Əsas Səhifə > Cəmiyyət, Manşet > “Sədərək”in sahibinə qarşı böyük məbləğdə ittiham

“Sədərək”in sahibinə qarşı böyük məbləğdə ittiham


22-02-2022, 11:35
“Sədərək”in sahibinə qarşı böyük məbləğdə ittiham
“Azərbaycanda uzun illərdir “kölgə” iqtisadiyyatı altında bir sıra iqtisadi sahədə cinayətkarlığın yuvasına çevrilmiş “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi ölkəmizdə sahibkarlığın inkişafı və iqtisadi duruma öz oğru fəaliyyəti ilə ciddi zərbə vurur”. DİA.AZ xəbər verir ki, bu sözləri Həsənov Əkrəm Hüseyn oğlu Bizimyol.info-ya ünvanladığı müraciətdə qeyd edib. Onun sözlərinə görə, Y.Qədimbəyli tərəfindən mülkiyyət hüquqları kobud şəkildə pozulur.

“2010-cu il tarixdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün Sədərək Ticarət Mərkəzi ərazisində "xalça bazarı" hissəsində ümumi sahəsi 240 kv.m olan 2 ədəd satış dükanı almışam. Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə müqavilə bağlanan gün 240 000 (iki yüz qırx min manat) AZN məbləğində pul vəsaitini nağd şəkildə vermişəm və bununla bağlı müqavilə imzalanıb, dükanlara dair zəruri sənədlər mənə təhvil verilmişdir. 2010-2018-ci illərdə dükanlar fəaliyyət göstərmişdir. 2018-ci ilin əvvəlində mənə bildirilmişdir ki, Ticarət Mərkəzinin satışa çıxarılması ilə əlaqədar dükanlarım geri qaytarılmalıdır.

Y.Qədimbəyli tərəfindən mülkiyyət hüquqlarım kobud şəkildə pozularaq qeyd olunan dükanlar üçün heç bir təzminat ödənişi və ya qanunla müəyyən edilmiş qaydaya uyğun olaraq etdiyim ödəniş geri ödənilmədən əlimdən alınmışdır. Pozulmuş hüquqlarım və ailəmin maddi ehtiyacları, eləcə də dəymiş ağır maddi ziyanla əlaqədar məcburiyyət qarşısında Azərbaycanı müvəqqəti tərk edərək Ukraynaya fərdi əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər etmişəm.

Qeyri-qanuni əməllərinə görə “Sədərək” Ticarət Mərkəzinə qarşı 2020-ci ilin əvvəlində Qaradağ rayon məhkəməsində iddia qaldırılmışdır. Qaradağ Rayon məhkəməsi tərəfindən işə baxılarkən pozulmuş hüquqlarımın bərpası əvəzinə "Sədərək Ticarət Mərkəzi”nin rəhbərliyinin xeyrinə və mənafeyinə uyğun şəkildə süründürməçiliklə müşayiət edilən (saxta sənədlərin məhkəməyə təqdimi və qarşı tərəfin maraqlarının ön plana çəkilməsi) arzuedilməz qərar qəbul edilmişdir.

"Sədərək Ticarət Mərkəzi” tərəfindən yalan surətdə iddia edilmişdir ki, 01 dekabr 2011-ci il tarixdə mənə guya həmin firma tərəfindən müqavilənin ləğv edilməsinə dair məktub göndərilmişdir. Əslində isə ekspertiza sübut etmişdir ki, dövlət orqanlarına məxsus saxta sənədlər hazırlanıb, lakin məhkəmə saxtakarlıq əməlinə göz yummuşdur. Ekspertiza Rəyi daxil olmağına baxmayaraq məhkəmə təqdim etdiyimiz dəlilləri və sübutları iddianın təmin edilməsi üçün bilərəkdən tutarlı hesab etməmiş və prosesdə haqlı mövqeyimdən hər mənada məni məhrum etmişdir”.

Şikayətçinin sözlərinə görə, Appelyasiya şikayəti üzrə “Sədərək” Firmasında 2010-cu il üzrə müqavilələrin qeydiyyat kitabı və bu kimi sənədlər “Sədərək” Ticarət Mərkəzindən tələb olunsa da, həmin sənədlərin təqdim olunması mümkün olmamışdır. Əvəzində isə məhkəməyə çox gülməli və yalan bir açıqlama verilərək sənədlərin tamamı ilə yandığını bildirmişdir.

“Apelyasiya Məhkəməsi qeyri-qanuni olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt