Əsas Səhifə > Cəmiyyət, Manşet > Faiq Əliyev nə qədər PULLA İLİŞİB...

Faiq Əliyev nə qədər PULLA İLİŞİB...


24-06-2022, 11:32
Faiq Əliyev nə qədər PULLA İLİŞİB...
DİA.AZ: - Tanınmış özəl klinika “Bona Dea” məhkəməyə verilib.

DİA.AZ xəbər verir ki, Mərkəzi Bank tərəfindən hospital barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

“Bona Dea” rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Belə ki, hospital xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin qarşılığında hər hansı xidmət almayıb. Ölkədən çıxarılan valyuta isə geri qaytarılmayıb.

Əldə etdiyimiz məlumata görə, hospitala 2 epizod üzrə protokol tərtib olunub. Protokollara əsasən, ümumilikdə ölkədən çıxarılan valyutanın məbləği 64 min dollara (109 min manat) yaxındır. Protokollar üzrə müddəa təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində (təxminən 32 min manat) cərimə cəzası gözləyir.

DİA.AZ bildirir ki, “Bona Dea” 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir.

***

Qeyd edək ki, dia-az.life Faiq Əliyevlə bağlı müəyyən araşdırmalar aparıb. Əldə etdiyimiz bilgilərə görə, "Bona Dea Medikal" və "Bona Dea" şirkətlərindən başqa, Faiq Becan oğlu Əliyev "Palitra" MMC, "Riva-İnşaat" MMC, "Riva" MMC, "Makro Qrup" MMC və "Format Qrup" MMC-nin təsisçisidir.

"Riva-İnşaat" MMC "SOCAR Petroleum"un tədarük etdiyi neft məhsullarının çox az sayda topdan alıcısından biridir. "Palitra" MMC "Port Baku", "SOCAR Tower", "White City Head Office" və Bakı Olimpiya Stadionunun bəzək işlərində iştirak edib.

Qeyri-rəsmi məlumatlara görə, hospitalın tikintisini SOCAR dövlət şirkəti maliyyələşdirib. Ancaq bu, təsdiqini tapmayıb.

Eyni zamanda sosial şəbəkələrdəki materiallara görə, bu super müasir kompleksin tikintisini UNICO firması həyata keçirib. Bu şirkət Bakıda Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondunun binası, Port Baku-da BP şirkətinin ofisi, Su Mərkəzi, Kristal zal və digər mühüm obyektləri inşa edib. Obyektin qiyməti açıqlanmır.

DİA.AZ bildirir ki, Faiq Əliyevlə yayılan son informasiyalardan aydın olur ki, onun ölkədən çıxardığı məbləğ heç də rəsmiləşən hissə ilə kifayətlənmir və daha böyükdür. Bu barədə isə növbəti yazımızda geniş bilgiləri təqdim edəcəyik.

***

Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt