Əsas Səhifə > Cəmiyyət, Manşet > Kitab sərgilərində nə baş verir: "Bu, kitab yox, pulyığma festivalıdır"
Kitab sərgilərində nə baş verir: "Bu, kitab yox, pulyığma festivalıdır"15-09-2022, 16:10 |
Son zamanlar Azərbaycanda kitab sərgiləri tez-tez keçirilsə də, bəzi kitab evləri sərginin keçiriləcəyi yerlərin qiyməti ilə razılaşmır və nəticədə bir çox kitab evləri sərgilərə qatılmaqdan imtina edirlər. Sərgilərin keçirilməsində təşkilatçılıq edən“Caspian Event Organisers” (CEO) adlı şirkət təşkil etdiyi kitab festivallarına bir çox kitab evlərini dəvət edir və qeyd edir ki, keçiriləcək sərgidə hər 1 kv.metr yer üçün 100 azn ödənilməlidir. Bu da minimum 6 kv.metr stend olan yer üçün 600 manat pul deməkdir. Məsələ ilə bağlı “Ovod” kitab evinin nümayəndəsi Əşrəf Vəliyev problemlə əlaqədar öz şəxsi sosial şəbəkə hesabında bildirib ki, bu, kitab yox, pulyığma festivalıdır: “Deməli, “Caspian Event Organisers” şirkətindən zəng edib, Mədəniyyət Nazirliyinin təşkil etdiyi kitab festivalına dəvət edirlər və qeyd edirlər ki hər kv.m üçün 100 azn ödəməliyik. Yəni minimum 6kv.m olan stend üçün bir kitab mağazası 600 azn ödəməlidir. BƏH! Əziz Mədəniyyət Nazirliyi, Azərbaycanda kitabçılara və kitaba verdiyiniz dəyəri birdaha bizə göstərdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Əgər səhvim varsa, üzrlü sayın, ama bizdən başqa bu biabırçılığa nəsə yazan kitab mağazası da görmədik. Nədir axı bu?! Məqsəd onsuz da heç nə qazanmayan kitab mağazalarını soymaqdır?! 600 azn iki Azərbaycan vətəndaşının minimum əmək haqqıdır. 3 günə 6kv.m yer qarşılığında bu məbləği tələb edirsiniz. Onsuz da o mağazalar orada kitabları dəhşət endirimlərlə satır. Çoxumuz da sırf reklam ve məhsullarımızı yeniləmək, oxucularla kontakt qurmaq üçün qatılırıq. Siz də gözünüzü dikibsiniz bizim cibimizə. Əhsən!” Məlumat üçün bildirək ki, kitab sərgiləri iki il əvvələ qədər Mədəniyyət Nazirliyinin nəzdində keçirilirdi. Son iki ildir ki, kitab sərgisi və başqa bu kimi festival və tədbirləri yuxarıda adını qeyd etdiyimiz “CEO” adlı şirkət təşkil edir. Şirkətin sərgilərə təşkilatçılıq etməsi və kitab evindən yerhaqqı olaraq yüksək məbləğ tələb etməsi bir çox kitab evlərinin növbəti sərgilərə qatılmama ehtimalını gücləndirir. Bu isə Azərbaycanda oxucu kütləsinin artırılması üçün aparılan təşviqata və ümumiyyətlə kitab mədəniyyətinə qarşı ciddi problemlər yarada bilər. Vaxtilə Mədəniyyət Nazirliyinin öz nəzdində keçirdiyi kitab sərgilərinə təşkilatçılığın birdən birə bu adda şirkətə ötürülməsi və kitab evlərinə qarşı yüksək məbləğdə yerhaqqı istənilməsi anlaşılan hal deyil və bu maraqlı məqam yəqin ki, Nazirliyin özünün məlumatı və göstərişi əsasında baş tutur. Bizimyol.info Geri qayıt |