Əsas Səhifə > Cəmiyyət > Neftçalada

Neftçalada


30-12-2013, 13:05
1 milyon manatlıq yalan
Neftçalada
Neftçala rayon mərkəzi xəstəxanasının binası yararsız olduğundan, uzun illər orada çalışan həkimlər əhaliyə normal səhiyyə xidməti göstərə bilməyib. Buna səbəb 24 il bundan əvvəl istifadəyə verilmiş xəstəxana binasının indiyədək bir dəfə də olsun təmir edilməməsi olub. Amma bu illər ərzində sözügedən səhiyyə müəssisəsində sənəd üzərində dəfələrlə, həm də xeyli miqdarda təmir pulu silinib.

Çoxlarının xəbəri olmasa da, baş həkim Telman Zahidovla rayon maliyə şöbəsinin müdiri Rəşid Manafov bu saxta işlərdən yaxşı xəbərdardır. Əhalini narahat edən bu problem ölkə başçısının göstərişindən sonra öz həllini tapıb. Bu ilin iyul ayından etibarən xəstəxana əsaslı təmirə dayandırılıb. Demək olar ki, bütün korpuslar sökülüb, yenidən qurulacaq. Artıq təmirlə bağlı müəyyən işlər də görülüb. Dam örtükləri dəyişən binalarda paralel olaraq suvaq işləri aparılır, sınıq-salxaq pəncərlər yenisi ilə əvəzlənir.

İşin maraqlı tərəfi budur ki, son 5 ayda, demək olar ki, təmir işçiləri və tibb personalından başqa, bu xəstəxanaya kimsə gəlməyib. Çünki şərait yoxdur, hər yeri sökülüb, toz-torpağın içindədir, danqa-durunqdan qulaq tutulur. Təmir 2014-cü ildə qurtarsa, boyk işdir. Hərçənd ilin sonuna sayılı günlər qalıb.

Şəfa ocağında xəstə olmasa da, baş həkim köhnə şəriki Rəşid Manafovun dəstəyi ilə yenə maliyyə maxinasyalarını özünə yaxın adamlarla davam etdirir. Təkcə son 5 ayda Sadıqov Şəhriyar Ağamalı oğlunun adına dəftərxana mallarının alınması üçün 36 min manat, Əhədova Gülər Akif qızına yumşaq inventar almaqdan ötrü 31min manat, “Ledfort” MMC-yə ərazaq üçün 100 manat pul “ödənilib.” “Sava-N” MMC-yə 54 min, “Vesta-N” MMC-yə 61 min, dərman və sarğı materialları almaq üçün “AzəriMed” MMC-yə 237 min və digərlərinə də müxtəlif mal-material yazılmaqla ümumilikdə 1 milyon manata yaxın pul xərclənib.

Hara xərclənib, niyə xərclənib, alınan mallar hara aparılıb, nəyə sərf olunub- bunlar qaranlıq qalır.

Başqa mal-materialı qoyaq kənara, təmirə bağlanan xəstəxana üçün dəftəxana ləvazimatları, yumşaq mebel çoxmu gərək idi?

Məxfi mənbələrdən əldə etdiyimiz məlumata görə, Neftçala səhiyyəsində 850 nəfər işçi çalışır. Xəstəxana təmirə dayansa da, noyabrın sonuna kimi guya 1165 nəfər (!!!)qeydiyatdan keçərək, orada stasionar müalicə alıb.

Baş həkim Telman Zahidov həmin xəstələrin harada yerləşdirilməyi ilə bağlı əməkdaşımızn sulalarını cavablandırmaqda çətinlik çəkib. O, Neftçala rayon mərkəzi xəstəxnasına aid Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən açıqlanan maliyyə məlumatlarını inkar edib: “Görmürsünüz xəstəxna bağlıdır? Biz bu müddətdə pul-zad xərcləməmişik. Xərclənibsə də, mənim ondan xəbərim yoxdur.”

Qəribədir, deyilmi? Büdcədən konkret təyinatı üzrə vəsait ayrılıb, tender keçirilib, hansısa fiziki və ya hüquqi şəxs qalib elan olunub, pul da xərclənib, indi sifarişçi təşkilatın rəhbəri deyir ki, bundan mənim xəbərim yoxdur. Baş həkim tərəfindən 1 milyon manat vəsaitin Neftçala rayon mərkəzi xəstəxanasına xərclənməsi ilə bağlı məlumatın yalanlanması xeyli sayda dövlət orqanını, hüquqi və fiziki şəxsi maliyyə fırıldağının subyektinə çevririr:

Dövlət agentliyi keçirilmiş tenderlər barədə məlumatı kimdən alıb, maliyyə idarəsi mərkəzi xəstəxana üçün ayrılmış vəsaiti baş həkimin imzası olmadan mal-material satan, iş və xidmətlər göstərən şəxslərin hesabına necə köçürüb, ortada əmtəə, ya xidmət yoxdursa, niyə bu şəxslərə pul ödənilib? Məşhur filmdə deyildiyi kimi, bu, ehsan deyil axı...

Geri qayıt