Əsas Səhifə > Cəmiyyət, Manşet > “Caspian” MTK VƏTƏNDAŞA QARŞI...

“Caspian” MTK VƏTƏNDAŞA QARŞI...


16-11-2022, 14:50
“Caspian” MTK VƏTƏNDAŞA QARŞI...
DİA.AZ: - "Ailəmiz 9 nəfərdən ibarətdir. 5 il bundan öncə pilot layihə çərçivəsində “Caspian” MTK tərəfindən yaşadığımız ərazidə bina tikilməsi üçün mənim və oğlumun istifadəsində olan, Bakı ş, Səbail ray, Bünyad Sərdarov küç 18 ünvanda yerləşən 2 mənzil müqavilə imzalanaraq bizdən təhvil alındı". Bu barədə DİA.AZ-a Əsədov Rüfətin adından edilən müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra davam edir: "Müqavilə şərtlərinə uyğun olaraq bizdən hər-biri 3 otaq 1 mətbəxdən ibarət mənzillər təhvil alınaraq əvəzində eyni otaq bölgüsü ilə sahəsi 20% artıq olmaqla yeni mənzillərin bizə təhvil verilməsi nəzərdə tutulurdu. Müqavilə imzalandıqda “Caspian” MTK tərəfindən bizə təhvil verilməsi nəzərdə tutulan mənzilin planı ilə bizi tanış etsələr də, üzərindən bir-neçə il keçdikdən sonra bizə, 3 otaqlı mənzil əvəzində, müqavilə şərtlərinə zidd olaraq 2 otaqlı mənzil veriləcəyi bildirildi. Biz də, öz növbəmizdə müqavilə şərtlərinə əməl edilmədiyi üçün məhkəməyə müraciət etdik. Bütün məhkəmə instansiyalarında bizim lehimizə qərar qəbul edildi və icra edilməsi üçün Səbail rayon icra şöbəsinə yönəldildi.
Qərarın icraata yönəldilməsindən 7 aydan çox keçməsinə, binada artıq mənzillərin təhvilinə başlanmasına baxmayaraq hələ də bizə aid mənzillər müqavilə şərtlərinə və məhkəmə qərarına uyğun təhvil verilmir.

“Caspian” MTK tərəfindən məhkəmə qətnaməsində qeyd edilən 3 otaqlı mənzillər əvəzinə 2 otaqlı mənzil, otaqların arası hörülməklə bizə təklif edilir.
Problem ondadır ki, bu şəkildə bölünən otaqların eni 2m-dən az dır. Eni 2m-dən az olan otaq yaşayış üçün yararsız olmaqla bərabər, qüvvədə olan normativlərə də uyğun gəlmir. Nəticədə FHN tərəfindən təsdiqlənmiş mənzil layihəsinə müdaxilə edilərək bizə yaşayışa yararsız mənzil vermək istəyirlər.

Bu layihə cənab Prezidentin göstərişi ilə AR NK-nin 25 fevral 2017-cil il tarixli, 86 saylı qərarı əsasında icra edilir. Cənab Prezidentin göstərişi ilə qəbul edilmiş qərarın əsas məqsədi vətədaşların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Lakin “Caspian MTK” bizdən ayrıca mətbəxi olan 3 otaqlı mənzilləri təhvil alıb əvəzinə 2 otaqlı mənzil təqdim etməklə aramızda imzalanmış müqavilə şərtlərini pozmaqla bərabər iştirakçısı olduqları Pilot layihənin prinsiplərinə də zidd addım atırlar. “Caspian” MTK bizə aid olan mənzilləri 2-il ərzində təhvil verməli olduğu halda 5 ildir ki, hələdə təhvil verməyib. Bu dövr ərzində dəfələrlə kirayə ünvanlarımızı dəyişməklə həm əşyalarımız yararsız vəziyyətə düşüb həm də, şirkətin bizə qarşı olan bu şəkildə münasibətindən mənəvi zərbə almışıq.

Aidiyyatı orqanlardan “Caspian” MTK-nın etmiş olduğu məsuliyyətsizliyə son qoyması, müqavilə şərtlərinə, məhkəmə qətnasməsinə və normativlərə uyğun, yaşayışa yararlı ölçülərdə otaqları olan mənzillərin bizə təhvil verilməsi üçün köməklik göstərməsini xahiş edirik".

Geri qayıt