Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvanda yüzlərlə fəhlə İŞİ DAYANDIRDI: TƏTİL QƏRARI...

Naxçıvanda yüzlərlə fəhlə İŞİ DAYANDIRDI: TƏTİL QƏRARI...


15-03-2023, 11:13
Naxçıvanda yüzlərlə fəhlə İŞİ DAYANDIRDI: TƏTİL QƏRARI...
Naxçıvanda "Arkoz Holdinq"ə məxsus fabrik və zavodlarda çalışan yüzlərlə fəhlə dünəndən etibarən tətilə başlayıb. Bura Daş Məhsulları Sənaye Kompleksi, Bellissa Mebel Fabriki, Plastik Məhsulları İstehsalı və digər müəssisələr daxildir. Fəhlələr üç aydır maaşlarının verilməməsinə etiraz edirlər. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a tətilə qoşulan fəhlələr məlumat verib. Onlar bildirir ki, problemlə bağlı rəhbərliyə dəfələrlə müraciət etsələr də heç bir nəticəsi olmayıb.
Adıçəkilən holdingin əvvəlki adı „Gəmiqaya“ olub və Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymurun nəzarətində olub. Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra şirkətin adı "Arkoz Holdinq"lə əvəzlənib və türkiyəli işadamı Emin Uçar bura rəhbər gətirilib.
Tətilçilərdən Naib Məmmədov deyir ki, üç ay ərzində xeyli borca düşüblər və bu etiraz aksiyasını keçirməkdən başqa çıxış yolu görməyiblər:
“Əvvəl də maaşlarımız gecikib. Ancaq, ilk dəfədir ki, 3 aydır maaşlarımızı ala bilmirik. Dəfələrlə rəhbərliyə şikayət etsək də əhəmiyyət verən olmayıb. Nəhayət son çarə olaraq bütün işçilər sözü bir yerə qoyaraq işələməkdən imtina etdik. Maaşlarımız verilmədikcə işləməyəcəyik”.
Digər tətilçi Şahin Qurbanov deyir ki, tətili dayandırmaq üçün rəhbərlik onlara təzyiq edib, hədələyir:
„Bizi işdən çıxarmaqla, həbslə hədələyirlə. Öldürsələr də, maaşımızı almayınca işə çıxmayacağıq. Qabaqdan bayram gəlir, borc boğaza yığışıb. Uşaqların üzünə baxa bilmirik. Özləri milyonları talayıb, rahat evlərində oturublar. Biz bayrama bir kilo düyünü necə alacağımızın dərdini çəkirik“.
Fəhlələrin kütləvi tətil etməsini „Arkoz Holdinq“dən də təsdiq etdilər. Holdingin adının çəkilməsini istəməyən əməkdaşı „Gündəlik Naxçıva“a bildirib ki, rəhbərlik problemin tezliklə həll olunmasına çalışır:
“Maaşların 3 aydır verilməməsinə görə, işçilər işləməkdən imtina ediblər. Yoxlamalar oldu, müəyyən maliyyə problemləri var. Hələlik bu problemləri həll etməyə çalışırıq. Tətillə bağlı bu gün holdinqin rəhbərliyi işçilərlə danışıb. İşi davam etdirməyi tələb edib, yaxın günlərdə maaşların ödəniləcəyinə söy verib. Lakin işçilər israrla maaşları verilməyənə qədər işə çıxmayacaqlarını bildiriblər ”.

Geri qayıt