Əsas Səhifə > Cəmiyyət, Manşet > MİDA-nın “5 saniyə” fokusu
MİDA-nın “5 saniyə” fokusu31-03-2022, 12:05 |
“Müraciətin kateqoriyalar üzrə bölünməsi, satışın da kateqoriyalar üzrə aparılması daha effektiv ola bilər”. dia-az.life xəbər verir ki, bu sözləri əmlak eksperti Elnur Fərzəliyev Bakupost.az -a açıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) narazılığa səbəb olan mənzil satışına toxunarkən deyib. O bildirib ki, uzun müddətdir MİDA-nın tikdiyi binalarda mənzillər bu formada satılır: “Hər dəfə müəyyən narazılıqlar baş verir, problemlər yaranır. Bəzən internet çökür, bəzən mənzillər tez satılır. Budəfəki satışda da saniyələr ərzində 442 mənzil satıldı. Həmin satışda 8939 nəfər iştirak edib. Bu layihədən mənzil almaq üçün sürətli internetin olması vacib şərtdir. Ümumi statistik rəqəmə baxsaq, 8939 nəfərin eyni anda düyməyə basması, 442 nəfərin mənzil ala bilməsi real ola bilər. Texnologiya dövründə yaşayırıq. Əgər satış onlayn aparılırsa, o zaman bir düyməyə basmaqla mənzil sahibi olmaq mümkündür. Müraciət edənlərin sayını ortalama 9 min götürsək, onun 0.5 faizi, yəni 442 nəfər mənzil ala bilib. Bu da mənzil ala bilməyən vətəndaşların haqlı narazılığına səbəb olur. Həmin binalardan mənzil ala bilmək üçün bəlli kateqoriyalara aid insanlar müraciət edə bilir. Lakin müraciəti qəbul olunmuş vətəndaşların hər birinin satışda eyni vaxtda iştirak etməsi sonda bu cür narazılığa səbəb olur. Mənzil almaq istəyən çox, mənzil sayı isə məhdud saydadır”. Ekspert düşünür ki, əslində satış bu formada aparılmalı deyil: “Müraciət kateqoriyalar üzrə bölünürsə, satış da kateqoriyalar üzrə aparılmalıdır. Məsələn, bir satışda müəllimlər, növbəti satışda həkimlər, digər satışlarda isə başqa kateqoriyadan olan vətəndaşlar mənzil ala bilərlərsə, o zaman satışda iştirak edənlərin sayı ilə satışa çıxarılan mənzillərin sayında uyğunluq ola bilər. Belə olduqda insanlar da bilər ki, növbəti, yaxud 1 il sonrakı satışda iştirak edə biləcək. Əgər 1000 müəllim müraciət edib, onların 500-ü mənzil ala bilərsə, o zaman insanlarda heç bir şübhə yaranmayacaq. Hər kəs buna ədalətli satış kimi baxacaq. Eyni anda minlərlə insan müraciət etdikdə çox az sayda mənzil satışa çıxarmaq isə istər-istəməz insanlar arasında şübhə və narazılığa səbəb olur. Bu cür narazılıqların aradan qaldırılması üçün ya satış forması dəyişdirilməlidir, ya da kateqoriyalara bölüb satışda iştirak edənlərin sayı azaldılmalıdır. Belə olsa, qeyri-müəyyənlik aradan qalxar”. E.Fərzəliyev deyib ki, dünya təcrübəsində bu cür satış mexanizmi yoxdur: “Lotereya oyunu deyil ki, kimin şansı varsa, o da mənzil sahibi olsun. Uzun müddət satışda iştirak edib mənzil sahibi olmayan vətəndaşlar da var. Onlar düşünür ki, bu mənzili ala biləcək vəziyyətim olduğu halda ala bilmirəmsə, burada şübhəli məqamlar var. Bu, gözəl layihədir. Çünki qiymətlər çox münasibdir. Kompleks də yaxşıdır, görünüş də. Satış formasına da düzəliş etsələr, daha uğurlu olar”. Geri qayıt |