Əsas Səhifə > Cəmiyyət, Manşet > OMD xəstəxanasına qarşı RÜŞVƏTXORLUQ İTTİHAMI
OMD xəstəxanasına qarşı RÜŞVƏTXORLUQ İTTİHAMI29-01-2022, 13:09 |
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sizin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanasına) ödədiyiniz pullar rəhbər vəzifələrdə əyləşən “həkimlər” tərəfindən mənimsənilir”. DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, 6 aylıq övladını OMD xəstəxanasına aparan “İctimai Tv”nin əməkdaşı Ürfan Məmmədli orada üzləşdiyi neqativ hallara etiraz edib. O, qeyd edib ki, sözügedən xəstəxanada özbaşınalıq baş alıb gedir: “Dünən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanasında) oldum. Uzun illərdən sonra yolum özəl klinikaya yox, məhz dövlət tibb müəssisəsinə düşürdü. Bu xəstəxananın timsalında səhiyyəmizdəki rüşvətxorluğun, dələduzluğun canlı şahidi oldum. Əvvəla onu qeyd edim ki, xəstəxananın təmirli və təchizatın yeni olması yeganə təsəlli yeridir. Başqa heç bir mənzərə ürəkaçan deyil. Dəhlizlərdəki qoxular, pandemiya şəraitində ara məsafələrin qorunmaması, növbənin kortəbii təşkili, həkimlərin və tibb işçilərinin mədəniyyətsiz, səliqəsiz formada xidməti gözdən qaçmır. Məlumat hissəsində sizə qəbz və növbə verilir. Qəbzə diqqətlə baxanda orada sifarişçinin “İcbari Tibbi Sığorta” olduğunu görürsən. Lakin bütün xidmətlərə görə ödəniş etməlisən. Həkimin biri İcbari Tibbi Sığorta vasitəsilə onlara əlavələr gəlmədiyini, digəri isə hələ bu sığortanın onların xəstəxanasında işləmədiyini dedi. “Bəs qəbzdə niyə belə yazılıb?”, – soruşanda isə, “Vallah, bizə İcbari Tibbi Sığortadan bir qəpik çatmır. Əksinə maaşımızdan da bəhanələr gətirib tuturlar. Baş həkimlərin işinə yarayır o sığorta”, – dedilər. Ortada 6 aylıq körpəmin sağlamlığı rol oynayır. Mən bu gün buna görə vətəndaş hüququmdan istifadə etmədim. Həkimlərlə mübahisə edəcək, nəyisə sübut edəcək əhvalda deyildim. Və mənim kimi onlarla vətəndaş eyni aqibətdə idi. Əziz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sizin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna(OMD xəstəxanasına) ödədiyiniz pullar rəhbər vəzifələrdə əyləşən “həkimlər” tərəfindən mənimsənilir. Bu azmış kimi vətəndaşlardan da pul yığırlar. Üstəlik, xəstəxanada icbari tibbi sığorta ilə bağlı məlumat lövhəsinə rast gəlmədim. Səhiyyə Nazirliyi, rəhbər vəzifələrə vicdanlı həkimləri təyin edin ki, vətəndaşlar vicdanlı və keyfiyyətli xidmət görsünlər”. Geri qayıt |