Əsas Səhifə > Cəmiyyət, Manşet > "Fuad Nəcəfli gələndən sonra Şərurda RÜŞVƏT ARTIB..."
"Fuad Nəcəfli gələndən sonra Şərurda RÜŞVƏT ARTIB..."9-03-2023, 11:37 |
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu vəzifəyə təyin olunduqdan sonra, ilk səfər etdiyi rayonlardan biri də Şərur olmuşdu. DİA.AZ bildirir ki, bu görüşdə məqsəd rayon sakinlərinin dərdini dinləmək olsa da, icra hakimiyyətinin binasında baş tutan görüşə narazı şikayətçilər buraxılmamışdı. Onlar elə, icra hakimiyyətinin binası önündəcə aksiya keçirərək, tələblərini Fuad Nəcəfliyə çatdıra bilmişdilər. Onların əsas tələbi rayonda rüşvətxorluğa və digər qanun pozuntularına son qoyulması, icra başçısı Kamal Cəfərovun istefası idi. Rayon sakinləri deyir ki, bu görüşdən sonra, Naxçıvanda qurulan yeni hakimiyyət, onların gözləntilərini doğrultmayıb. Əksinə, Fuad Nəcəfli rayona gəlib, gedəndən sonra rüşvətxorluq və məmur özbaşınalığının həcmi daha da artıb. Rayon sakini V. Həsənov da deyir ki, görüşdən sonra icra başçısının vəzifəsindən azad olunacağını gözləyirmişlər: „Prezident İlham Əliyev dəfələrlə deyib ki, icra başçılarını mən təyin etmişəm, özbaşınalıqları yazın, göndərin, onları cəzalandırım. Biz də rayondakı özbaşınalıqları onun səlahiyyətli nümayəndəsinə bildirdik. Yanvarın 7-də baş tutan görüşdə icra başçısı öz adamlarını yığıb, otağa doldurmuşdu ki, onu tərifləsinlər. Biz də aksiya vasitəsi ilə dərdimizi Fuad Nəcəfliyə çatdıra bildik. Lakin, gözləntimizin əksinə oldu. Rüşvət və özbaşınalıq daha da artıb. Rayonda işsizlik baş alıb, gedir. İş yerləri rüşvətlə satılır. Təhsil, səhiyyə, mədəniyyət sahəsində rüşvət qaldırılıb. Soruşanda deyirlər ki, icra hakimi tası qaldırıb, pullar hamısı ona çatır“. Yerli sakinlər bildirir ki, Fuad Nəcəfli ilə görüşşdən sonra kəndlərdəki icra nümayəndəliyi vəzifəsinin qiyməti iki dəfə qaldırıldığından, heç kim bu vəzifəyə yaxın getmir: „Bəzi kəndlər icra nümayəndəsiz qalıb. Çünki, boş qalmış yerlər üçün qiymət 15 min manata qaldırılıb. Üstəlik, bu vəzifədə olan şəxs hər ay icra başçısın „xərac“ da verməlidir. Ona görə də heç kim bu vəzifəyə yaxın durmur. Tək bu deyil, hər sahədə rüşvətin qiyməti qaldırılıb. Arayış almaqdan tutmuş, işə düzəlmək üçün tələb olunan rüşvətə, xəstəxanalara kimi. Əvvəl daha az alırdılar. Ya bu işlərdə yeni nümayəndə Fuad Nəcəflinin öz əli var, yəni onun tapşırığı ilə rüşvət qaldırılıb, ya da o dərəcədə zəif kadrdır ki, onun sözünü eşidən yoxdur. Bütün hallarda bu məsələyə prezident özü əncam çəkməlidir“. Məsələyə münasibət öyrənmək üçü Şərur rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı. Rayon sakinlərinin iddiaları ilə bağlı, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |