Əsas Səhifə > Cəmiyyət, Manşet > Ramiz Mehdiyevin oğlu da FHN-dən ÇIXARILIR?

Ramiz Mehdiyevin oğlu da FHN-dən ÇIXARILIR?


15-02-2022, 11:25
Ramiz Mehdiyevin oğlu da FHN-dən ÇIXARILIR?
Xəbər verildiyi kimi ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev tutduğu postdan istefa verdi. Akademik istefa səbəbini yaşla əlaqələndirərək bundan sonra evdə oturub kitab yazmaqla məşğul olacağını açıqlayıb.

Halbuki iki həftədən çoxdur 30-a yaxın ölkənin aparıcı siması, alim və deputatlar fəaliyyətindən narazı qaldıqları Ramiz Mehdiyevi istefaya səsləyirdilər. Sabiq AMEA prezidenti ilk vaxtlarda postunu tərk etməyəcəyinə dair dirəniş göstərdi. Hətta ona qarşı etiraz edənlərə bir növ meydan oxudu. Getdikcə böyüyən etirazlardan qaça bilməyən Ramiz Mehdiyev nəhayət ki, fəal siyasətdən uzaqlaşdırılmasını qəbul etdi.

Ramiz Mehdiyevin istefası, eləcə də köməkçisi Eldar Əmirovun hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulmasından sonra akademikin ailə üzvülərinin də vəzifədən göndəriləcəyi məsələsi gündəmə gəlib.

Xüsusilə Fövqəladə Hallar nazirinin müavini vəzifəsini daşıyan oğlu, general-mayor Teymur Mehdiyevin tez bir zamanda işindən kənarlaşdırılacağı bildirilir.

Məlumat üçün bildirək ki, Teymur Mehdiyev 25 ildən çoxdur yüksək vəzifələrdə post tutub. O, 1997-1999-cu illərdə Milli Təhlükəsizlik Nazirliyində, 1999-2001-ci illərdə Daxili İşlər Nazirliyində, 2001-2004-cü illərdə isə Xarici İşlər Nazirliyində çalışıb.

2004-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2011-ci illərdə Mədəniyyət və Turizm Nazirinin müavini, 2011-2014-cü illərdə isə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb.

2014-cü ildən etibarən Fövqəladə Hallar nazirinin müavini vəzifəsində çalışır.

Qeyd edək ki, bu günlərdə deputat Musa Qasımlı Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin məhz atasının hesabına bir çox nazirlikdə yüksək post tutduğuna işarə etmişdi:

“Mənim övladımın biri üç nəfərlik ailəsi ilə bir otaqlı mənzildə, 57 kvadratmetrlik taxta döşəməli evdə yaşayır. O biri isə dörd nəfərlik ailə üzvü ilə birlikdə iki otaqlı mənzildə yaşayır. Mən Ramiz Mehdiyevdən soruşuram, sənin oğlun harada xidmət edib?

Hansı biliyin sahibidir ki, Milli Təhlükəsizlik Nazirliyində, Xarici İşlər Nazirliyində, Miqrasiya Xidmətində və Fövqəladə Hallar Nazirliyində xidmət edib? Ramiz Mehdiyev, oğlun hansı keyfiyyətlərinə görə nazirlikləri gəzir?”, -deyə deputat qeyd etmişdi.

AMEA-nı dağıtmaqda ittiham olunan və istefaya məcbur edilən Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin də yaxın günlərdə tutduğu postdan uzaqlaşdırılacağı real görünür.

Bizim.Media

Geri qayıt