Əsas Səhifə > Cəmiyyət, Manşet > Sahil Babayev BUNU BİLİRMİ: Dünyada 14, Azərbaycanda 6 il pensiya verilir...

Sahil Babayev BUNU BİLİRMİ: Dünyada 14, Azərbaycanda 6 il pensiya verilir...


9-02-2022, 11:06
Sahil Babayev BUNU BİLİRMİ: Dünyada 14, Azərbaycanda 6 il pensiya verilir...
"Pensiya yaşının azaldılması ilə bağlı məsələ hazırda gündəmdə deyil".

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. O bildirib ki, ölkədə orta ömür uzunluğu 77 yaşın üzərindədir:

"Hətta pensiyaçıların yaş həddi də bu yaşın üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır. Bütün dünya təcrübəsində pensiya yaşının hətta 65-in üzərində olması, həmin şəxslərin əmək bazarında saxlanması məqsədəuyğun hesab edilir". DİA.AZ-ın məlumatına görə, iqtisadçı ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda son illərdə pensiya yaşı bir neçə dəfə artılıb:

“Əslində bu gün pensiya yaşının azaldılması məsələsi hökumətin gündəmində deyil. Lakin düşünürəm ki, bu istiqamətdə dəyişikliklər aparılaraq, pensiya yaşı azaldılmalıdır. Çünki bizdə hazırda dünya standartlarından çox geri qalmış yanaşma var. Dünya standartlarına görə, orta hesabla vətəndaş pensiyaya çıxdıqdan sonra 14 il 6 ay pensiya ala bilməlidir. Azərbaycanda isə bu göstərici 6 ildir və dünya standartından çox geri qalıb. Hətta inkişaf etmiş ölkələrin təcrübələrində bu, 22-25 ildir.

Məsələn, Yaponiya vətəndaşı 67 yaşında pensiyaya çıxır. Bu, Azərbaycanla müqayisədə 2 il daha yüksəkdir. Lakin bunun müqabilində Yaponiyada orta ömür 89 ildir və vətəndaş pensiyaya çıxdıqdan sonra 22 il pensiya ala bilir. Almaniyada 20, Kanada isə 21 il vətəndaşlar pensiya ala bilir”.

Ekspert bildirib ki, inkişaf etmiş ölkələrin təcrübəsində əmək bazarında yaşlıların qalması məsələsinə Azərbaycanda olduğu kimi yanaşılmır:

“Yəni pensiyaya çıxan insanın əmək bazarını tərk etməsi mütləq olmamalıdır. Hətta hazırda da pensiyaya çıxan insanlar əmək bazarında iştirak edirlər. Bu, iqtisadi modeldə çox vacib məsələdir. Yəni ahıllar da müəyyən fəaliyyətlərlə məşğul ola bilir.

Bu, o demək deyil ki, pensiya hüququ vətəndaşa daha gec tanınmalıdır. Təbii ki, ölkəmizdə hazırda bu istiqamətdə çox ciddi problemlər var. Azərbaycanda penisyaya çıxan insanların əmək bazarındakı fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə öyrənilməlidir. Yəni həmin şəxslər öz təcrübəsini paylaşa bilər və onların xidmətlərinə hər zaman müxtəlif sahələrdə ehtiyac yaranar. Düşünürəm ki, bununla bağlı şərait yaratmaq olar”.

Geri qayıt