Əsas Səhifə > Cəmiyyət, Manşet > BU DA OLDU: Hərbçilər pensiya qalmaqalını məhkəməyə daşıyır...

BU DA OLDU: Hərbçilər pensiya qalmaqalını məhkəməyə daşıyır...


27-01-2022, 12:09
BU DA OLDU: Hərbçilər pensiya qalmaqalını məhkəməyə daşıyır...
Hərbçilərin pensiya ilə bağlı narazılıqları davam edir.

Bir müddətdir ehtiyatda olan hərbi qulluqçularla Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi arasında gərginlik yaşanır. Hərbçilər pensiyalarının artırılmasını tələb edərək, bunun qanuni haqları olduğunu deyirlər. Lakin nazirlik bu tələbləri qəbul etmir.

Mövzu ilə əlaqədər olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, hərbi qulluqçuların pensiyalarında dəfələrlə artımlar edilib:

"Bununla belə, hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır. Belə bir təklif mövcud deyil və düşünülmür də. Ümumiyyətlə pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik edilməyib. Əksinə 2019-cu ildəki sosial islahatlar çərçivəsində həmin şəxslərin pensiyalarında ciddi artım (orta hesabla 30%) tətbiq olundu. Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı ilə müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20% məbləğində əlavə edilib ki, bu əlavə həmin şəxslərin gələcəkdə pensiyası hesablanarkən nəzərə alınacaqdır. Lakin hərbi qulluqçuların təminat xərcliyi artığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması isə qanunvericiliklə onların pensiyalarında artımı şərtləndirmir”.

Məsələ ilə bağlı Milli Məclisdə komitə iclası da keçirildi. Lakin komitədə aparılan müzakirə hərbçiləri qane etməyib.

Bəs bundan sonra nə olacaq? DİA.AZ-ın məlumatına görə, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında deyib ki, sözügedən məsələdə hələ ki, önəmli bir dəyişiklik yoxdur:

“Biz artıq Milli Məclisin deputatlarına da müraciətlərimizi təqdim etmişik. Eyni zamanda, iddia ərizələrini də məhkəməyə təqdim etmək üçün hazırlayırıq. Yəni hər kəs fərdi qaydada müraciətini yazır. Çox təəssüf edirik ki, Milli Məclisin komitə iclasında bu məsələ haqqında bir kəlimə belə danışılmadı. Əksinə, çox absurd və yerində olmayan bir təklif irəli sürüldü. Yəni gələcəkdə hərbi qulluqçuların maaşı artırılarsa, yalnız hərbi rütbəyə görə artım olacaq. Bu isə sadəcə olaraq, Azərbaycan ordusunu ələ salmaqdır. Dünya dövlətlərində orduya diqqət, qayğı artılırdığı halda, nədənsə bizim millət vəkilləri və rəsmilər belə bir mövqe tutublar. Biz isə hər şeyi hüquqi çərçivədə edəcəyik. Kimin nə deməyindən asılı olmayaraq lazım olacağı təqdirdə rəsmilərlə görüş üçün müraciət edəcəyik. İndi pandemiya olduğu üçün heç kimi narahat etmək istəmirik. Lakin haqqımızı sona qədər müdafiə edəcəyik və cavab alacağıq. Hüquqi müstəvidə də bunun cavabı çox aydındır. Yəni qanun hərbi qulluqçuların pensiyaların artırılmalı olduğunu deyir və başqa variant da yoxdur. Ümumiyyətlə, biz hər şeyi qanuni şəkildə sona çatdıracağıq”.

Geri qayıt