Əsas Səhifə > Cəmiyyət, Manşet > "Kəmaləddin Heydərov azadlığa gedən yolumun qarşısında aşılmaz bir sədd kimi dayanıb..."

"Kəmaləddin Heydərov azadlığa gedən yolumun qarşısında aşılmaz bir sədd kimi dayanıb..."


13-05-2022, 11:32
"Kəmaləddin Heydərov azadlığa gedən yolumun qarşısında aşılmaz bir sədd kimi dayanıb..."
DİA.AZ xəbər verir ki, həbsdə olan gənc bəstəkar Tural Bayraməliyev iddia etdiyi qanunsuz həbsi ilə bağlı həbsxanadan “Hürriyyət”ə yeni faktlar açıqlayıb.

Açıqlamada qeyd olunur: “Mən, bəstəkar, ictimai xadim Tural Bayraməliyev, 4 ildən çoxdur ki, qanunsuz və əsassız həbs həyatı yaşayıram. İstəyirəm səsimi, müraciətimi cənab prezident İlham Əliyev, birinci-vitse prezident Mehriban xanım Əliyeva və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev eşitsin.

Çünki mən qanunsuz olaraq həbs edilmişəm. Həbsimdə bir çox yüksək vəzifəli şəxslərin əli var: keçmiş baş prokuror Zakir Qaralov, keçmiş gömrük rəisi Aydın Əliyev, Vüsal Novruzov, bu yaxınlarda vəzifəsindən azad edilmiş şəhər prokuroru İlqar Abbasov və nəhayət “fövqəlnazir” Kəmaləddin Heydərov. Bu şəxslər həbsimin birgə səbəbkarlarıdır. Xüsusilə, Kəmaləddin Heydərovun adını çəkməyim daha doğru olar. Çünki bu şəxs mənim işimdə “zərərçəkmiş şəxs” kimi tanınan, əslində isə məhkəmə sənədlərinə əsasən özü dələduz olan Şədiyyə Salehli ilə uzun illərdir ki, yaxın ailəvi münasibətlər içindədir. Bu baxımdan, vacib və diqqətçəkən bir faktı nəzərinizə çatdırmasam mühakiməm yetərsiz olar.

"Kəmaləddin Heydərov azadlığa gedən yolumun qarşısında aşılmaz bir sədd kimi dayanıb..."

Belə ki, hələ barəmdə olan ittihama Bakı Ağır Cinayətlər Məhkəməsində - hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılan ərəfədə tanınmış vəkil Bəylər Məmişovu özümə müdafiəçi tutmaq istədim. Lakin Bəylər Məmişov bu həbsin arxasında birbaşa olaraq Kəmalədin Heydərovun durduğuna dair əsaslı məlumata sahib olduğunu bildirərək, müdafiəmi bu səbəbdən təşkil edə bilməyəcəyini əsas gətirdi və mənə vəkillik etməkdən imtina etdi. Buna baxmayaraq, mən onu məhkəmədə Şədiyyə Salehlinin vəkili olaraq gördüm. Etdiyim əsaslı etirazın nəticəsi olaraq mənə vəkillik etməkdən imtina etmiş Bəylər Məmişov ümumiyyətlə bu işdən uzaqlaşmağa məcbur qaldı.

Xülasə, qeyd etmək istəyirəm ki, ağrılı, acılı, haqsız həbs həyatı yaşayıram. Azadlığımdan, ailəmdən, övladlarımdan məhrum vəziyyətə düşmüşəm. Azadlığa çıxmağım üçün kifayət qədər əsaslar, təqsirsizliyimi sübuta yetirəcək çoxsaylı dəllilər var. Amma Kəmaləddin Heydərovun Şədiyyə Salehlinin xahişinə sadiq qalması mənim işimə məhkəmələrdə ədalətli baxılmasına mane olub və hələ də bu problem davam etməkdədir. Bir sözlə, “fövqəlnazir” Kəmaləddin Heydərov azadlığa gedən yolumun qarşısında aşılmaz bir sədd kimi dayanıb.

Odur ki, ölkə başçısı cənab prezident İlham Əliyevə müraciət edərək kömək diləyirəm. Çünki bu ölkədə prezidentimiz işə qarışmayana qədər ədalət bərqərar olmur. Diqqətinizə görə təşəkkür edirəm”.



Redaksiyadan: Yazıda adları qeyd olunan şəxlərin mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt