Əsas Səhifə > Cəmiyyət, Manşet > "Üstündən bir müddət ötüb, niyə yeni avadanlıqlar qoyulmadı?!"
"Üstündən bir müddət ötüb, niyə yeni avadanlıqlar qoyulmadı?!"24-02-2022, 12:02 |
“Polat Yol Şirkəti”nin inşa etdiyi “İpək Yolu”nun Tovuz rayonu, Dondarquşçu kənd ərazisində aparılan yol tikintisi zamanı transformatorun 100 metr kənar əraziyə köçürülməsi zamanı yenilənməməsi fermer tərəfindən narazılıq doğurur. DİA.AZ xəbər verir ki, bu ifadələr Faktinfo.az saytına Tovuz rayonu Dondarquşçu kənd sakini, fermer Həzi Vəliyev tərəfindən göndərilən şikayət məktubunda əksini tapıb. Şikayətçi hesab edir ki, AAYDA-nin sədri Saleh Məmmədov, həmçinin aidiyyatı şəxslər yaradılmış problemə diqqət yetirməlidir. Çünki, köçürülmə prosesinə qədər işlək olan mövcud transformatorun nüvəsi və ehtiyat hissələri hazırda bərbad vəziyyətindədir, bu da ərazidə olan subartezian quyusundan buğda sahələrinin suvarılması üçün suyun verilməsində lazımlı yükə dözümlü elektrik enerjisinin verilməsini təmin etmək gücünə malik deyil. Şikayətçinin ictimailəşdirilməsini istədiyi məktubundan: “Polat Yol Şirkəti”nin yeni yol çəkilişi ilə bağlı transformatoru 100 metr kənara çəkməsi zamanı şirkətin layihə rəhbərinin köməkçisi Emin Qasımov bildirmişdi ki, 5 min manat köçürüləcək vəsait tranformatorun avadanlıqlarının yenilənməsini təmin edəcək. Emin Qasımov maraqlansın, üstündən bir müddət ötüb, niyə yeni avadanlıqlar qoyulmadı?! Necə ola bilir ki, Aşağı Quşçu, Qovular, Cəlilli dairəsində və digər ərazilərdə transformator yeniləndi, Dondarquşçu kənd ərazisində bu elektrik qurğusunun nüvəsi və ehtiyat hissələri təzələnmədi? Şəhid, Qarabağ veteranlarının buğda sahələrinin suvarılması Emin Qasımov və aidiyyatı şəxslər üçün bu dərəcədəmi əhimiyyətsiz hesab edilir? Mən bir şəhid qardaşı, Qarabağ veteranı ailəsi olaraq, AAYDA-nin sədri Saleh Məmmədov cənabından xahiş edirəm ki, transformatora vəsait ayrılması ilə maraqlansın. Elektrik qurğusunun təzələnməsinə 5 min manat ayrılıbsa, nədən hazırda köhnə, işlək vəziyyətdə olmayan avadanlıqları transformatora yığıblar, sualını Emin Qasımova versin”-deyə, Həzi Vəliyev bildirir. Qeyd edək ki, məsələyə münasibət öyrənmək üçün edilən çoxsaylı zənglərimizə Emin Qasımov cavab vermədi. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq. Geri qayıt |