Əsas Səhifə > Cəmiyyət, Manşet > "DİM-in strukturu dəyişilməlidir"
"DİM-in strukturu dəyişilməlidir"13-12-2022, 12:42 |
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin məzunu Rüstəm İsmayılbəyli deyir, hələ təhsil aldığı dövrdən çalışıb ki, ixtisasına uyğun iş tapsın. Amma hara müraciət etsə də, nəticə əldə edə bilməyib: “Mən təhsilimin bitməyinə yaxın iş axtarmağa başlamışdım. Həmin dövrdə xaricdəki dostların da köməyi ilə özümə ingilis dilində kifayət qədər yaxşı bir CV hazırladım. Orada dil biliklərim, getdiyim kurslar qeyd olunmuşdu. Hər gün iş elanlarına baxırdım. Marketdə bir anbardar işi var idi, müraciət etdim, oradan belə geri dönüş olmadı” – Rüstəm deyir. Bəs təhsil müəssisələrində ixtisasların əmək bazarına uyğun olub-olmaması necə müəyyən edilir? “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub ki, Elm və Təhsil Nazirliyi təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalıdır. Proqrama əsasən nazirlik bu işi 2020-2021-ci illərdə tamamlamalı idi. Elm və Təhsil Nazirliyi bu müddət ərzində hansı təklifləri hazırladığı ilə bağlı sorğumuza cavab verməyib. "DİM-in strukturu dəyişilməlidir" Təhsil eksperti Elşən Qafarov deyir ki, ölkədə 45 ali məktəb və ali təhsil üzrə 6 filial var. Bununla bərabər, 55 orta ixtisas təhsil, təqribən 30-a yaxın peşə təhsil müəssisəsi fəaliyyət göstərir. Amma Elm və Təhsil Nazirliyi əmək bazarına uyğun ixtisasları necə müəyyən edir, bu aydın deyil: "Hazırda ölkədə əmək bazarını öyrənən bir mexanizm yoxdur. 2020-ci ildə ölkə prezidenti əmək bazarının tələblərinin öyrənilməsi üçün elmi-tədqiqat insitutlarının yaradılması ilə bağlı sərəncam verdi. Ölkədə kadrların hazırlanması ilə bağlı ixtisasları və bu ixtisas üzrə tələbə yerlərinin sayını Təhsil Nazirliyi təqdim edir, Nazirlər Kabineti isə təsdiq edir. Ancaq bizdə bu kadr hazırlığı nəyin əsasında aparılır, biz nəyə əsaslanaraq hansı ixtisasları müəyyən edirik, ixtisaslar üzrə tələbə yerlərini necə müəyyən edirik, bu bəlli deyil. Ona görə də təhsil alanlar öz ixtisasları üzrə iş tapa bilmirlər”. Ekspert deyir ki, ixtisaslar üzrə əmək bazarının tələbləri öyrənilməlidir və bu tələbləri təkcə dövlət qurumları yox, həm də qeyri-hökumət təşkilatları etməlidir. Onun sözlərinə görə, QHT-ləri bu işlərə təşviq etmək üçün müəyyən miqdarda maliyyə ayrılmalıdır: “Biz yalnız o zaman "əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilirik" deyə bilərik. İkinci, ən böyük problem isə Dövlət İmtahan Mərkəzinin dünyanın heç bir yerində olmayan qəbul mexanizmidir. İllərdir təklif edirik ki, DİM-in strukturu dəyişilməlidir, imtahanları keçirən texniki qurum olmalıdır. Azərbaycan gənci hansı ixtisası arzulayırsa, o istiqamətdə oxumalıdır və gələcəkdə də həmin ixtisas üzrə mütəxəssisləşib cəmiyyətə və dövlətə faydalı olmalıdır” – deyə təhsil eksperti Elşən Qafarov bildirib. İxtisasına uyğun iş tapa bilməyən Rüstəm hazırda Türkiyənin Altınbaş Universitetində Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə magistr təhsili alır. O deyir ki, bu ixtisas üzrə doktorantura dərəcəsini də bitirib, akademiyada bu sahə üzrə işləməyi düşünür. Geri qayıt |