Əsas Səhifə > Cəmiyyət, Manşet > Tədris ilinin ortasında müqaviləsinə xitam verilən müəllimlər...

Tədris ilinin ortasında müqaviləsinə xitam verilən müəllimlər...


4-03-2022, 12:39
Tədris ilinin ortasında müqaviləsinə xitam verilən müəllimlər...
Hələ balaca idim. Nənəm isə həyatda idi. Pensiya yaşını çoxdan keçmişdi. Lakin məktəbdə müəllimə kimi işinə davam edirdi. Övladları hər söhbət açılanda işdən çıxmağının vaxtı çatdığını deyirdilər.
Amma nənəm heç cür bununla razılaşmırdı. Sanki qocalığını qəbul etməkdən qorxur, özünü heç bir işə yaranayan, kimdənsə asılı qoca qarı kimi görmək istəmirdi. İllərlə övladları, yaşına görə onu məktəbdən uzaqlaşdırmağa çalışan məktəb direktoru ilə mübarizə apardı. Ayaqları sözünə baxmasa da məktəbdən əl çəkə bilmirdi. Özü də başa düşürdü ki, əvvəlki gücü qalmayıb, amma hər ilin ortasında deyirdi ki, “bu dərs ilini də başa vurum, uşaqlarımı yola salım, sonra işdən çıxacam”. Nənəmin dərdi pul, maddiyyat deyildi. Sadəcə 40 ildir işlədiyi kollektivdən, həyat rejimindən birdən-birə uzaqlaşa bilmirdi.

İndi isə qanunlar daha sərtləşib. Müəllimlər, pensiya yaşına çatdıqları tarixdən etibarən işlərinə xitam verilir.

İllərlə eyni müəssisədə, eyni kollektivdə çalışmış müəllimlərin dərs ilinin istənilən tarixində işdən kənarlaşdırılması hansı məntiqə uyğundur? İlin ortasında müəllimin işdən kənarlaşdırılması onun dərs dediyi şagirdlərində hansı problemlər yaradır? DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov msələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu hal hazırda çox ciddi problemdir.

“Müəllimlər çalışma yaş həddinə çatan günü onların əmək müqaviləsinə xitam verilir. İstənilən halda bu müəllimlərin əmək müqaviləsinin müddəti tədris ilinin sonuna qədər uzadılmalıdır. Məsələn, ilin yanvar, fevral, mart aylarında müəllimin çalışma yaş həddi çatıbsa, elə həmin ay onunla vidalaşmamalıdırlar. Dərs ilinin sonuna kimi gözləmək lazımdır. Çünki bu özü də psixoloji zərbədir.

Düşünürəm ki, bu sahədə Təhsil Nazirliyi qərar verməlidir və tapşırıq verməlidir ki, çalışma yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsi tədris ilinin sonuna qədər uzadılsın. Təbii ki, ilin sonunda həmin müəllimləri etiramla yola salmaq olar. Bu zaman sadaladığımız problemlər aradan qalxmış olar”.

Geri qayıt