Əsas Səhifə > Cəmiyyət, Manşet > Ramiz Rzayevin yerinə kim gətirilir: KİM DAHA ŞANSLIDIR?
Ramiz Rzayevin yerinə kim gətirilir: KİM DAHA ŞANSLIDIR?14-03-2023, 11:04 |
2023-cü il mart ayının 6-da Ali Məhkəmədə tədbir keçirildi və ali məhkəmə orqanına 18 rəhbərlik edən Ramiz Rzayev tutduğu vəzifə ilə vidalaşmalı oldu. Bu ilin əvvəlindən etibarən yerli mətbu orqanlarında onun səlahiyyət müddətinin başa çatdığı və tezliklə Ali Məhkəmənin sədri postundan gedəcəyi ilə bağlı məlumatlar tirajlanırdı. R.Rzayevin vəzifədən gedəcəyi təqdirdə Ali Məhkəmənin sədri vəzifəsinə ən iddialı namizədlərin adları da işıq üzü görməyə başladı. Söhbət Milli Məclisin I vitse-spikeri Əli Hüseynli və Ali Məhkəmə sədrinin I müavini Çingiz Əsgərovdan gedir. Bəs, hakimiyyətdə hər iki namizədi dəstəkləyən kimlərdir? Azsiyaset.com hər iki namizədin hakimiyyətdəki hansı iri ranqlı məmurlar tərəfindən dəstəkləndiyi ilə bağlı qısa araşdırma aparıb. Məlum olub ki, həm Ə.Hüseynli, həm də Ç.Əsgərov hakimiyyətdəki köhnə komandanın iri ranqlı və yaşlı məmurlar tərəfindən dəstəklənir. Bu məmurlar 2019-cu ildən ölkədə aparılan islahatlardan kənarda qalmağı bacarsalar da, yaxın gələcəkdə onların da vəzifədən gedəcəyi gözlənilir. Bu o deməkdir ki, köhnə komandanın dəstəklədiyi hər hansı namizəd Ali Məhkəmənin sədri postuna gətirilsə, nəticə uğurlu olmayacaq və məhkəmə-hüquq sistemində heç bir islahat aparılmayacaq. Əslində isə Ali Məhkəmənin sədri postuna gətiriləcək namizədin seçiminə konseptual və praqmatik baxış olmalıdır. Bu baxımdan, ortaya belə bir sual çıxır: hakimiyyət ölkədə məhkəmə-hüquq sistemində islahatlar aparmaq istəyir, yoxsa yox!? Yox əgər məqsəd məhkəmə-hüquq sistemini yenidən külli miqdarda gəlirlərin axdığı yeni bazar kimi konfiqurasiya etməkdirsə, o zaman deməyə söz qalmır. Çingiz Əsgərov Prezident Administrasiyasında işləyib, Avropa Məhkəməsində Azərbaycanı təmsil edib, o, kifayət qədər savadlı, ziyalı və nümunəvi insandır. Azərbaycan reallığını nəzərə alsaq, bu posta gətiriləcəyi təqdirdə onun kimi insanın nə dərəcədə müqavimət hissinə malik olacağı, köhnə komandanın “akula”larının içərisində baş çıxarıb-çıxarmayacağı və nəticədə məhkəmə-hüquq sistemində islahatlara getmək üçün möhkəm qətiyyətə sahib olacağı dərin ümidlər yaratmır. Eləcə də Əli Hüseynli... Uzun müddət qanunvericilik sahəsində çalışan I vitse-spikerin namiədliyi Ədliyyə nazirliyinin rəhbərliyi tərəfindən dəstəklənir. Məhkəmə-hüquq sistemindəki tükürpədici neqativlər onu deməyə əsas verir ki, Ə.Hüseynli bu sahədə daha dərin problemlər yaradacaq və bu sahədə heç bir pozitiv nəticə əldə olunmayacaq. Köhnə və problemlərlə dolu sistemin irəli sürdüyü namizəd islahatlara gedə bilməz. Hesab edirik ki, Ali Məhkəmənin sədri postuna gətiriləcək şəxsə yanaşma məhkəmə-hüquq sistemində aparılmalı olan ciddi islahatlara yanaşma ilə eynilik təşkil etməlidir. Yəni, bu məsələdə fərdi maraqlar yox, ölkənin məhkəmə-hüquq sisteminin sağlamlaşdırılması maraqları önə çəkilməlidir. Düşünürük ki, bu tələbələrə cavab verən, dövlətə bağlı olan namizədlər də olmamış deyildir. Ölkənin məhkəmə-hüquq sistemində on illərdir yığılıb qalan ağır problemlər movcuddur, bu günə qədər bu sahədə baza qanunlar qəbul edilib, mühüm qərarlar verilib və ali məhkəmə orqanına rəhbərlik edəcək şəxs bu problemləri “genetik” və mikro xüsusiyyətlərinə qədər dərindən bilən şəxs olmalıdır. Yuxarıda adıçəkilən namizədlər ölkənin ənənəvi və klassik reallığından - “gələn, gedənin atasına rəhmət oxutdurur” prinsipindən kənara çıxa bilməyəcklər. Azsiyaset.com Geri qayıt |