qaranlıq və soyuq olur.

"Elə bil buzxanadayıq"

"Bina yalnız kondisionerlə qızdırıldığından indi burada soyuqdan nəfəs çəkmək olmur. Elə bil buzxanadayıq. Kompüterlərimiz də işləmir. Amma belə vəziyyətdə də bizdən hər gün işdə olmaq tələb olunur".

Yerli mədəniyyət idarəsindən bildirilib ki, Heydər Əliyev Mərkəzinə elektrik enerjisi verilməsinin dayandırılması borcla bağlıdır.

"Bu Mərkəz İmişlinin klub, kitabxana, saray və digər mədəniyyət obyektlərinin toplamından çox enerji işlədib. İl təzə başladığından büdcə açılmayıb",- idarədən bildirilib.

Deyilənlərə, hələlik, Mərkəz rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

İcra hakimiyyətindən deyilənlər...

İndiyədək kütləvi tədbirlərin, yerli icra başçısının rüblük hesabatlarının bu mərkəzin 350-yerlik konfrans zalında keçirildiyi deyilir.

İmişli Rayon İcra Hakimiyyəti (RİH) başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova əvvəlcə məsələdən məlumatsız olduğunu deyib: "Araşdırarıq".

Sonradan o da idarənin borcunun olmasından bəhs edib. T.Cabbarova deyib ki, borc külli miqdarda olub, xeyli hissəsi ödənilib. Onun sözlərinə görə, qalan borcun ödənilməsi ilə bağlı danışıqlar aparılır. O əlavə edib ki, yaxın vaxtda məsələ yoluna qoyulacaq.

İmişlidəki Heydər Əliyev Mərkəzi 2012-ci ildə istifadəyə verilib. İkimərtəbəli, 2 min kvadratmetrlik bina müasir üslubda inşa edilib. Mərkəzin açılışında prezident İlham Əliyev də iştirak edib.

Geri qayıt