Əsas Səhifə > Cəmiyyət, Manşet > EKOLOGİYA BUDUR?!

EKOLOGİYA BUDUR?!


24-01-2022, 11:31
EKOLOGİYA BUDUR?!
"DogruXeber.az" redaksiyasına daxil olan çoxsaylı müraciətlərə, həmçinin sosial medialarda hər gün yayımlanan məlumatlara nəzər saldıqda belə məlum olur ki, ölkə ərazisində ekoloji terror hələ də davam edir. Bu qədər deyilənlərə, yazılanlara rəğmən "oksigen düşmənləri", "ciyər qənimləri" öz düşmən mövqelərini israrla qoruyurlar.

Maraqlıdır ki, mövcud durumdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi də xəbərdardır. Yəni, hər gün yayımlanan məlumatlardan ola bilməz ki, sözügedən Nazirliyin xəbəri olmasın. Nəyinki, mətbuatdan xəbərdar olmaq, hətta biz "DogruXeber.az" informasiya portalı olaraq, dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə zəng edərək, Bakı şəhər Tiblisi prospektində, "İST petrol"un yanında fəaliyyət göstərən restoranın zərər verdiyi ağaclar,



Cəlilabad rayonunun Göytəpə qəsəbəsində, Qurtuluş küçəsindəki istirahət parkında, yerində iaşə obyektləri tikilməsi üçün məhv edilən ağaclar



Həmçinin bir neçə ay əvvəl Daşkəsən rayon Çanaqçı kəndində, çayın məcrasında tikilən yaşayış villası və sair barəsində dəfələrlə şəxsən məlumat vermişik. Eyni zamanda, rəsmi müraciətlər və sorğular da göndərmişik.

Amma, E.T.S.N yenə də "karam - koram - lalam" prinsipini davam etdirir. Yəni, eşitdiklərinə qulaq, gördüklərinə göz yumur və hər şeyə rəğmən susur.
E.T.S.N-ə buvaxta qədər verdiyimiz məlumatlardan, yalnız Binəqədi rayon ərazisində, Tibbi Ekspertiza və Reabilitasiya mərkəzinin həyətində kəsilən ağaclar barəsində olan məlumata tez reaksiya verildi və tezliklə də dediklərinə görə prokurorluğa müraciət edildi. Qalanları barəsində isə, yenə də susur. Bu da belə düşünməyə əsas verir ki, yəqin Tibbi Ekspertiza və Reabilitasiya mərkəzi onların müəyyən maraqlarını təmin etməyib. Yoxsa, "ənənəyə sadiq qalaraq" susmağa nə var ki?!

Hələ Çanaqçı kəndində, çayın məcrasındaki villanın aqibəti barəsində də redaksiyamıza heç bir məlumat verilməyib. Təbii ki, o boyda villa, özü də qanunun icazə vermədiyi yerdə inşa etdirmək sıradan sakinlərin işi deyil. Yəni, anlayacağınız, burdan belə bəlli olur ki, O boyda qanunsuz əməllər törədənlərin, aidiyyatı qurumları susdurmağa da "güc"ü yetib.

Belə düşündüyümüzə görə bizi qınamayın. Bu fikirləri bizdə yaradan, ölkə ərazisində hər gün kəsilən ağaclara, məhv edilən yaşıllıqlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reaksiyasıdır. Bundan da əlavə sakinlərin iddiaları.

Xatırlayırsınızsa bir neçə gün əvvəl Samux rayon Nabığalı qəsəbəsi ərazisində meşə zolağının məhv edilməsi, həmçinin qəsəbə icra nümayəndəsinin və Bələdiyyə sədri Xətai Cəfərovun ağacları məhv edib, yerini pay torpağı kimi sakinlərə satması barəsində yerli sakinlərin iddialarını əks etdirən görüntüləri diqqətinizə çatdırmışdıq. Eyni zamanda məlumatları saytlarımızda dərc etmişdik.



E.T.S.N bunu da görməzdən gəldi. İndi isə Oğuz rayon sakini Şəhriyar Qasımov öz şəxsi Facebook hesabında Oğuz meşələrinin məhv edilməsi barəsində məlumat paylaşıb. Özü də Ş.Qasımov iddia edir ki, dəfələrlə aidiyyatı üzrə şəxsən özü məlumat verib, lakin aidiyyatı tərəflər rüşvət alıb, baş verənlərə susurlar.

Şəhriyar Qasımov yazır:

"Ölkədə sanki dərəbəylikdi belə başa düşülür ki. Əlinə elektrikli mişarı alıb qaçırlar meşənin canına. Bir tərəfdən kəsilən ağaclar, bir tərəfdən basdırılan kömürlər. Acısı da budur ki, polis gəlib rüşvətini alıb icazə verir, ekologiya gəlib rüşvətini alıb göz yumur.
Oğuz rayonunda qanunsuz ağaclar kəsilib, kömür basdırılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bundan xəbəri yoxdur? Hər birinin xəbəri var. Başda oturanlar rüşvət almağı dayandırsalar, bölgələrdəkilər də dayandırar.

Oğuz rayonunda polis bölməsinə çıxaraq rəisin özünə bildirmişəm, hətta şəkilləri də göstərmişəm ki, qanunsuz kömür basdırırlar və ağacları kəsirlər. Hər zaman olduğu kimi bu ölkədə heç nəyə baxılmadığından rüşvətini alıb yenə öz bildiklərini edirlər. Oğuz rayonuna və kəndlərinə ümumi nəzarəti gücləndirməlidirlər. Hətta təklif edirəm Oğuz rayonunu idarə edənlərin heç birinə xəbər vermədən, xəbərsiz gəlib ümumi meşələrə nəzarət etsinlər. Kömür qoxusundan nəfəs almaq mümkün deyil. Buram-buram kömür qoxusu gəlir. Kəsilən ağacların və basdırılan kömürlərin nəticəsində su qıtlığı yaranır. Ümumiyyətnən yaxın son 2-3 ilə böyük su qıtlığının gələcəyini görmürsüz? Yəni o qədər yatmısız? Oyanın millət!!!""

Bu Oğuz, Tovuz, Ağsu, İsmayıllı, həmçinin Cənub meşələrinə ziyan vurulması barəsində ilk məlumat deyil. Bu gedişlə deyəsən, nə qədər ki, Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edir, son da olmayacaq.

Bir dövlət qurumunda bu qədər özbaşınalıq açıq-aşkar cərəyan edirsə, bu birbaşa rəhbərliyin məsuliyyətsizliyi, sahib olduğu vəzifəsini şəxsi və toxunulmaz hesab etməsi deməkdir.
Belə olan halda, başqa da deyiləcək söz qalmır.

Hər şeyə rəğmən redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt