Əsas Səhifə > Cəmiyyət, Manşet > Deputat `Azəriqaz` şefini ÖZÜNÜREKLAMDA İTTİHAM ETDİ
Deputat `Azəriqaz` şefini ÖZÜNÜREKLAMDA İTTİHAM ETDİ24-08-2022, 12:21 |
“Yeni qaz sayğacları ilə bağlı vətəndaşların şikayətləri gündən-günə artmaqdadır. Onlar sayğacların daha çox sərfiyyat yazdığını hesab edir. Belə bir narazılıq kütləvi hal alıbsa, deməli, ciddi səbəb var”. DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Azər Badamov deyib. Deputat bildirib ki, “Azəriqaz” bu məsələni nəzarətə götürməlidir: “Müvafiq qurum narazı vətəndaşlarla məsələni araşdırıb, aydınlıq gətirməlidir. Burada çətin bir iş yoxdur. Sadəcə, şikayəti olan abonentlər üçün əlavə nəzarətedici sayğac quraşdırmalı və müqayisə vətəndaşın iştirakı ilə aparılmalıdır. Belə olan halda, şikayətin nə qədər obyektiv olduğunu vətəndaşın özü də görə bilər, narazılığa da son qoyular. Deyilir ki, narazı vətəndaşlar sosial şəbəkə üzərindən “Azəriqaz”ın rəhbərinə müraciətlərini edə bilərlər. Nəticədə isə müraciət etmək istəyən vətəndaşlar əsl ünvana düşə bilmirlər və narazı insanların sayı artır. Sosial şəbəkə üzərindən məsələlər həll olunmur. Bu, özünü reklam etmək üçündür. Vətəndaş konkret iş istəyir. “Azəriqaz”ın rəhbəri sosial şəbəkə üzərindən yox, canlı görüşlər keçirib vətəndaşların problemlərinin yerində həll olunması üçün tapşırıq verməlidir. Qış fəsli yaxınlaşır. Vətəndaşlar evlərin qışda necə qızdırılacağı ilə bağlı narahatdırlar. Qazlaşdırılmaya ehtiyacı olan xeyli kəndlərimiz var. Bununla əlaqədar bizə də müraciətlər daxil olur. Müvafiq quruma vətəndaşların narahatlığını çatdırırıq. Hətta “Azəriqaz”ın rəhbəri ilə də birbaşa danışmışam. Buna baxmayaraq, məsələ, təəssüf ki, yenə də həll olunmamış qalır. “Azəriqaz” virtual həyatdan ayrılıb, real həyatda iş görməyə başlayarsa, hesab edirəm ki, vətəndaşların bu qurumdan narazılığı da azalar”. Geri qayıt |